11 noyabr 2026-cı ildə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Ermənistan və ABŞ arasında Beynəlxalq Sülh və Rifah naminə “Tramp Marşrutu”na dair Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Qanun bir neçə gün əvvəl parlament tərəfindən də ratifikasiya edilmişdi. Bu qanun Ermənistan ilə ABŞ arasında TRIPP layihəsinin tətbiqi ilə bağlıdır.
Bu günlərdə Prezident İlham Əliyev Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında bildirib ki, Zəngəzur dəhlizi (Azərbaycan ictimaiyyətində bu yol daha çox Zəngəzur dəhlizi adlandırılır) də bu kənddən keçəcək və bu kənddə böyük inkişaf gözlənilir. Deputat Bəhruz Məhərrəmov hətta iddia edib ki, Vaşinqtonun TRIPP kimi irimiqyaslı təşəbbüslərdən imtina etməsi və ya bu layihədə Azərbaycanın mərkəzi rolu ilə hesablaşmaması öz geoiqtisadi mövqelərini könüllü olaraq zəiflətməsi mənasına gələr.
Maraqlıdır ki, TRIPP marşrutu və ya Azərbaycan tərəfinin adlandırdığı şəkildə “Zəngəzur dəhlizi” uzun illər idi ki, Azərbaycan və Ermənistan arasında mübahisələrin əsas mövzularından biri idi. Tərəflər bu dəhlizin açılması şərtləri ilə bağlı xeyli müddət qızğın müzakirələr aparmışdılar. 2020-ci ildən bu günə qədər Zəngəzur dəhlizi ilə bağlı nə baş verib və tərəflər uzun müddət razılaşa bilmədikləri halda necə oldu ki, artıq hər iki tərəf bu layihəni dəstəkləyir?
10 noyabr 2020-ci il atəşkəs müqaviləsi və kommunikasiya kanallarının açılması
Zəngəzur dəhlizi mövzusu 2020-ci ilin 10 noyabr tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanan atəşkəs müqaviləsi ilə gündəmə gəldi. Müqavilənin 9-cu maddəsində qeyd olunur:
“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.”
Elə həmin gün, 10 noyabr tarixində İlham Əliyev xalqa müraciəti zamanı bu məsələyə toxunmuşdu. O, hətta iddia etmişdi ki, bu bənd onun israrı ilə müqaviləyə daxil edilib. 1 dekabr 2020-ci ildə yayımlanan müraciətində isə İlham Əliyev bildirmişdi ki, dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirəcək və dəhliz tam təhlükəsiz olacaq.
Beləliklə, Zəngəzur dəhlizi üzərində hər iki tərəfin illər sürəcək müzakirəsi bu atəşkəs müqaviləsi ilə başlamış oldu.
Zəngəzur dəhlizi problemi: Tərəflər nəyin üzərində razılaşa bilmədilər?
İlham Əliyevin 1 dekabr 2020-ci il tarixli çıxışından cəmi 4 gün sonra Ermənistan tərəfindən ilk etirazlar səsləndirilməyə başladı. Belə ki, baş nazir Nikol Paşinyan xalqa müraciəti zamanı bildirdi ki, atəşkəs müqaviləsində “koridor” sözü Laçın koridoruna aiddir. 27 dekabrda Ermənistan İctimai Televiziyasına müsahibə zamanı o, həmçinin bildirdi ki, Ermənistan üçün qırmızı xətt onun ərazi bütövlüyüdür və kommunikasiya üzərində nəzarət mövzusu sonra müzakirə ediləcək. Fevral ayının 15-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlama verərək bildirdi ki, Ermənistan ərazisindən keçən hər hansı kommunikasiya xətti Ermənistanın yurisdiksiyası və suverenliyi altında olacaq.
