Jurnalistin Hərbi Cinayətlərin Araşdırılmasına dair Bələdçisi: Mülki əhaliyə hücumlar

Müharibə. Foto: Meydan TV

Jurnalistin Hərbi Cinayətlərin Araşdırılmasına dair Bələdçisi: Mülki əhaliyə hücumlar

Bosniyalı müsəlman Haruş Ziberi səhra komandiri Arkanın başçılıq etdiyi Pələnglər adlı silahlı qrup qarşısında diz çökərək yalvarır. Şəkil Bosniya müharibəsinin birinci döyüşündən sonra çəkilib Haruşu sonradan istintaq zamanı pəncərədən tullamışdılar. Onun meyidi kütləvi məzarda aşkar edilmişdi. 

Redaktorun qeydi: Ron Haviv və Con Stanmeyerin çəkdiyi orijinal fotolar  qeyri-kommersiya fonduna məxsusdur. Fəslin sonunda Olivye Holminin vizual araşdırmaçı jurnalist Azmat Xanla  Xüsusi Fokus müsahibəsi, ABŞ dron hücumları nəticəsində mülki əhali arasında itkilərə dair “New  York Times” qəzetinin ifşa xarakterli araşdırması haqqındadır. 

Jurnalistlər mülki şəxslərə qarşı törədilən vəhşiliklərin ən vacib şahidləridir. Onların fəaliyyəti olmasaydı, yəqin ki, müharibədə törədilən vəhşiliklərdən heç kim xəbər tutmazdı. 

Münaqişə tərəflərinin bütün hallarda mülkilər və döyüşçülər arasında fərq qoymaq öhdəliyi beynəlxalq humanitar qanunun ən fundamental tələblərindən biridir. 

Kimin kimə nə etdiyini, harada, nə vaxt və necə etdiyini soruşmaq jurnalistin dəqiqləşdirmək üçün verdiyi ən adi suallardır. Dövlətlər arasında gedən beynəlxalq silahlı münaqişlər və ya vətəndaş müharibələrini işıqlandırarkən, mülki şəxslərin ölümü, yaralanması, didərgin düşməsi, infrastruktur və səhiyyə obyektlərinin dağıdılması ilə nəticələnən hərbi qarşıdurmadan xəbər verərkən bu sualları vermək tələb olunur.  

Humanitar yardımın qarətlə və ya yolunu kəsməklə zərərçəkən ərazilərə çatdırılmasına mane olmaq,  insanların düzgün qərarlar çıxarmasına təsir edən və onların həyatlarını təhlükə altına qoyan dezinformasiya kampaniyaları da  mülki şəxsləri olmazın əzablara düçar edə bilər. 

Bununla belə, bunu da anlamaq vacibdir ki, müharibə zamanı mülki əhaliyə və mülki əmlaka ziyan vuran hərəkətlər heç də həmişə qeyri-qanuni olmur. Mülkilərə qarşı hərbi cinayət və ya beynəlxalq qanunun pozulması hallarının baş verib-vermədiyini başa düşmək üçün, kontekst və şərait barədə mümkün qədər çox təfərrüat toplamaq lazımdır.  Münaqişə tərəflərinin bütün hallarda mülkilər və döyüşçülər arasında fərq qoymaq öhdəliyi beynəlxalq humanitar qanunun ən fundamental tələblərindən biridir (bu, həm də silahlı münaqişə qanunları və ya müharibə qanunları adlanır). Mülki şəxsləri və ya mülki obyektləri bilərəkdən hədəfə almaq hərbi cinayətdir, lakin proporsionallıq prinsipi gözlənilən hallarda hücumların nəticəsində mülkilərə dəyən ziyan heç də bütün hallarda qeyri-qanuni hərəkət hesab olunmur.  

