Rusiya pasportu ilə Antarktidaya avtostopla gedən azərbaycanlı bloqer Ermənistana buraxılmayıb

Rusiya vətəndaşı olan azərbaycanlı bloqer Rüstəm Şükürov Moskvadan Antarktidaya cəmi 100 dollar büdcə ilə səyahət edərkən Ermənistan sərhədində ölkəyə girişinə icazə verilmədiyini bildirib.

OC Media yazır ki, hadisə Rusiya vətəndaşlığı olan azərbaycanlıların Ermənistana səfərləri fonunda diqqət çəkib.

Əvvəllər də azərbaycanlıların Ermənistana girişinə icazə verildiyi hallar olub. Bununla belə, idman yarışları və buna bənzər tədbirlər istisna olmaqla, ermənilərin Azərbaycana buraxılması ilə bağlı çox az sayda hal qeydə alınıb.

2026-cı ilin fevralında Ermənistanda doğulan, lakin 1989-cu ildə yaşadıqları kəndi tərk etməyə məcbur qalan Rövşən və İlham Əhmədov qardaşları Yerevana, Gümriyə və Şirak bölgəsində yerləşən ata-baba yurdları Amasiya kəndinə səfər ediblər.

Rusiya vətəndaşlığı olan qardaşlar bundan əvvəl də, 2013 və 2014-cü illərdə Ermənistanda olublar. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) onların ölkəyə Baqrataşen sərhəd-keçid məntəqəsindən şəxsi səfər məqsədilə daxil olduqlarını təsdiqləyib.

Əhmədov qardaşlarının Ermənistana problemsiz səfər etməsi Rusiya pasportu daşımasına baxmayaraq, ölkəyə buraxılmadığını deyən Şükürovun yaşadıqlarından fərqlənir.

Rüstəm Şükürov dostları ilə birlikdə sentyabrın 20-də yola çıxıb. Onlar səfərlərini avtostopla, yəni yoldan keçən avtomobillərlə həyata keçiriblər. Şükürovun sözlərinə görə, Ermənistan sərhədinə qədər heç bir pul xərcləmədən çata biliblər, lakin onun ölkəyə girişinə icazə verilməyib. Bloqer hadisə ilə bağlı Instagram səhifəsində paylaşdığı videoda ətraflı məlumat verib. Video bir milyondan çox baxış toplayıb.

OC Media ilə söhbətində Şükürov bildirib ki, Ermənistana səfər etmək onun əsas məqsədi olmayıb. Ölkə sadəcə daha uzun səyahət marşrutunun bir hissəsi idi.

“Ermənistan ümumi səyahət marşrutumuzun bir hissəsi idi. Planımız oradan İrana, daha sonra isə Afrikaya getmək idi. Bu səfərə dostumla birlikdə çıxmışam. Bu, bizim ikinci böyük səyahət layihəmizdir. İlk dəfə Rusiyadan Baliyə qədər bütün yolu avtostopla getmişdik”.

Bloqer səyahət zamanı qarşılaşdıqları hadisələri sosial şəbəkələrdə izləyiciləri ilə bölüşdüklərini deyib.

“Bütün macəralarımızı bloqumda paylaşıram. Əsas məqsədimiz səyahətimizi sosial şəbəkələrdə bizi izləyən insanlara göstərməkdir. Yol boyu necə hərəkət etdiyimizi, necə dolandığımızı, necə pul qazandığımızı və cəmi 100 dollarla bu qədər uzun məsafə qət etməyə çalışdığımızı göstəririk. Heç nəyi əvvəlcədən planlaşdırmırıq. Hər şey yol boyunca öz-özünə baş verir”, – deyə o bildirib.

Ermənistan sərhədində baş verənləri xatırlayan Şükürovun sözlərinə görə, sərhədçi sənədlərini yoxladıqdan sonra növbə rəisini çağırıb.

