Ötən il Meydan TV-yə üz tutan şəxslərin problemlərinin həllinə çalışıldı
2019-cu ildə Meydan TV-yə üz tutanlar arasında bölgədə yaşayanlar çoxluq təşkil etdi. Sosial problemlərini gün işığına çıxarmaq istəyənlər arasında dərdinə çarə tapılanlar az olmadı. İmkansız ailələrə xeyirxah insanlardan dəstək gəldi, həmçinin bəzi əlaqədar qurumlar problemləri həll etməyə qalxdılar…
İcra başçısı: “Hər ailə pambıqdan evinə 100 manat aparır”
Bir neçə ildir ki, pambıqçılıq hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.
Bu il İlham Əliyev Ağcabədi rayonundakı pambıq sahələrindən birinə getmişdi. Prezidentin “adambaşına orta hesabla nə qədər pambıq yığırsınız?” sualına pambıqçılar “gündə 110-120 kiloqram” cavabını vermişdilər. Bu zaman İlham Əliyev onların gündəlik qazanclarını xəbər almışdı. Pambıqçılardan öncə Ağcabədinin icra başçısı Şahin Məmmədov hər pambıqçının günə 24 manat gəlir götürdüyünü söyləmişdi. Əlavə etmişdi ki, bir evdən tarlaya beş adam çıxırsa, hərəsi 100 kiloqram yığsa, axşam evlərinə 100 manat pul aparırlar. İlham Əliyev bunun çox yaxşı olduğunu söyləmişdi.
Kürdəmirdə yaşayan, 53 yaşlı pambıqçı
Püstə Orucova Meydan TV
vasitəsilə Prezident İlham Əliyevə və icra başçısına cavab verdi. Dedi ki, mövsümdə günü 7-8 manatdan işləyirlər, qışda isə yeməyə çörək tapmırlar:
“Onların dediyi qədər qazansaydım, qışda acından ölməzdim”.
“Kəmaləddin Heydərov təsərrüfatımızı əlimizdən almağa çalışır”
İmişlinin Sarıxanlı kəndinin sakinləri
Meydan TV
-yə müraciət edərək demişdi ki, Fövqəladə hallar naziri rayon rəhbərliyi ilə razılaşıb, fermerlərin 15 illik icarəyə götürdükləri örüş sahələrini əllərindən almaq istəyir. Kəndlilər bildirirdilər ki, görünür, varlarına var qatmaq niyyətindədirlər. Sadə kəndlini pis vəziyyətdə qoyurlar.
Meydan TV bu barədə yazandan sonra kəndlilər bildirdilər ki, bütün proses dayanıb, hələlik, onları narahat edən yoxdur. Ancaq gələcəkdə nə olacağını bilmirlər.
Heydər Əliyev Fondundan reaksiya
39 yaşlı
Nazilə Musayeva Meydan TV
-yə müsahibəsində həm onkoloji xəstəlikdən, həm “Hepatit C” virusundan əziyyət çəkdiyini, gözünün birinin isə görmədiyini söyləmişdi. Bunlara baxmayaraq, dövlətdən bir qəpik də almadığını, xəstəliyinin irəlilədiyini və uşağına baxa bilmədiyini demişdi.
Yazı Meydan TV-də çıxandan sonra Heydər Əliyev Fondu Nazilə Musayevanın müalicəsini öz üzərinə götürdü. Onu Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat etdirdilər. Eyni zamanda, qadına aylıq müavinət kəsildi.
10 nəfər işinə yenidən bərpa edildi
İmişli Rayon Kommunal İstismar İdarəsində çalışan 10 nəfər bu il işsiz qalmışdı. Bu barədə
Meydan TV
-yə müraciət edən vətəndaşlar yeganə gəlir mənbələrinin əllərindən alındığı üçün üzgün olduqlarını söyləmişdilər.
Yazı Meydan TV-də çıxandan sonra İmişli Rayon İcra Hakimiyyətindən işçilərə zəng edib, çağırıblar. Onlarla daha bir illik müqavilə bağlayıblar.