 Proporsionallıq  və ya fərq qoyma prinsiplərindən hansınınsa pozulması hərbi cinayət deməkdir.   Mülki şəxslərə qarşı spesifik hərbi cinayətlər sırasına daxil olan bəzi başqa hərəkətlər bunlardır (siyahı tam deyil):

  • İşgəncə və ya qeyri-insani rəftar
  • Qanunsuz deportasiya və ya yaşayış yerindən köçürülmə və ya qanunsuz olaraq təcrid olunma
  • Girov götürmə
  • Mülki əhalinin işğal olunmuş əraziyə köçürülməsi və ya işğal edilmiş ərazidən mülki əhalinin deportasiyası
  • Soyğunçuluq
  • Qadağan olunmuş silahlardan istifadə 
  • Zorlama və başqa cinsi zəmində zorakılıq
  • Canlı sipərdən istifadə 
  • Aclıqdan müharibə aparma metodu kimi istifadə 
  • Uşaqları əsgərliyə götürmək 

Cinsi zorakılıq və işgəncə kimi hallarda bunların qeyri-qanuni hərəkətlər olduğu aşkardır. Belə ki, bu cür hərəkətləri hətta döyüş iştirakçılarına qarşı etmək də qadağandır. Amma mülki şəxslərə və ya mülki əmlak və infrastruktura qarşı  potensial cəhətdən qeyri-qanuni hücumların törədildiyi yerdə olarkən,  verilməli olan suallar arasına bunlar daxildir: 

  • Qurban mülki şəxs idi? Ola bilərmi ki, o döyüşdə bilavasitə iştirak edirdi? 
  • Dağıdılmış əmlak və ya infrastrukturdan mülki ya hərbi məqsədlər üçün istifadə olunurdu? (Ola bilərmi ki, ondan hərbi məqsədlər üçün istifadə edilirdi?)
  • Bu adamlar və ya bu əmlak hücumun hədəfi idi? Ya ona dəyən ziyan başqa yerin və ya başqa şəxsin hədəfə alınmasının nəticəsi idi? (məsələn, yaxınlıqda hərbi obyekt və ya döyüşçü vardımı?)

Hətta bu informasiya əldə olunandan sonra belə hücumun qanuniliyini müəyyən etmək mümkün olmaya bilər. Lakin bu suallara verilən cavablar sizi düzgün araşdırma yoluna çıxara bilər. 

war crimes forced deportation Ukraine

Rusiya ordusu İrpinə yaxınlaşarkən, ukraynalılar şəhərdən qaçırlar. Ukrayna, mart 10, 2022.

Məsləhətlər və alətlər

Faktların toplanması, araşdırma və dəlillər yığma prosesinə başlamazdan öncə, jurnalist faktların özünü yaxından öyrənməlidir.  Araşdırılan yerin coğrafiyası, relyefi,  hücuma məruz qalan əhalisi, hücumları törədənlər, siyasi, mədəni, dini dinamika, münaqişənin tarixi konteksti və necə başladığı haqqında tam informasiyaya malik olmaqdan vacib heç nə ola bilməz.  

Əvvəlcədən informasiya toplanması

Mülki əhaliyə qarşı hücumlar haqqında dərin, aylar çəkəcək araşdırmaya başlamazdan əvvəl geniş tədqiqat aparmaq lazımdır. Bu, jurnalistləri aldadıcı hekayələr və təbliğat vasitəsilə manipulyasiya olunmaqdan qorumaq üçün vacibdir. Belə tədqiqat həm də  münaqişə zonasına gəlməzdən əvvəl jurnalistin özünə inamını gücləndirə bilər.

Tədqiqat üçün əsas mənbələrdən biri analitik mərkəzlərdir.  Corc Vaşinqton Universiteti Yaxın Şərq və Şimali Aftikada ən yaxşı analitik mərkəzlərin siyahısını tərtib edib.  Beynəlxalq Böhran Qrupu kimi tədqiqat mərkəzləri, eləcə də  BMT Ekspertlər Paneli,  “Amnesty International” kimi insan haqları qruplarından da  etibarlı informasiya mənbələri kimi istifadə edilir. BMT-nin insan haqları müstəntiqləri tərəfindən aparılmış araşdırmalar da vacibdir. Bunların bir çoxunu  BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı həyata keçirib. 

Jurnalistlər münaqişə barədə aparılmış digər araşdırmalarla da tanış olmalıdırlar. “LexisNexis” kimi xəbər bazası ən yaxşı araşdırmaları tapmaqda kömək edə bilər. 