Azərbaycan tərəfi Azərbaycanın əsas ərazisini Naxçıvana birləşdirən yolun Ermənistan tərəfində gömrük yoxlaması olmadan keçməsində israr edirdi. 21 dekabr 2021-ci ildə NATO baş katibi ilə birlikdə verdiyi mətbuat konfransında İlham Əliyev bu yol üzərində heç bir Ermənistan gömrük nəzarətinin olmamasını tələb kimi göstərmişdi. Buna səbəb olaraq o, Laçın koridorunu nümunə çəkmişdi:
“Zəngəzur Koridorunun hüquqi statusu Laçın Koridorunun hüquqi statusu ilə eyni olmalıdır… Bu gün Laçın Koridorunun üzərində Azərbaycanın gömrük nəzarəti yoxdur. Ona görə də Zəngəzur dəhlizi üzərində də Ermənistanın gömrük nəzarəti olmamalıdır”.
Beləliklə, Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi probleminin kökündə dəhlizə nəzarət mövzusu durur. Azərbaycan tərəfi bu dəhlizdə Ermənistanın gömrük nəzarətinin və pasport yoxlamasının olmamasını tələb edirdi. Ermənistan tərəfi isə bunun Ermənistanın suverenliyinə zidd olduğunu iddia edərək tələbi rədd edirdi. 2025-ci ilə qədər müzakirələr bu fonda davam etdi.
Tramp administrasiyası və sülh razılığı: TRIPP Zəngəzur dəhlizini əvəzlədi
2025-ci ildə Azərbaycan Ermənistan ilə Vaşinqtonda, ABŞ-nin iştirakı ilə birgə bəyannamə imzaladı. ABŞ prezidenti Donald Trampın bir neçə ay sonra İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı söylədiklərinə görə, o, Azərbaycan və Ermənistanı ticarəti kəsməklə, tarifləri 200 faiz qaldırmaqla hədələyərək sazişi imzalamağa nail olub.
Vaşinqtonda imzalanan bəyannamənin 3-cü maddəsində bildirilirdi ki, tərəflər beynəlxalq nəqliyyatın təmin edilməsi məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq edirlər. Həmin maddənin davamında göstərilir ki, bura Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz bağlantı daxildir. Bu razılaşma nəticəsində Azərbaycan Naxçıvana maneəsiz bağlantı əldə etdi, Ermənistan isə öz ərazisi üzərində suverenliyini və yurisdiksiyasını qorumuş oldu. Bu bağlantı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi adlandırıldı.
Bir neçə gün əvvəl Ermənistan prezidentinin təsdiqlədiyi qanun da məhz bu bağlantı layihəsi olan TRIPP ilə bağlıdır.
13 yanvar 2026-cı ildə TRIPP layihəsi üzrə çərçivə sənədi imzalandı. TRIPP layihəsinin icrası üçün Ermənistan və ABŞ TRIPP İnkişaf Şirkətini yaradıblar. Bu şirkətin səhmlərinin 74 faizi ABŞ-yə, 26 faizi isə Ermənistana məxsusdur və şirkətin fəaliyyəti ilkin olaraq 49 il üçün nəzərdə tutulub.
Saziş həmçinin TRIPP layihəsinin necə idarə ediləcəyini göstərir. Belə ki, Ermənistan bütün sərhəd və gömrük məsələləri üzrə suverenliyini saxlayır. Bundan əlavə, TRIPP yolu üzərində “ön ofis” və “arxa ofis” adlandırılan ikili nəzarət sisteminin qurulması planlaşdırılır. “Ön ofis” işinin icrası üçüncü tərəf olan bir şirkətə veriləcək. Bu ofisin funksiyaları ilkin sənəd yoxlaması, koordinasiya və rüsumların toplanması kimi işləri əhatə edəcək.
“Arxa ofis” işi isə Ermənistanın dövlət nəzarətində olacaq. Bu ofis son gömrük qərarlarının qəbulunu, təhlükəsizlik yoxlamalarını, icazələrin verilməsini və s. təmin edəcək. Yəni “ön ofis” qərarvermə səlahiyyətinə malik olmayacaq. O, sadəcə, prosedurun asanlaşdırılmasına xidmət edəcək, “arxa ofis” isə qərarverici orqan olacaq.
TRIPP ilə Zəngəzur dəhlizi arasında fərq nədir?