Pambıq Zavodunun tozu-dumanı aradan götürüldü
İmişlinin Muğan küçəsinin sakinləri
Meydan TV
-yə müraciət edərək, Pambıq Zavodunun toz-dumanından həyətlərində otura bilmədiklərini söyləmişdilər.
“Guya pambığı torpaqdan ayırırlar. Bu zaman görünür, filterlərdən istifadə etmirlər. Nəticədə həmin toz-torpağın hamısı havaya buraxılır. Ordan da bizim həyətlərimizə, evlərimizin içinə, çiyərlərimizə. Neçə ildir əziyyət çəkirik. Dəfələrlə icra hakimiyyətinə, zavodun özünə müraciət etmişik, xeyri olmayıb".
Problem Meydan TV-də dərc ediləndən sonra İmişli Rayon İcra Hakimiyyəti problemi həll etmək üçün zavod rəhbərliyinə müraciət edib. Sonradan sakinlər dedilər ki, artıq zavod filterləri işə salıb və toz-torpaqdan canları qurtarıb.
Vətəndaş dəstəyi
"İş yerindən ixtisara düşdüm. İndi iş tapa bilmirəm. Yoldaşım da gündəlik 3 manata işləyir. Kirayə pulumuz aya 70 manatdır. O 70 manatı düzəldib, kənara atmayanadək gözümüzə yuxu getmir”.
Ucarın Rəstəcə kəndinin sakini
Aybəniz Cahangirova Meydan TV
-yə belə demişdi. Xanım ailəsinin çox ağır şəraitdə yaşadığını söyləyirdi.
“Kirayə pulunu ki, düzəldib kənara atmıram ha, baxın, onda uşaqlar yemək, çay istəyəndə də əsəbi oluram. 4 uşaqdı, yemək istəyirlər. O gün babalarına zəng etdim ki, daha dözə bilmirəm. Bizə 2 çörək göndərin. Valideynlərimin pensiyasına göz dikmişəm, həm övlad, həm də valideyn kimi utanıram”.
Material Meydan TV-də gedəndən sonra imkanlı insanlar ailəyə kömək etdilər.
İmkansız ailələrə dəstək
Yardımlının Mirimli kəndinin sakini
Səxavət Ağayev Meydan TV
-yə imkansızlıqdan, övladlarını saxlaya bilmədiyindən şikayət etmişdi.
Meydan TV-nin yazısından sonra Yardımlının icra başçısı Ayaz Əsgərov 5 uşaq atası Səxavət Ağayevi qəbul edib. Ona təsərrüfatının inkişafı üçün 2 inək verib.
Ağdaşın Qaradağlı kəndinin sakini
Qumru Rəsulova
da oxşar şikayətlə Meydan TV-yə müraciət etmişdi.
Meydan TV-nin yazısından sonra ixtisasca həkim olduğunu deyən bir nəfər qadın ailəni tapıb. Nənə Mirvari Sadıqova ilə görüşüb, ona çoxlu ərzaq, xəstə nəvəsinə geyimlər gətirib, maddi dəstək olub. Həkim uşağın müalicəsi ilə məşğul olacağına da söz verib. Şamaxının Şəhriyar qəsəbəsində yaşayan
Əminə Səfərova
da imkansızlıqdan şikayətçi idi. Meydan TV-nin yazısından sonra bir nəfər Əminə Səfərovanı xəstəxanada taparaq yardım çatdırmışdı.
Göyçayın Türkmən kəndinin sakini
Fəxriyyə Fətullayeva
da ağır sosial vəziyyətdən şikayətlənmişdi. Qadının həm də aliment problemi var idi. Meydan TV-nin yazısından sonra polis rəisi zəng vuraraq onu qəbul etmişdi. Məhkəmə icraçıları aliment məsələsini həll etmək üçün vaxt istəmişdi. ŞBir nəfər yazıdan sonra Fəxriyyə Fətullayevaya 50 manat pul göndərmişdi.