İlkin tədqiqat müxbirə suallar siyahısını hazırlamaqda kömək edəcək: kimlər vacibdir, kimlər xeyir götürür, daxili və xarici qüvvələr, cəbhə xətti, münaqişənin təsir etdiyi əhalinin tərkibi, uğrunda mübarizə getdiyi resurslar və sairə. Bunlar jurnalistə hansı ekspertlərə müraciət etmək barədə ideya verəcək. Jurnalistlərə təkcə ekspertlərin fikirləri deyil, onların hansı suallara cavab verə bilmədiklərini də öyrənmək lazımdır. Bu, onlara öz araşdırmalarını hansı istiqamətdə aparmağa dair ipucları verə bilər. 

600-dən çox rohingya qaçqını əldəqayırma salların üzərində Naf çayını keçərək Banqladeşin Şah Porir Dvip adasına gedir. 

Şahid və qurbanlarla müsahibələr 

Qurbanların mülki şəxslər olduğunu sübut etmək üçün jurnalistlər onların kimliyini təsdiq edən sənədləri axtarmalı, onların harada təhsil aldıqlarını və hansı vəzifələrdə işlədiklərini göstərən qeyd və ya vəsiqələri əldə etməlidirlər. Jurnalistlər eləcə də yerli bələdiyyə rəsmiləri, qəbilə başçıları və qonşulardan ifadə toplaya bilərlər. Qurbanların ailə üzvlərində hücumların təxmini vaxtıyla uyğun gələn məzun diplomu, əgər işləyiblərsə, aldıqları maaş qəbzləri və ya fakturaları, özəl biznesləri olubsa, gəlir mənbələrinə dair sənədlər saxlanıla bilər.  Belə dəlillər, eləcə də başqa sənədlər, qurbanın münaqişə iştirakçısı olub-olmadığını aydınlaşdırmaqda yadım edə bilər. 

Hücuma məruz qalmış əmlakın mülki istifadədə olub-olmadığına gəldikdə,  münaqişə tərəflərində (xüsusilə qanuni və ya hökumət qurumlarında) hədəf sayılmayan tikililərin siyahısı olmalıdır. Bura müharibə edən tərəflərin atəş açmayacaqları bütün mülki tikililər daxildir.  Hərbi cinayətləri sənədləşdirən jurnalistlər müdafiə nazirliklərindəki mənbələrə, bəzən müvafiq BMT qurumlarına və başqa beynəlxalq təşkilatlara müraciət edərək, bu siyahını əldə etməyə cəhd göstərməlidirlər. Onlar bu siyahı ilə müqayisə edib daha böyük dəqiqliklə haranın hücuma məruz qaldığını və o yerin hərbi dəyərə malik olub-olmadığını müəyyən edə bilərlər.  

Bəzən hədəf sayılmayan binalar döyüşçülər tərəfindən zəbt edilə bilər. Əsgərlər bəzən dinc əhalidən canlı sipər kimi istifadə edirlər. Belə hallarda şahid ifadələri, xüsusilə yaxınlıqda yaşayan adamların dedikləri, hərbiyyənin hücum zamanı mülki obyektdə olub-olmadığını müəyyən etməkdə əsas rol oynayır. Bir çox hallarda mülki şəxslər yaxınlıqdakı binalarda şübhəli fəaliyyətin foto və ya videoları olur. Qonşulardan silahlı qrupların yaxınlıqdakı tikililərdən hərbi məqsədlər üçün istifadə etməklərini göstərən vizual dəlillərin olub-olmadığını soruşmağa dəyər. 

Keçmiş döyüşçülər və ya insayderlərlə müsahibələr 

Bu elementlərin hər ikisi  — niyyət və hər iki tərəfin malik olduğu informasiya — silahlı münaqişə zamanı müəyyən hərəkətlərin qanuniliyinin müəyyən edilməsində həlledici rol kəsb edir. 

Digər vəziyyətlərdə silahlı qrupların sabiq üzvlərindən və ya qarşı tərəfə keçənlərdən alınmış informasiyadan əlavə dəlil kimi istifadə etmək olar. Belə insayderlərlə – münaqişə tərəflərindən hər  hansı ilə əlaqəsi olan, birbaşa biliyə malik olan şəxslərlə – söhbət etmək istənilən araşdırmanın ən başlıca prioriteti olmalıdır. Eyni zamanda araşdırma aparanlar insayderlərin dediklərinə ehtiyatla yanaşmalıdırlar və düşünməlidirlər: Bu mənbənin informasiya ötürməkdə marağı nə ola bilər? 

