Qumru Rəsulova və övladı

Mənbə: Foto: Meydan tv

Başlıq: Qumru Rəsulova və övladı

"Uşaqları məktəbə göndərməyə ayaqqabı yoxdur"

Övladlarını atan atanın aliment ödəmədiyi deyilir

Ağdaşın Qaradağlı kəndində yaşayan Qumru Rəsulovanın iki övladından heç biri yanında deyil. Oğlu Yusif başında şiş əmələ gəldiyindən nənəsi ilə xəstəxanada yatır. Qumru qızı Zəhranı isə saxlamaq üçün bacısına verməli olub.

“Uşağı müalicə etmək üçün kredit götürmüşəm”

Qumru Rəsulova deyir ki, həyat yoldaşı onları tərk edib başqa qadınla yaşayır. Aliment ödənməməsinə görə dəfələrlə məhkəmə icraçılarına, polisə müraciət edib, heç bir faydası olmayıb.

“Həyat yoldaşım uşaqlara baxmır. Şikayətə getdiyim yerlərdə də yola verirlər, kömək eləmirlər. Əlim heç yerə çatmır”, - Qumru belə deyir.

Qadının Qaradağlı kəndində yaşadığı ev həyat yoldaşından qalıb. Onsuz da şəraitsizdir, heç kim yaşamaq istəmir. Kommunal borclara görə qazı kəsiblər. Qumru deyir ki, işığı da kəsmişdilər, hətta bir müddət kənar xətdən istifadə etməli olub.

“Bu vəziyyətdə heç kim yaşamaz. Hər şeydən bezmişəm. Uşaqlarıma baxa bilmirəm. Marketdə işləyirəm, cəmi 150 manat maaş alıram. Bu pula yaşamaq mümkün deyil. İnanın, uşağı müalicə etmək üçün kredit götürmüşəm. Maaşın çox hissəsi buna gedir. Uşaqlarımı gətirib yanımda saxlaya da bilmirəm”, - qadın bildirir.

“Ondan-bundan pul diləndim”

Yusifin problemləri ortaya çıxıb. Nənəsi Mirvari xanım deyir ki, bir gecənin içində uşağın gözləri çəpləşib: “Əvvəlcə Mingəçevirə apardıq, dedilər, kəllə daxilində şiş var. Bakıya üz tutduq. Gəzmədiyim qapı qalmadı. Ondan-bundan pul diləndim. Bakıya o cür apardıq uşağı. Orda dedilər ki, şiş deyil, xaldı. Bizi sakitləşdirirdilər. Halbuki uşağın gözləri görmürdü. İndi gözünün biri görmür, o biri də torlu”.

Mirvari xanım nəvəsinin müalicəsinin düzgün aparılmadığını, dəqiq diaqnoz qoyulmadığını düşünür. Ayrı-ayrı xəstəxanaları gəzirlər, bu isə uşağın vəziyyətini yalnız ağırlaşdırır. Zaman Yusifin zərərinə işləyir.

Mirvari Rəsulova

Mirvari Rəsulova

Mənbə: Foto: Meydan tv

“Heç bir həkim məsuliyyəti üzərinə götürmür. Əməliyyata onsuz da maddi gücümüz çatmır. Üstəlik, heç zəmanət də vermirlər. Deyirlər, üç-dörd ilə yavaş-yavaş düzələcək. Bu sözə də inanmaq olmur”, - Mirvari xanım belə deyir.

“Uşaqları məktəbə göndərməyə ayaqqabı yoxdu”

Mirvari xanım danışır ki, əslində, Ağdaşın Gürcüva kəndində evləri var, amma həyat yoldaşının qorxusundan gəlib Qaradağlıda qızı ilə birlikdə qalır. Çox ağır şərtlər altında yaşadıqlarını deyir. Evə Qumrunun aldığı 150 manat maaşdan başqa pul gəlmir.

“Yumurta yeməkdən birtəhər olmuşuq. Yaman gündəyik. Uşağa dərman almağa pulumuz yoxdu. Səsimizi eşitsinlər”, - Mirvari xanım deyir.

Qadın təssüflənir ki, qızının taleyi gətirmədi. Halbuki əmisi oğlu ilə evlənmişdi. “Məcnun kimi istəyirdi onu. Amma atıb getdi”, - bunu da Mirvari xanımdan eşidirik.

Mirvari deyir ki, heç olmasa, alimenti alsaydılar, acından ölməzdilər. Ayda 160 manat ödənməlidir.

Yusifin 7 yaşı tamam olub, sentyabrda birinci sinfə getməliydi. Xəstəlik uşağa göz açmağa imkan vermir. Zəhra isə imkansızlıqdan məktəbə gedə bilmir.

“Uşaqları məktəbə göndərməyə ayaqqabı yoxdu...”, - bunu sağollaşanda nənədən eşidirik...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s8rnxe

Ən çox baxılan