Azərbaycanda siyasi fəalları susdurmaq üçün intim görüntülərdən istifadə olunur

Kelly Bloss (OCCRP) və Həbib Müntəzir (Meydan TV)

Sosial şəbəkələrdə jurnalistlərin və aktivistlərin ifşa olunmuş fotolarının yayılması halı çoxalıb. Bir çox azərbaycanlı və eləcə də qadınlar səslərini çıxardıqları üçün ölkənin avtoritar hökumətinin onlardan qisas aldığından şübhələnir. Hökumət isə bu iddiaları rədd edir.

Qadın Hüquqları Müdafiəçisi Nərmin Şahmarzadə (sağda) hökumətin intim münasibətdən intiqam vasitəsi kimi istifadə etməsinə etiraz edir. (Foto: Ülviyyə Əli)

Fevralın ortalarında azərbaycanlı fəal Bəxtiyar Hacıyev qanunsuz həbsinə cavab olaraq bir ay davam edən aclıq aksiyası müddətində hətta su belə içməyəcəyini elan edib. 

Sonrakı bir neçə həftə ərzində “Telegram” sosial media şəbəkəsində “Bəxtiyarı Hacıyev İfşa” adlı bir sıra kanallar üzə çıxmağa başlayıb. Məlum olub ki, bu kanallar Hacıyevin şəxsi telefonundan oğurlanmış çox sayda materialı, o cümlədən fotoşəkilləri, danışıqları və cinsi münasibətdə olduğu insanlarla səs yazılarını yaymaqla onu rüsvay etmək məqsədilə yaradılıb.

Minlərlə izləyicinin olduğu qruplarda Hacıyevin son 7 il ərzində münasibətdə olduğu, əksəriyyəti fəal və jurnalist olan qadınlar da ifşa olunub.

Bir neçə qadın uyğusuz pozalarda və ya çılpaq şəkildə göstərilib. Digərlərinin isə sadəcə olaraq Hacıyevin yanında ictimai yerlərdə şəkil çəkdirməsi “üzə çıxarılıb”. Bəzi “Telegram” kanallarında isə aktivisti dəstəklədiklərini və ya hökumətlə ayrı fikirdə olduğunu bildirən qadınların ələ keçirilmiş köhnə şəkillərini yayıblar. Postların əksəriyyətində qadınların ev ünvanları və ya əlaqə telefonları ilə yanaşı, səmimi söhbətləri və açıq yazışmaları da paylaşılıb.

İctimai fəal Bəxtiyar Hacıyev. (Foto: Ülviyyə Əli)

“Telegram” qruplarında bəzi evli və ya nişanlı qadınlar Hacıyevlə sevgi münasibətində ittiham olunublar. Bu qadınlardan biri qrupda “Mən evliyəm” deyə yalvarıb. “Yoldaşım bunu görsə və ailəm dağılsa, xoş gələr sizə? İndi silin, bu dəqiqə!”

Avtoritar ölkələrdə, eyni zamanda Azərbaycanda texnologiyadan siyasi məqsədlərlə istifadə etməni araşdıran Vaşinqton Universitetinin kommunikasiya üzrə professoru Keti Pirs qeyd edib, bu cür kontent “mühafizəkar cəmiyyətlərdə, xüsusən də ümumiyyətlə təvazökar və iffətli olması tələb olunan qadınlar üçün xüsusi gücə malikdir”. 

“Şantaja məruz qalan kişilər mütləq şəkildə əziyyət çəksələr də, qadın qurbanlar daha çox zərər görürlər”.

“Telegram”da aparılan bu cür kampaniyalarda ifşa olunan qadınlardan biri indi gizlənir. Qadınlar üçün yardımı koordinasiya etməyə çalışan feminist aktivist Gülnara Mehdiyeva qeyd edir ki, digər bir intihar düşüncələri ilə boğuşaraq evdən qaçıb.

“O, materialları dərc edildikdən sonra intihar etmək istəyib”,- deyə Mehdiyeva qeyd edib.

Bəxtiyar Hacıyev ilə bağlı axtarışların nəticələrini göstərən ekran görüntüsü. Mart 2, 2023

ABŞ-a köçən Azərbaycanın məşhur teleaparıcısı Tunay Əliyeva 7 il əvvəl Bəxtiyarla ictimai bir yerdə şəkil çəkdirib. Ancaq ikisi heç vaxt yaxın olmayıb, bunun üçün də  “Telegram”da “Bəxtiyarın pornosu” deyə paylaşılmış üz qabığında öz şəklini görəndə şok yaşayıb.

