Xanım Klintonun prezident olacağı təqdirdə iki səbəb ABŞ-Azərbaycan münasibətlərinin normallaşmasına müsbət təsir edə bilər
Azərbaycanda son günlər bir neçə siyasi məhbusun azad edilməsi ilə bağlı yayılan xoş xəbərlər gündəmin əsas mövzusudur. Hökumətin bu qərarı ilə bağlı fərqli fikirlər səslənsə də, əsas vurğu prezident İlham Əliyevin ABŞ-a səfəri öncəsi son zamanlar iki ölkə arasında yaranan gərgin münasibətlərdə müəyyən dönüş yarada bilməsi fikri üzərinə qoyulur. Lakin düşünürəm ki, atılan bu addımlar yalnız səfəröncəsi yaranmış zəruri ehtiyacla deyil, eyni zamanda beynəlxalq münasibətlərdə baş verən bəzi hadisələrlə əlaqədardır.
Məhz bu həbslər nəticəsində hökumət ölkədə tam olaraq qorxu xofunu yarada bilib. Hətta, qeyd etmək olar ki, hökumətin fəaliyyəti legitimlik əsasında deyil, məhz bu xof üzərində formalaşır. Lakin ac olan əhalinin hökumətə qarşı etiraza qalxmasına mane olan bu xofun aradan qaldırılmasını sadəcə ABŞ səfəri ilə izah etmək məsələni tam izah etmir. İlkin olaraq imzalanmış əfv fərmanının elementlərini Rusiya-Suriya münasibətlərinin inkişaf tendensiyasında axtarmaq lazımdır. Rusiyanın Suriyaya qoşun yeritməsi və Rusiyaya sadiq qalan Əsəd rejiminə dəstək verməsi əslində rəsmi Moskvanın geopolitik maraqlarına xidmət etsə də, Azərbaycanda olan qeyri-demokratik rejim kimi digər rejimlərə “bizə sadiq qalsaz, dar gündə də köməyinizə biz gələrik” mesajını verirdi. Hadisələrin gedişatı Rusiya-Suriya arasındakı münasibətlərdə gərginliyin yaşanmasından xəbər verir və bu da Əliyev rejimi üçün Rusiyaya söykənən xarici siyasətində müəyyən korrektələr etmək zərurətini yaratdı.
Belə ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin təqdim etdiyi “Suriyada hakimiyyət tədricən seçki yolu ilə xalqa ötürüləcək” sülh planı rəsmi Suriya tərəfindən rədd edilib. Lakin danışıqların dalana dirəndiyi bir vaxtda məhz Rusiyanın Suriyaya bu planın qəbul edilməsi ilə bağlı təzyiqlər göztərildiyi ehtimalını yaradır. Rusiyaya məxsus ordunun Suriyadan çıxarılması bir sıra ekspertlər tərəfindən birmənalı qarşılanmasa da, Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin qoşunların çıxarılmasına və eyni zamanda Rusiya-Suriya münasibətlərindəki ziddiyyətlərə müəyyən qədər aydınlıq gətirib: “Əsədin bütün Suriya üzrə kontrolu ələ almaq planı Rusiyanın təqdim etdiyi diplomat təşəbbüslərə uyğun gəlmir”. Çurkinin fikirlərini sadə dildə ifadə etsək, Bəşər Əsədin öz hakimiyyətinin gücləndirilməsi cəhdləri artıq Rusiyanın marağına uyğun deyil. Bəşər Əsədin hakimiyyətdə qalmasının dəstəklədiyini yalnışlıqla bəyan edən Azərbaycan, böyük ehtimalla, Rusiyaya tam güvənərək, qərbə və əsasən də ABŞ-a “müharibə” elan etməyin yalnış addım olduğunu dərk edir və bu səbəbdən, hakimiyyət qərbə avtoritar rejimlərin edə biləcəyi maksimum güzəşti – ölkədəki xofu aradan qaldırmaq – etməyə çalışır.
Əfv fərmanının imzalanmasına təsir edə bilən digər səbəb ABŞ-dakı prezident seçkilərinə qədər ABŞ-Azərbaycan münasibətlərini sanksiyalaşdırmamaqdır. Obama administrasiyası özünün son aylarını yaşadığını düşünən Azərbaycan hökuməti, bütün ümidlərini seçkidən sonrakı yeni administrasiyanın yaradacağı ab-havaya bağlayıb. Respublikasıçılar tərəfindən tarixən ABŞ-ın biznes maraqları demokratik dəyərlərindən üstün tutulduğunu nəzərə alaraq, ABŞ-da prezident seçkilərində respublikaçıların qalib gələcəyi təqdirdə ABŞ-Azərbaycan münasibətlərində buzlar yenidən əriyə bilər. Xanım Klintonun prezident olacağı təqdirdə iki səbəb ABŞ-Azərbaycan münasibətlərinin normallaşmasına müsbət təsir edə bilər: 1. Hillari Klintonun Bil Klintonun həyat yoldaşı olması, 2. Xanım Klintonun İranla bağlı açıqladığı siyasəti;
Bildiyimiz kimi ABŞ-ın keçmiş prezidenti Bill Klinton Azərbaycanda ABŞ-Azərbaycan iqtisadi və biznes münasibətlərinin qurucusu kimi tanınan və BTC neft kəmərinin çəkilişinə aktiv şəkildə töhfə verən siyasi liderlərdən biridir. Hillari Klintonun hakimiyyətə gələcəyi təqdirdə hökumət tərəfindən bu kanaldan aktiv şəkildə istifadə edilməsi və bunun fonunda ABŞ siyasətində Azərbaycana qarşı müvafiq yumşalmaların olacağı ehtimalı yüksəkdir.
Digər səbəb, xanım Klintonun İrana qarşı olan və hazırkı Obama administrasiyasından fərqli olan sərt münasibətidir. Xanım Klintonun İrana qarşı sərt mövqeyi seçkiöncəsi divident qazanmağa hesablanmış olsa da, bu yanaşmaya sadiq qalacağı təqdirdə, Əliyev rejimi üçün tunelin sonunda görünən işıq effektini yaradır. ABŞ-İran münasibətlərinin kəskinləşməsi yenidən Azərbaycanın geostrateji əhəmiyətini artırır və belə olan halda bu rejimə qarşı insan hüquqlarının pozulması kontekstində müəyyən güzəştlər vəd edir.
Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, rejimin imzaladığı əfv fərmanı müvəqqəti manevrlər etməyə hesablanıb və beynəlxalq münasibətlərdəki qeyd edilən dəyişikliklər Azərbaycanda yeni həbs dalğasının başlanmasına şərait yarada bilər.