Nəzərə alın ki, insayderlərin bir neçə fərqli tipi olur: İradəsinə zidd olaraq qanunsuz hərəkətlər etməyə məcbur edilənlər; əməkdaşlıq etməkdən xeyir götürəcəklərini və yetirdikləri  zərərin əvəzini verəcəyini düşünənlər; və qanunsuz hərəkətlər edənlərə əvvəlcə könüllü qoşulub, sonradan peşman olanlar. 

İnsayderlərə veriləcək suallar arasında bunlar var:  Hücumun və ya müəyyən hücumun arxasında duran motiv nədən ibarət idi? Məsələn, onların hücumu hansısa spesifik döyüş və ya hərbi məqsəd güdürdü, yoxsa bilərəkdən mülki şəxsləri və onların əmlakını hədəfə almışdı?  Bundan başqa, hücum zamanı müharibə edən tərəflərin hansı məlumata malik olduqlarını öyrənmək faydalıdır. Məsələn, onlarda tikililər və ya ərazidə qarşı tərəfin döyüşçülərinin olması barədə kəşfiyyat məlumatı haqqında. Onların əraizdə mülki binaların və mülki şəxslərin olmasından xəbəri vardımı? Bu elementlərin hər ikisi  — niyyət və hər iki tərəfin malik olduğu informasiya — silahlı münaqişə zamanı müəyyən hərəkətlərin qanuniliyinin müəyyən edilməsində həlledici rol kəsb edir. Onlar mülki şəxslərə qarşı hərbi cinayətin törədildiyini müəyyən etməkdə və ya təkzib etməkdə yararlıdır. 

Tərcümə problemlərinin həlli 

Xarici dil səddi beynəlxalq məsələləri araşdıran jurnalistlər üçün böyük problemə çevrilə bilər. Etibarlı, müstəqil və əvvəllər sınaqdan keçmiş tərcüməçi tapmaq üçün vaxt, səy və mümkündürsə, xüsusi büdcə sərf etməyə dəyər. Daha bir vacib məqam: Sizə tərcümələrin düzgünlüyünü yoxlaya bilən həmkar və ya müstəqil tədqiqatçı lazım ola bilər. Tərcüməçinin qərəzsizliyi jurnalistin diqqət verməli olduğu faktordur. Bir çox jurnalistin etdiyi kimi, eyni sualı müxtəlif cümlələrlə verməklə tərcümənin düzgünlüyünü yoxlamaq olar. 

Zorakılıq qurbanları ilə müsahibələrə hazırlıq

Müharibənin insanlara vurduğu ziyanın araşdırılmasının təməl daşı mülki şəxslərdən alınan  ifadələrdir. Bu müsahibələrə hazır olmaq gərəkdir, çünki bu şəxslər ailə üzvlərinin ölümü, zorlanmaq, psixoloji travma, didərginlik və ya əmlak itkisi kimi müxtəlif zərbələrə məruz qalmış ola bilərlər.  Jurnalistlər bu sarsılmış biçarə insanlardan başlarına gələnləri nəql etməklə, onlara yenidən travma yetirə biləcəklərindən ehtiyat edə bilərlər. 

Qurbanlar və ya şahidlər çox zaman ikinci və ya üçüncü müsahibədən sonra daha sərbəst şəkildə olaylar barədə məlumat verirlər. Jurnalistlərə mümkün qədər çox sayda ifadə almaq lazım gəlsə belə, eyni adamla bir neçə dəfə söhbət etmək çətin ola bilər. Amma bu zaman jurnalist qurbanlarla ilkin müsahibələr aparıb, onlardan hansılarının daha vacib olduğuna qərar verə bilər. Belə ki, müsahiblər arasında hadisələrin birbaşa şahidləri, hadisələrdən daha çox ziyan çəkmiş adamlar və ya onların müharibədə qarşı tərəfi dəstəkləyən və buna görə də hücumlar barədə daha çox informasiyaya malik olan qohumları ola bilər.

