Kibercinayət nədir? 

Kibercinayətkarlıq, foto: reuters

Kompüterlər, kompüter şəbəkələri ilə əlaqəli və ya onları əhatə edən cinayətlərdir. Məqsədi kompüter sistemlərinin təhlükəsizliyinə zərər vermək və ya onlarda olan məlumat bazasını ələ keçirməkdir. 

5 növü var

Avropa Şurasının 2001-ci il “Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyasına” əsasən, bu cinayət əməlinin 5 növü bilinir. 

1. Kompüter məlumatları və sisteminin konfidensiallığını pozmaq – yəni başqalarına aid məlumatlara qeyri-qanuni giriş etmək, məlumatları ələ keçirmək;

2. Başqasına aid məlumatları ələ keçirmə və əldə edilən informasiyadan manipulyasiya vasitəsi kimi istifadə etmək;

3. Kontentlə, yəni kompüter şəbəkəsində yerləşdirilmiş məlumatların məzmunu ilə əlaqədar kibercinayətlər;

4. Müəllif hüquqlarının və əlaqədar hüquqların pozulması ilə bağlı olan cinayətlər;

5. İctimai təhlükəsizliyə təcavüzlə bağlı olan cinayətlər. Bu kateqoriyaya kiberterrorizm və terror məqsədilə kiberməkandan istifadə olunması aid edilir.

Əvvəlcə qanun qəbul edilib 

Azərbaycan Milli Məclisi 2009-cu il sentyabrın 30-da “Kibercinayətkarlıq haqqında” Konvensiyanın Təsdiq edilməsi barədə Qanun qəbul edib.

Sonra nə olub? 

Bundan 12 il sonra, 2021-ci il iyulun 18-də Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) dərc etdiyi araşdırmadan məlum olub ki, Azərbaycanda kimlərsə yox, elə hökumət özü jurnalistləri, siyasətçiləri və vətəndaş cəmiyyəti fəallarının telefonlarını qeyri-qanuni yolla  izləyib

Araşdırmalar nəticəsində məlub olub ki, hökumət bunu İsrailin kiber-izləmə qurğularını istehsal edən “NSO Group” şirkətinin “Pegasus” casus proqramından istifadə edərək edib. 

Sızdırlan şübhəli hədəflər siyahısında Azərbaycandan olan 200-dən çox şəxsin adı hallanıb.

Ümumilikdə isə “Pegasus” araşdırması 50-yə yaxın ölkədə 50.000-dən çox telefon nömrəsinin siyahıda olduğunu üzə çıxarıb. 

Araşdırma necə başlayıb? 

Araşdırma 50.000-dən çox telefon nömrəsinin “Pegasus” casus programı ilə izləndiyi şübhəsi olan siyahının sızması ilə başlayıb. 

Layihənin koordinatoru “Forbidden Stories” məlumatı araşdırmağa OCCRP, “Washington Post”, “The Guardian” və digər 13 medianı dəvət edib. Beləliklə, araşdırma üçün dünyanın 17 media təşkilatını təmsil edən 80-dən çox jurnalist bir araya gəlib.

Növbəti mərhələdə siyahıda adı olan müxtəlif ölkələrdəki yüzlərlə insan müəyyən edilib. Onlardan 67 nəfərin cihazının yoluxub-yoluxmaması ilə bağlı məhkəmə-tibbi ekspertizadan keçib. Həmin cihazlardan 37-də “Pegasus”un izləri tapılıb. 

Növbəti mərhələ – dəqiqləşdirmə

Azərbaycanda fəaliyyət göstərən müstəqil jurnalist Sevinc Abbasova (Vaqifqızı) da “Pegasus”la izlənənlər siyahısındadır. O deyir, OCCRP-nin jurnalisti ona “görüşək” deyəndə, məsələnin nə olduğunu söyləməyib. Jurnalist onunla görüşəndə ilk sözü “telefonu kənara qoy, uzaqlaşaq” olub. 

“Telefondan uzaqlaşandan sonra dedi ki, əlində Azərbaycan hökumətinin izlədiyi insanların siyahısı var və mən də onların içindəyəm. Sonra məlumatı dəqiqləşdirmək üçün telefonumu yoxlamaq istədiklərini dedi. Razılaşdım. Yoxlayanda mənə aid cihazda “Pegasus” casus programının izləri tapıldı”. 