TRIPP ilə 2020-ci ildən etibarən müzakirə edilən Zəngəzur dəhlizi arasında kiçik görünə bilən, amma əhəmiyyətli fərqlər var. Belə ki, 2020-ci il razılaşmasına görə, Zəngəzur dəhlizi adlanan yola nəzarət Rusiyaya məxsus olacaqdı. TRIPP-də isə bu nəzarət son nəticədə Ermənistan tərəfinə məxsusdur. Digər fərq isə ondadır ki, Azərbaycan tərəfi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında heç bir sərhəd və gömrük yoxlaması olmadan əlaqənin təmin edilməsi mövqeyində israr edirdi. TRIPP marşrutunda isə sərhəd və gömrük yoxlaması olacaq. Yəni Azərbaycan tərəfi əslində TRIPP razılaşması ilə əvvəlki mövqeyindən geri çəkilmiş oldu.
Azərbaycan gömrük və sərhəd yoxlamalarına etiraz edir?
Azərbaycan indiyə qədər TRIPP yolunda gömrük və sərhəd yoxlamalarının Ermənistanın nəzarətində olmasına rəsmi olaraq etiraz etməyib. Bunun səbəbləri haqqında nə mediada, nə də ekspertlər tərəfindən xüsusi araşdırma aparılmayıb. Ancaq ehtimal etmək olar ki, Azərbaycan bunu əldə etdiyi digər qazanclar qarşılığında edib. Məsələn, Azərbaycan ilə ABŞ arasında strateji anlaşma memorandumu, sonradan isə strateji əməkdaşlıq xartiyası imzalandı. Bu sənədlərdə regional bağlantı, rəqəmsal infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlıq nəzərdə tutulurdu. Vaşinqtonda imzalanan sülh bəyannaməsi ilə birlikdə (maddə 2) ATƏT-in Minsk qrupunun ləğv olunması prosesi də başladı və ilin sonunda qurum ləğv edildi. Qeyd edək ki, bu qurumun ləğv edilməsi əvvəllər də Azərbaycan tərəfindən tələb kimi səsləndirilirdi. Həmçinin ABŞ prezidenti Donald Tramp 907-ci düzəlişin tətbiqini də müvəqqəti dondurdu.
Maneəsiz keçid nə deməkdir?
“Maneəsiz keçid” ifadəsi ilə nəyin nəzərdə tutulduğu müqavilədə konkret izah edilməyib. Ancaq sərhəddə gömrük prosedurlarının olacağı dəqiqdir. Bu səbəbdən maneəsiz keçid Azərbaycan hökumətinin əvvəldən israr etdiyi kimi, Ermənistan tərəfinin yoxlaması olmadan keçid mənasına gəlmir. Bəs onda “maneəsiz” sözü ilə nə nəzərdə tutulurdu? Təxmin etmək olar ki, burada “maneəsiz” ifadəsi Azərbaycan üçün hər hansı əlavə prosedur olmadan standart sərhəd-keçid qaydalarının tətbiq edilməsini nəzərdə tutur. Azərbaycanla Ermənistan hazırda sülh müqaviləsi bağlamayıblar və aralarında hər hansı keçid məntəqəsi yoxdur. Bu səbəbdən Ermənistan tərəfi bu marşrut üzrə hər hansı əlavə prosedur tətbiq etməmək öhdəliyini götürür, Azərbaycan tərəfi də əvvəlki iddiasından geri addım atır.
Beləliklə, 2020-ci ildən başlayan, Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirən quru yolu ilə bağlı tərəflər arasındakı anlaşmazlıq, demək olar ki, bitib. Hər iki tərəf rəsmi olaraq bu layihəni dəstəkləyən açıqlamalar verir. Azərbaycan tərəfi ilkin mövqeyi olan “yoxlama olmadan Naxçıvana yol” tələbindən geri addım atıb. Bunun əvəzində ABŞ ilə strateji əməkdaşlıq xartiyası, 907-ci düzəlişin dondurulması və Naxçıvana maneəsiz çıxış imkanları əldə edib. Ermənistan da öz ərazisindən keçən bu yol üzərində tam suverenliyini və yurisdiksiyasını qorumuş oldu.