Üzeyr Cəfərov: ”Yaxın 3-6 ay ərzində qarşı tərəfə ərazilərimizdən çıxmaq üçün vaxt verilməlidir”
Hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyinin qərarını Meydan TV-yə şərh edərkən bildirib ki, beynəlxalq birliyin, ATƏT-in sədrinin, BMT-nin baş katibinin rəsmi Bakıya müraciətləri baxımından qərarı normal qiymətləndirmək olar: “Azərbaycanın qərarını beynəlxalq hüquq normalarına hörmət kimi qəbul etmək lazımdır. Ancaq nəzərə alın ki, BMT öz qərarlarına hörmət qoymayıb, məlum 4 qətnamə hələ kağız üzərindədir: “Ona görə nazirliyin qərarında qeyd olunub ki, qarşı tərəf hörmətsizlik etsə, əsgərlərə verilən “vur” əmri gerçəkləşəcək. Mənim şəxsi qənaətimə gəlincə, hesab edirəm ki, biz indiyə qədər dözüm nümayiş etdirdiyimizdən prosesi davam etdirmək lazım idi. Çünki düşmən panik vəziyyətdəydi. Sadəcə, beynəlxalq qurumlar durumun ciddiyini anlayıb Ermənistanı təxribatçı fəaliyyətindən çəkindirmək üçün şans əldə edirlər. Bununla Minsk qrupu həmsədrləri sabah Vyana toplantısında İrəvana 1 şans vermək niyyətindədirlər. Ona görə Azərbaycan həmsədrlər qarşısında vaxt məsələsini qoymalıdır. Yəni işğalçı 3 ay ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini və reallığı nəzərə almayıb, işğal altındakı əraziləri boşaltmasa, Bakı bu istiqamətdə qərar qəbul etmək missiyasını üzərinə götürməlidir”.
Üzeyr Cəfərov bundan sonra mənasız və uzun danışıqlara heç bir ehtiyacın olmadığını düşünür: “Yaxın 3-6 ay ərzində qarşı tərəfə ərazilərimizdən çıxmaq vaxtı verilməlidir. Qarşı tərəf Azərbaycanın bir neçə gündə bir neçə yüksəkliyi və yaşayış məntəqəsini azad etmək qüdrətində olduğunu gördü”.
“Avtoritar, diktatura rejimlərində belə olur, hakimiyyətin başında dayananlar hər hansı strateji məqsəd və əsas olmadan müharibəyə başlayar, istədiyi zaman bitirərlər, bu zaman xalqa heç bir hesabat da verməzlər”.
Bunu isə hərbi sahə üzrə ekspert Cəsur Sümərinli Azərbaycan tərəfin atəşkəs elan etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin bəyan etdiyi “azad olunmuş ərazilər” Azərbaycan Silahlı Qüvvələrinə döyüş meydanında hər hansı üstünlük yaratmır: “Çünki həmin ərazilərə nəzarət edən ərazilər erməni işğalçılarının əlindədir. Böyük ehtimalla ermənilər bu gündən etibarən hər gün oradakı Azərbaycan mövqelərini atəşə tutacaqlar. Və beləliklə, cəbhə xəttindən hər gün əsgər ölümü xəbərlərinin gəlməsi mümkündür. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları dayandırması çox uğursuz, səhv bir addımdır. Bu, ona dəlalət edir ki, hərbi əməliyyatların başlanması barədə qərar da səhv olub. Bununla bağlı günahı olanlar məsuliyyətə cəlb olunmalıdırlar”.
Cəsur Sümərinlinin fikrincə, əməliyyatın dayandırılması həm də ona görə səhv qərardır ki, bundan sonra ermənilər cəbhə xəttini Rusiyanın dəstəyi ilə 10 qat gücləndirəcəklər: “Bu zaman Azərbaycan tərəfinin hər hansı uğur əldə etməsi çox çətin olacaq. Necə deyərlər, Azərbaycan tərəfi bu əməliyyatlarla düşməni ayıltdı.
Düşməni ayıltmaq, gələcək hərbi əməliyyatların uğurunu kölgə altına salmaq kimə lazım idi? Bax bu suala aydınlıq gətirilməlidir”.