“Məni ayrıca otağa apardılar. Orada növbə rəisi mənə suallar verdi və telefonla təhlükəsizlik xidmətinin əməkdaşları ilə əlaqə saxladı. Ölkəyə niyə buraxılmadığımın konkret səbəbini demədilər. Amma sərhədçi izah etdi ki, Rusiya və ya Gürcüstan pasportu olan azərbaycanlılar adətən Ermənistana problemsiz daxil ola bilirlər. Azərbaycan pasportu olan şəxslər isə iki ölkə arasında diplomatik münasibətlər olmadığı üçün ölkəyə buraxılmırlar”.

Şükürov bildirib ki, onunla birlikdə səyahət edən dostları Ermənistan sərhədini heç bir çətinliklə üzləşmədən keçiblər.

“Dostlarım, o cümlədən Rusiya vətəndaşı olan və bloqerliklə məşğul olan dostumu Ermənistana problemsiz buraxıldılar. Düşünürəm ki, mənim ölkəyə buraxılmamağımın əsas səbəbi Azərbaycan vətəndaşı olduğumu düşünmələri idi. Bununla belə, bloqer kimi fəaliyyətimin də qərara təsir etmiş ola biləcəyini istisna etmirəm”, – deyə o bildirib.

Şükürov vurğulayıb ki, yalnız Rusiya vətəndaşlığı var. O, Rusiyada doğulub böyüdüyünü və heç vaxt Azərbaycan vətəndaşlığına, yaxud Azərbaycan pasportuna sahib olmadığını deyib.

Ermənistana girişinə icazə verilmədikdən sonra Şükürov Gürcüstana qayıtmalı olub. Ona ölkəyə buraxılmadığını təsdiqləyən rəsmi sənəd də təqdim edilib.

Bloqerin sözlərinə görə, Ermənistan tərəfinin nümayəndələri onu İrana aparmağı təklif ediblər. Lakin bunun yalnız onların nəzarəti altında mümkün olduğunu bildiriblər.

Şükürov hesab edir ki, Ermənistanla Azərbaycan arasındakı gərgin münasibətlər başqa ölkələrə səyahət edən insanların həyatına təsir etməməlidir.

O bildirib ki, səfərdən əvvəl bəzi şəxslər təhlükəsizliyi üçün Ermənistanda özünü rus və ya Dağıstandan olan biri kimi təqdim etməyi məsləhət görüblər. Şükürovun fikrincə, Azərbaycana səfər edən ermənilər də, xüsusilə təkbaşına səyahət edənlər, oxşar narahatlıqlarla üzləşə bilərlər.

Bloqer yaxşı münasibətdə olduğu bir neçə erməni tanışının da olduğunu deyib.

“Erməni dostlarımın olmasında heç bir qəbahət görmürəm. Əgər kiminləsə ortaq dil tapa bilirəmsə və yaxşı münasibət qura bilirəmsə, həmin şəxsin milliyyətinin mənim üçün heç bir fərqi yoxdur”.

Şükürov OC Media-ya bildirib ki, səyahətinin əsas məqsədi yeni insanlarla tanış olmaq, fərqli ölkələri kəşf etmək və sərhədin müxtəlif tərəflərində yaşayan insanların əslində bir-birinə nə qədər bənzədiyini göstərməkdir.

“Mən Ermənistana siyasi səbəblərlə, kimisə təhrik etmək və ya hər hansı münaqişəni gündəmə gətirmək üçün getmirdim. Sadəcə səyahət edirdim və ölkəni görmək istəyirdim. Hesab edirəm ki, sadə insanlar bir-birinə düşmən olmamalıdırlar”.

Onun sözlərinə görə, səyahət layihəsinin əsas ideyalarından biri də insanları birləşdirən dəyərləri göstərməkdir.

“Layihəmizin əsas məqsədlərindən biri dünyanı gəzmək, müxtəlif insanlarla tanış olmaq və xeyirxahlığın, dostluğun, qarşılıqlı hörmətin milliyyət tanımadığını göstərməkdir”.

Ermənistan sərhəd xidməti hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Bu yazı ingilis dilindən tərcümə edilib. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifə ▸ Sosial ▸ Rusiya pasportu ilə Antarktidaya avtostopla gedən azərbaycanlı bloqer Ermənistana buraxılmayıb