Əliyeva bildirib ki, bu materialın yayılmasını ciddi feminist məsələ hesab edir.

“Başlıqlar və bütün yazılar qadınları ifşa etmək üçündür”,- deyə o əlavə edib. 

“Hədəf təkcə Bəxtiyar deyil. Hədəf Azərbaycan qadınıdır”.

Bəxtiyarı açıq şəkildə dəstəkləyən qadın hüquqları müdafiəçisi, 24 yaşlı Nərmin Şahmarzadənin “Telegram” kanallarından birində yarıçılpaq fotoları və cinsi əlaqə ilə bağlı səs yazısı “Bu da Nərmin Şahmarzadə” başlığı ilə yerləşdirilib.

N.Şahmarzadə, OCCRP-yə bildirib ki, fotolar ilk dəfə 2021-ci ildə Beynəlxalq Qadınlar Günü tədbirindən əvvəl, sosial media hesablarını sındırdıqdan sonra yayılıb. N.Şahmarzadə Qadınlar Günü ilə bağlı tədbirin təşkil edilməsinə kömək edib.

“Bu fotolar mənim “Facebook” və e-mail ünvanımdan götürülüb. Biz Bəxtiyarı fəal dəstəklədiyimiz üçün yenidən paylaşırlar” – o bildirib.

“Artıq özümü pis hiss etmirəm və ya depressiyaya düşmürəm, çünki bunu artıq yaşamışam. Amma mən digər qızların nələr yaşadıqlarını bilirəm”,- deyə əlavə edib.

“İfşa edən” hökumətdir?

“İfşa edən” kanalların arxasında kimin dayandığını sübut etmək çətindir, lakin son illər ərzində Azərbaycanda internetdə yerləşdirilən şəxsi kontentlərin artdığı müşahidə edilir. Bir çox insan Azərbaycan hökumətinə şübhə ilə yanaşır, aktivistlərin və jurnalistlərin tez-tez hədəfə alındığını bildirir.

Bu cür kampaniyaların qurbanı olan şəxslər OCCRP-yə bildiriblər ki, “Telegram”da yerləşdirilən bəzi kontentlər sadəcə onların telefonlarında olan məlumatlar olub  və daha öncə heç vaxt sosial mediada paylaşılmayıb. Bir neçə zərərçəkmiş qeyd edib ki, yayımlanan danışıqlar dərc olunmadan öncə saxtalaşdırılıb.

Vaşinqton Universitetindən Pirs belə deyib: 

“Əldə edə bildikləri materialın sayı və hücumun mürəkkəb xarakterli olması kimi bütün əlamətlər özəl bir şəxsin sahib ola bilməyəcəyi qədər çox resursa malik bir quruma işarə edir”.

Azərbaycan Polisi  sonuncu Beynəlxalq Qadınlar Günü tədbirində. Mart 2023. (Foto: Ülviyyə Əli)

Azərbaycan hökuməti Hacıyevə qarşı kampaniyada hər hansı bir rolu olması iddialarını inkar edib. Ölkənin gücə malik Daxili İşlər Nazirliyinin sözçüsü hökumətyönümlü mediaya bildirib ki, onlar hədəf seçilən qadınların bir neçə şikayətini araşdırırlar, lakin OCCRP şərh almaq üçün sözçüyə müraciət etdiyi zaman o məsələnin təfərrüatları haqqında məlumat verməyib. 

Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev də B.Hacıyevə qarşı həyata keçirilən kampaniya ilə bağlı digər sualları cavablandırmaqdan imtina edib.

Bununla yanaşı, beynəlxalq texnologiya və insan haqları qrupları bir neçə hesabatında hökumətin və xüsusən də Daxili İşlər Nazirliyinin öz vətəndaşlarının məlumatlarının ələ keçirilməsi kampaniyalarının təşkil edilməsində  əli olduğuna dair etibarlı sübutlar tapıb.

İnternet nəhəngi “Meta” ötən il nazirlikdə hökumət tənqidçilərini, jurnalistləri və demokratiya tərəfdarlarını fişinq və hakerlik kimi üsullarla hədəfə çevirən “mürəkkəb” kibercasus qrupunu darmadağın etdiyini açıqlayıb. Rəqəmsal ekspertiza sahəsində ixtisaslaşan “Qurium” adlı  qeyri-kommersiya təşkilatı həmçinin 2020-ci ildə aparıcı hüquq müdafiəçiləri və jurnalistlərə qarşı fişinq hücumlarının Daxili İşlər Nazirliyinin rəqəmsal infrastrukturundan qaynaqlandığını və “sandman4812” ləqəbli işçi tərəfindən koordinasiya olunduğunu göstərən hesabat dərc edib.