Jurnalist deyir, əvvəl elə bilirdi ki, əgər izlənirsə, bu, kiminləsə telefonla danışanda əks-səda verəcək. Bir sözlə, səsin özünə qayıdırsa, demək, dinlənirsən. Lakin o gözləmirmiş ki, heç nə hiss etdirmədən bu izləməni aparmaq olurmuş.

“Pegasus”dan istifadə edən ölkələr:

Jurnalist araşdırması üzə çıxarıb ki, “Pegasus” proqramından Meksika, Azərbaycan, Qazaxıstan, Macarıstan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Mərakeş, Ruanda istifadə edib. Ələ keçirilmiş bazada daha çox bu ölkələrə aid nömrələr olub. 

Hədəfə kimlər alınıb? 

“NSO Group” proqramın yalnız qanuni hüquq-mühafizə orqanları üçün olduğunu, cinayətkarların və terrorçuların izinə düşmək üçün  nəzərdə tutulduğunu iddia etsə də, sızan siyahıdan məlum olub ki, kriminal fiqurlarla yanaşı, azı 188 jurnalist, 10 dövlət başçısı, hüquq müdafiəçiləri, diplomatlar, siyasətçilər, hökumət rəsmiləri də izlənib. 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ““Pegasus”, digər casus proqramları və dövlətin gizli nəzarəti” adlı hesabatında bildirilir ki, Azərbaycan hökuməti Ermənistanla münaqişə dövründə də “Pegasus”dan istifadə edib. Ermənistanda işləyən 12 şəxsi, bir hökumət rəsmisini izləyib. 

Azərbaycan hakimiyyəti bu günədək iddiaları cavablandırmayıb.

Şəxsi görüntülərin yayılması 

Azərbaycanlı aktivistlər, jurnalistlər, siyasətçilər tez-tez onları nüfuzdan salmaq məqsədi daşıyan kompramatlara məruz qalır. Onların şəxsi, əsasən, intim görüntüləri müxtəlif sosial şəbəkə platformalarında yayılıb. Bunlar  daha çox qadın fəalları və ya aktivistlərin qadın yaxınlarını hədəf alan kompramatlar olub. 

Oxşar halla ən son hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyev üzləşib. Onun müxtəlif zamanlarda qadın dostları ilə olan intim görüntüləri, səs yazıları yayılıb. “Telegram”, “Facebook”, “TikTok” kimi bir neçə sosial şəbəkədə reallaşdırılan kompramatın hədəfi əsasən qadınlar olub. 

Kompramat nədir?

KQB jarqonunda istifadə olunan ifadədir, mənası qeyri-qanuni yollarla əldə edilən real və ya uydurma, əsasən də intim xarakterli materiallarla qarşı tərəfin reputasiyasına xələl gətirməkdir.  

DFRLab platforması kompramatın aparıldığı bir neçə sosial şəbəkə və veb saytda araşdırma aparıb və müxtəlif hesablar vasitəsilə kompramatın necə yayıldığını araşdırıb. Məlum olub ki, qadınların foto və yazışmalarını paylaşan “Telegram” kanallarına izləyici cəlb etmək üçün “Facebook” və “TikTok” kimi platformalardan istifadə edilib. 

Nə baş verib? 

Bəxtiyar Hacıyevin və onun tanıdığı qadınların foto və yazışmalarının yayıldığı kompramat əvvəlcə “Telegram” sosial şəbəkəsində yaradılan bir neçə kanal vasitəsilə yayımlanıb. Burada əsas hədəf qadınlar və “Facebook”dakı bir neçə kişi ilə olan qrup yazışmaları olub. 

Bir müddət əvvəl oxşar kompramatla üzləşmiş qadın hüquqları fəalı Gülnara Mehdiyeva bildirib ki, yayılan məlumatlar arasında hətta qadınlardan birinin yaşadığı ünvan da olub.

Kompramat bir neçə platformada necə qurulub?

Materialların paylaşımı “Telegram”da başlayıb, sonradan “Facebook” hesabları və səhifələrdə, daha sonra isə yeni yaradılmış “TikTok” hesabları, eləcə də hökumətyönlü saytlarda davam edib. 

Yayım mərkəzi – “Telegram”

“Telegram” oxşar məqsədlə əvvəllər də istifadə olunub; 2022-ci ildə BBC aşkarlayıb ki, bu platformadakı kanal və qruplarda ən azı 20 ölkədən olan qadınların gizli çəkilmiş, oğurlanmış və qeyri-qanuni yolla əldə edilmiş çılpaq şəkilləri paylaşılıb. 