Hadisələrin yazılı xronologiyasını aparmaqla jurnalistlər hadisələrin baş vermə ardıcıllığını daha yaxşı anlaya bilər və informasiyadakı boşluqları doldurmaq üçün əlavə suallar yarada bilər. Müsahiblərin adlarını, onlarla əlaqə vasitələrini və fotoşəkillərini toplamaq zəruridir. 

war crimes sexual violence civilians Democratic Republic of Congo

47 yaşlı psixoloq Sifa Muhima (sağda) zorlama qurbanı ilə Konqo Demokratik Respublikasındakı qulaq asma evi kimi tanınan “maison d’ecoute”-da söhbət edir.  Bu evlər zorlanma qurbanlarına təxirəsalınmaz tibbi yardım göstərir və psixoloji dəstək verir. 

Mobil telefonlar qızıla bərabərdir

Mobil telefonlar jurnalistlər üçün dəfinə sayılır. Qurbanın və ya şahidin telefonundakıları görmək əvəzsiz bir uğurdur. Hadisə qurbanları sizə etibar edib öz hekayələrini danışmağa başlayandan sonra, jurnalustlər həmişə onların dediklərini sübut edən dəlilləri “göstərməyi” xahiş etməlidirlər. “WhatsApp” və ya “Telegram” kimi sosial media platformalarındakı söhbətlər hücumdan əvvəlki son dəqiqələr haqqında məlumat verə bilər.  Bu yazılar həm də qurbanın kiminlə danışdığı, söhbətlərin mövzusu, harada olduğu, hərəkətləri və başqa faktorlar barədə suallara dəqiq cavab almağa kömək edə bilər, qurbanın hücum baş verən vaxt silahlı münaqişədəki statusunu aydınlaşdıra bilər. 

Bundan başqa, jurnalistlər qurbanlardan telefonlarında, başqa qurbanların kontakt detalları və ya daxili informasiyaya malik mənbələr və ya araşdırma üçün lazım olan sənədlər daxil olmaqla,  skrinşotları, fotoları və ya videoları paylaşmaq üçün icazə ala bilərlər. Tarixləri və yerləri yoxlamaq, fotoların çəkildiyi kontekst barədə suallar vermək vacibdir ki, onları sonradan araşdırma zamanı əldə edilmiş yerlər və tarixlərlə müqayisə edib yoxlamaq mükün olsun. Müxbirlər həmişə onlara təqdim olunmuş materialların dərcinə sahibləri tərəfdən icazə verildiyini göstərən yazılı icazə formalarını özlərində saxlamalıdırlar.  

Fiziki dəlillərin və hərbi materialların toplanması

Son onilliklərdə bir çox insan haqları müdafiəçiləri və ekspertlər hücum haqqında ən sadə informasiyanın yoxlanılması üçün qəlpələr, istifadə olunmuş hərbi sursat, silahlar barədə digər dəlillərin toplanmasının necə vacib olduğunu nümayiş etdirmişdirlər. Döyüşdə istifadə olunmuş vasitələrin üzərindəki yazılar və ya nişanları müayinə etməklə mütəxəssislər onların mənbəyini müəyyən edə bilirlər. 

Bu cür dəlillər gələcəkdə hücumu həyata keçirmiş tərəfə silahların hansı ölkələrdən gətirildiyini araşdırmaq imkanı verir. Qurban və insayderlərdən başqa, digər mənbələrə də diqqət yetirmək lazımdır: tibbi heyətlərə, humanitar yardım işçilərinə, vəkillərə, qəbilə rəhbərlərinə, yerli rəsmilərə, sürücülərə və məktəb müəllimlərinə. Onlar gələcək araşdırmalar üçün yeni detallar və yeni cığırlar əlavə edə bilərlər. 

Mülki əhali üzərinə edilmiş hücumların koordinatlarını, yerlərini, xəritələrini və dəqiq təsvirlərini əldə etmək peyk və başqa geolokasiya metodları ilə yoxlama və sənədləşdirmə apararkən çox vacibdir.  