Göyçay (Kürdşaban kəndi), Elvin Məmmədov
Salyandan olan müəllimə
Aytən Məmmədova
müraciət edərək dərs saatlarının azaldıldığından şikayət etmişdi.
Bu yazıya görə böyük qalmaqal yaşandı. Meydan TV-nin yazısından sonra Arbatan kənd məktəbində Aytən Məmmədovanın dərs saatlarını artırdılar.
Evsiz vətəndaşın problemi necə həll edildi?
Ağsu sakini
Zakir Allahverdiyev Meydan TV
-yə müraciət edərək prezidentin sərəncamına əməl etmədiklərini, evlərinin başına uçduğu halda, onları yeni evlə təmin etmədiklərini söyləmişdi. Onun evi zəlzələdən sonra yaşanmaz hala düşmüşdü, ancaq aidiyyatı qurumlar şikayətlərinə baxmırdılar.
Material Meydan TV-də gedəndən sonra Laçından olan deputat Mahir Abbasov şikayətçiyə zəng edib. Ona “marta kimi “Ümid” qəsəbəsində ev tikilir və ilk bina təhvil verilən kimi sizi ora köçürəcəyik” deyib. Deputat artıq sənədləşmə işinin başlandığını da söyləyib.
Zirzəmidə yaşayan ailə
Zirzəmidə 20 ildən çox yaşayan, özü qan, övladları müxtəlif xəstəlikdən əziyyət çəkən
İlhamə Kərimova
nın problemi Meydan TV-də gedən kimi həll olunub. Ailəni “Qobu Park” Yaşayış Maasivində 4 otaqlı mənzillə təmin ediblər.
Xırdalanın çökmüş yolları
Xırdalan
da bərbad yollardan bezmiş insanlar hara müraciət etsə də, onlara məhəl qoyan olmurdu. Onların şikayəti Meydan TV-də işıqlandırılandan sonra nəinki əsas küçələrə, eləcə də ara məhəllələrin yollarına asfalt çəkildi.
Xırdalanda zirzəmidə yaşayan, astma və ürək xəstəsi olan uşaqlar, eləcə də onların müxtəlif xəstəlikdən əziyyət çəkən valideynləri dəfələrlə ev üçün müraciət etmişdilər. Ancaq onların şikayətinə baxılmırdı. İllərdir yağışın altında gecələməli olublar. Hətta yatarkən yorğanın üstünə sellofan çəkiblər ki, islanmasınlar. Problem işıqlandıqdan sonra
Ağdam Rayon İcra Hakimiyyəti
başçısı Abşeron rayon icra başçısı ilə əlaqə saxlayıb və bu ailəyə köməklik olunması qərarına gəlinib. Ailə bütün sənədləri icra hakimiyyətinə təqdim edib. Onlara yanvarda evlə təmin olunacaqları bildirilib.
Daha bir neçə şikayətçi də Meydan TV-yə üz tutandan sonra problemlərinin həll olunduğunu deyir.
Şamaxı şəhər sakini Şəhla Veyisova əqli qüsurlu iki övladına- hər ikisinə də ikinci qrup əlillik dərəcəsi alıb.
– Ağsu rayonu, Kalağaylı kənd sakini Malik Mehdiyev ikinci qrup əllilik dərəcəsi alıb.
– Ağsu rayonu, Kalağaylı kənd sakini İbadət Qəmbərova Aydın qızının yanan evi yenidən tikilib.
– Uçulub-tökülən Siyov kənd tam orta məktəbi üçün yeni bina inşa edilib.
– Göyçay şəhər sakini Nurlan Məmmədov Məşğulluq Mərkəzi tərəfindən kommunal təsərrüfat birliyində işlə təmin olunub.
– Ağsu rayon sakini Murad Soltanovun evi tikilərək, təhvil verilib.
Meydan TV 2020-ci ildə də vətəndaşların şikayətlərini işıqlandırmağa davam edəcək.