Azərbaycan həmçinin Forbidden Stories tərəfindən koordinasiya edilən 2021-ci ildə ortaq jurnalistika layihəsi olan “Pegasus” çərçivəsində “Pegasus” casus proqramlarının əsas istifadəçiləri arasında yer alıb.

Layihə haqqında məlumat hazırlayarkən OCCRP Azərbaycan hökumətinin 40-dan çox fəalı, jurnalistin və onların ailələrinin, o cümlədən Hacıyevin casus proqramlardan istifadə etdikləri üçün hədəfə çevrildiyini müəyyən edib. “Pegasus” hədəfdə olan şəxsin telefonuna tam giriş əldə edə bilər və onda mesajlarını oxumaq, foto və şifrələrə daxil olmaq, hətta məxfi səs yazıları götürmək məqsədilə istifadə oluna bilər.

Ölkədə internet senzurası və təqiblərlə məşğul olan “Azərbaijan İnternet Watch” təşkilatının qurucusu və jurnalist Arzu Qeybulla onlayn hücumların artdığını söyləyib.

“Qeyd edə bilərəm ki, son beş ildə bu hal daha çox üzə çıxıb”.

Feminist aktivist Mehdiyeva artıq daha öncə öz hökuməti tərəfindən haker hücumuna məruz qalıb. Onun dostları ilə psixi sağlamlıq problemlərini müzakirə etdiyi şəxsi telefon danışıqları 2020-ci ildə sızdırılıb. Şahmarzadə kimi onun danışıqları da Beynəlxalq Qadınlar Günü tədbirinin təşkilinə kömək etdiyi bir vaxtda üzə çıxarılıb.

“Onlar məni şizofreniya xəstəsi kimi təqdim etməyə çalışdılar”,- deyə Mehdiyeva xatırlayır.

Daha sonra “Qurium” Mehdiyevanın hesablarının Azərbaycan Daxili İşlər Nazirliyi üçün çalışdığı ehtimal edilən “sandman4812” tərəfindən sındırıldığına dair sübutlar üzə çıxarıb.

Bu yaxınlarda “Telegram”da qadınlara qarşı edilən hücumlar zamanı Mehdiyeva daha çox ifşa olunacağı ilə bağlı hədələnib: 

“Bu, hələ heç nədir. Səni də tanıyacaqlar, Gülnara Mehdiyeva”, – paylaşımlardan birində bildirilir.

O, OCCRP-yə hər zaman yeni hücumlara hazır olduğunu bildirib. “Hələ heç nə paylaşılmayıb. Bəxtiyarla bağlı paylaşılacaq heç nəyim də yoxdur. Amma hər şey gözləyirəm”.

“Telegram” vasitəsilə hədəfə çevrilmə 

“Telegram” 2020-ci ildə Azərbaycan və Ermənistan arasındakı 44 günlük müharibə zamanı məlumat ötürülməsi üçün önəmli platformaya çevrildikdən sonra Azərbaycanda böyük populyarlıq qazanıb. Jurnalistlər və aktivistlər şəbəkəyə axın edib, çünki o, çox sayda profilin ələ keçirildiyi “Facebook” saytından daha çox təhlükəsizlik vəd edir.

“Telegram” şəbəkəsi özünü “Facebook”a təhlükəsiz alternativ kimi təqdim edib, çünki burada mesajların və zənglərin başdan sona şifrələnməsini təklif edilir. Digər şifrəli mesajlaşma platforması  “Signal”dan fərqli olaraq, “Telegram” insanlara yüzlərlə, hətta minlərlə oxucuya sürətli çıxışın təmin etməyin mümkün olduğu “kanallar yaratmağa” imkan yaradır.

“Facebook mesajlaşmalarımızın artıq təhlükə altında olduğunu və çox asanlıqla sızdırıla biləcəyini bildikdən sonra vətəndaş cəmiyyəti təhlükəsiz mesajlaşma kanalları axtarmağa başlayıb və beləliklə, “Telegram”… həyatımıza daxil olub”, – deyə aktivist Mehdiyeva qeyd edib.

Lakin onun zəif bir tərəfi var: ““Telegram”da moderasiya çox zəifdir, olduqca zəifdir. “Facebook”da, məsələn, dərhal reaksiya mümkündür, xüsusən də, pornoqrafik məzmunlu materiallara”, – o deyib. 