Niyə “Telegram”?

Güclü moderasiya siyasəti olmadığından bu platforma kompramatın yayılması üçün məşhur vasitədir. Çünki “Telegram” öz istifadəçilərinə limitsiz üzvü olan anonim kanallar yaratmağa imkan verir. 

Bəxtiyarı açıq şəkildə dəstəkləyən qadın hüquqları müdafiəçisi, 24 yaşlı Nərmin Şahmarzadə də kompramatla üzləşib. Onun “Telegram” kanallarından birində yarıçılpaq fotoları və cinsi əlaqə ilə bağlı səs yazısı “Bu da Nərmin Şahmarzadə” başlığı ilə yerləşdirilib.

Şahmarzadə OCCRP-yə bildirib ki, fotolar ilk dəfə 2021-ci ildə Beynəlxalq Qadınlar Günü tədbirindən əvvəl, sosial media hesabları sındırıldıqdan sonra yayılıb. Səbəb isə ona görə Qadınlar Günü ilə bağlı tədbirin təşkil edilməsində köməyidir. 

Şikayətlər, müraciətlər

Kompramata məruz qalanlar düşünür ki, səslərini çıxardıqları üçün ölkənin avtoritar hökuməti onlardan qisas alır. Hökumət isə bu iddiaları rədd edir.

Bu günədək həmin kanalları kimlərin yaratdığı, məlumatları yaymaqda məqsədlərinin nə olması ilə bağlı rəsmi açıqlama və cəzalandırma olmayıb. 

Aktivistlər isə hesablarının ələ keçirilməsi ilə bağlı etdikləri şikayətlərə cavab ala bilmədiklərini qeyd ediblər. Onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək Azərbaycan hakimiyyətinin nəinki müdaxilə etmədiyini, hətta hücumlarda əli ola biləcəyini iddia ediblər.

Bəxtiyar Hacıyev də məhkəməyə müraciət edib. 

Aktivistlərin əksəriyyəti “Pegasus” araşdırmasından sonra onların da bu proqramla izlənə biləcəyini və məlumatların bu yolla əldə edildiyini düşünüblər. 

Qanunlar kimlər üçündür?

Azərbaycan Respublikası, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq, kompüter sistemləri və kompüter məlumatları ilə əlaqədar cinayətlərin istintaqı və ya digər icraatın aparılması məqsədilə və ya cinayətlərə dair sübutların elektron formada toplanması üçün təxirəsalınmaz yardımın göstərilməsini təmin etmək məqsədilə sutkada 24 saat, həftədə 7 gün ərzində fəaliyyət göstərən əlaqələndirici qurum Dövlət Təhlükəsizlik Xidmətidir. 

“Kibercinayətkarlıq haqqında” Konvensiyanın Təsdiq edilməsi barədə Qanunun qeyd-şərtinə görə cinayət məsuliyyəti yalnız o zaman yaranır ki, Konvensiyanın 4-cü maddəsində göstərilən əməllər (kompüter verilənlərinin belə hüquq olmadan qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya təcrid edilməsi) əhəmiyyətli zərərlə nəticələnsin.

Kibercinayətlər zamanı məsuliyyət yaradan hallar hansılardır?

“Kompüter sisteminə qanunsuz daxil olma”, “Kompüter məlumatlarını qanunsuz ələ keçirmə”, “Kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə”, “Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi”, “Kompüter məlumatlarının saxtalaşdırılması” kimi əməllərə görə Cinayət Məcəlləsində müvafiq maddələrlə (271, 272, 273, 273-1, 273-2) cinayət məsuliyyəti nəzərdə tutulub.

Avropa Şurası Parlament Assambleyası da Azərbaycana 3 ay müddət verib. Bildirib ki, Azərbaycan Assambleyaya və Venesiya Komissiyasına “Pegasus” və analoji casus proqram təminatının istifadəsi barədə məlumat verməlidir. Eyni zamandan, casus proqram təminatından sui-istifadə ilə bağlı bütün təsdiqlənmiş və iddia edilən hallar üzrə effektiv, müstəqil və operativ araşdırmalar aparmalı, qanunsuz müşahidə hallarında hədəflənmiş qurbanlara kompensasiya ödəməlidir.