“Telegram”ın qurucusu Pavel Durov moderasiyanın olmamasını platformanın istifadəçilərə senzura tətbiq etməməsi ilə əlaqələndirib. “Yalnış düşüncələrə son qoymaq əvəzinə, senzura tətbiq etmək çox vaxt onlarla mübarizəni çətinləşdirir”,- deyə o, 2021-ci ildə açıqlamasında bildirib.

Ancaq özəl fotoşəkilləri nümayiş etdirilən qadınlar üçün bu əl-ələ hərəkət etmə müqavimət göstərməyi çətinləşdirir. “Telegram”da “İfşa” kanallarından üçü bağlanılıb, lakin ən azı 18 kanal daha fəaliyyətini davam etdirir.

Beynəlxalq Qadınlar Günü tədbirində etirazçılar Azərbaycanda bərabərliyi müdafiə edir. Mart 2023. (Foto: Ülviyyə Əli)

A.Qeybulla “Telegram”ın pornoqrafik kontent yayan kanallarla bağlı mesajlara heç vaxt cavab vermədiyini deyir.

“Onlardan heç vaxt cavab almamışıq”,- deyə o bildirib. “Cavab gəlməyib, ancaq bu səhifələr qalıb”.

Ötən il “BBC News” tərəfindən aparılan araşdırmadan görünür ki, böyük qruplar və kanallar ən azı 20 ölkədən olan qadınların minlərlə “gizli çəkilmiş, ələ keçirilmiş və ya sızdırılmış” fotoşəkillərini paylaşıb. BBC-nin “Telegram”da 100 pornoqrafik görüntü haqqında yaydığı məlumatdan bir ay sonra belə şəkillərdən 96-sı sosial şəbəkədə qalıb. BBC-nin jurnalistləri platformada uşaq pornoqrafiyası təqdim edildiyini bildirsə belə, “Telegram” heç bir tədbir görməyib.

“Telegram” şərh istəklərinə cavab verməyib.

Hüquq-mühafizə orqanları da azərbaycanlı qadınları müdafiə etməyib. “Azerbaijan Internet Watch” təşkilatının son illik hesabatına görə, hökumət tərəfindən maliyyələşdirilən rəqəmsal hücumlara və təqiblərə qarşı effektiv hüquqi müdafiə vasitələri təmin edilməyib.

“Fəallara qarşı məqsədyönlü və koordinasiya edilmiş kiberhücumlar barədə faktlara əsaslanan hesabatlar olmasına baxmayaraq, hökumət indiyə kimi araşdırma apara bilməyib və ya effektiv hüquqi addımlar atılmasını təmin etməyib”, – hesabatda yazılıb.

Tunay Əliyeva bildirib ki, “Telegram”da onun barəsində yayılan materialla bağlı polisə rəsmi şikayət etmək ümidverici deyil. Bunun yerinə o, ölkənin avtoritar başçısının xanımı Mehriban Əliyevaya ictimai şəkildə müraciət edərək Azərbaycan qadınları adına işə qarışmasını xahiş edib. Lakin o indiyədək bir cavab ala bilməyib.

Aktivistlər Mehdiyeva və Şahmarzadə hesablarının ələ keçirilməsi ilə bağlı etdikləri şikayətlərə cavab ala bilmədiklərini qeyd ediblər. Onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək  Azərbaycan hakimiyyətinin nəinki müdaxilə etmədiyini, hətta hücumlarda əli ola biləcəyini iddia ediblər.

Bəxtiyar Hacıyev də məhkəməyə müraciət edib. Bu haqda onun vəkillərindən biri Elçin Sadıqov “Abzasmedia” saytına məlumat verib. Yenə də fotoların yayılması artıq nəzərdə tutulan effekti vermiş ola bilər. Belə ki, fotoların sızdırılması başladıqdan sonra Hacıyev aclıq aksiyasını dayandırıb.

“İfşa olunan” qadınlara dəyən zərər hələ başlanğıcdır. Şahmarzadə materialın hələ də yayımlanmış olduğunu bildiyi üçün rahatlıq tapmaqda çətinlik çəkdiyi deyir.

“Hamımız sanki hər zaman təhlükə altındaymışıq kimi yaşayırıq”,- deyə o əlavə edib.

Müəlliflər: Kelly Bloss (OCCRP) və Həbib Müntəzir (Meydan TV)

Ana səhifəAraşdırmaAzərbaycanda siyasi fəalları susdurmaq üçün intim görüntülərdən istifadə olunur