Praktik nümunələr

Yəmən: ABŞ Dron Zərbəsi Mülkiləri Qətlə Yetirib — Associated Press

ABŞ dron zərbəsinin qurbanının mülki şəxs olduğu və əl-Qaida silahlısı olmadığını sübut etmək üçün nə tələb olunur? Yüzlərlə sənəd, foto, çat mesajları və şəxsiyyət vəsiqələri. 

2018-ci ildə “Associated Press” jurnalist qrupu ABŞ-ın Yəməndə həyata keçirdiyi hava hücumlarında yalnız regiondakı əl-Qaida döyüşçülərini öldürməsi barədə iddiasının həqiqətə uyğun olmadığını sübut etdi.  AP-nin “Pulitzer” mükafatına layiq görülmüş araşdırması  həmin il aparılmış dron zərbələri kampaniyasında həlak olanların üçdə birinin əslində dinc vətəndaş olduğunu üzə çıxardı. 

war crimes drone strikes civilians Yemen

AP-nin 2018-ci ildə bir neçə ay ərzində apardığı araşdırma  ABŞ hərbiyyəsinin dron hücumlarının yalnız əl-Qaida silahlılarını öldürməsi barədə iddialarının yalan olduğunu ifşa etdi. AP həlak olanların üçdə birinin mülki vətəndaş olduğunu üzrə çıxardı. 

Aylar uzunu davam etmiş bu araşdırmada Araşdırmaçı Jurnalistika Bürosu və “Amnesty International” kimi açıq informasiya mənbələrindən və Pentaqon tərəfindən AP-yə təqdim edilmiş Yəməndə ABŞ hava zərbələri siyahısından istifadə  edildi. 

Lakin bu mənbələrdən heç biri nə mülki əhali arasında itkilərin miqyası barədə təsəvvür verirdi, nə də bu itkilərin İran tərəfindən dəstəklənən husi üsyançılarına qarşı qanlı müharibə aparan Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya üzərinə beynəlxalq təzyiqin artması kontekstində baş verdiyini izah edirdi.  ABŞ dron zərbələri haqqında xəbərlər demək olar ki, yox idi və beynəlxalq medianın diqqəti eksklüziv olaraq səudiyyəlilərin vəhşilikləri üzərində cəmləşmişdi. 

Araşdırma Yəmənin cənub, şərq və mərkəzi hissələrində əl-Qaidanın fəal olduğu və dronların hədəfə aldığı geniş coğrafi ərazidə aparılmışdı.   

İlk növbədə zərbələr haqqında Pentaqondakı mənbədən alınmış tarixlər və yerlər barədə informasiya toplanıldı. Sonra bütün insidentlər yoxlanıldı,  zərbələrin yerlərinin siyahıları tərtib edildi və hədəfə alınmış ərazilərdə yaşayan yerli insan haqları müdafiəçiləri, həkimlər, qəbilə başçıları, təhlükəsizlik işçiləri və hökumət rəsmilərinin  adları müəyyən edildi. 

Üçüncü addım qurbanların yaxınları ilə müsahibələrin aparılması yoluya, onların dinc həyat yaşadıqlarını və terrorizmdə iştirak etmədiklərini sübut etmək idi. Bu müsahibələrdə əsas suallara cavab axtarılırdı: qurbanların zərbə endirilən yerin yaxınlığında olmaları,  qurbanın niyə həmin yerdə olması, daha kimlərin hava zərbəsinin şahidi olduğu, əl-Qaida silahlılarının zərbə yerinin həndəvərində olub-olmaması. 

Qurbanların ailələri insan haqları təşkilatlarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edərək, dron hücumlarının araşdırılmasına çağırsalar da, bunun xeyri olmamışdı. 

Myanma: Rohingyalara qarşı genosidin mümkünlüyü — Reuters

2018-ci ildə dərc edilmiş “Myanma qüvvələrinin ucqar kənddə törətdikləri yanğınlar, qarətlər və qətllər”  adlı araşdırmasında “Reuters” rohingya etnik qrupuna aid dinc əhaliyə qarşı etnik təmizləmə və qətliamları ifşa etdi.  Bu araşdırma 2019-cu ildə beynəlxalq jurnalistika üzrə “Pulitzer” mükafatına layiq görüldü və iki “Reuters” müxbirinin həbsi və cəzaya məhkum edilməsi ilə nəticələndi (Onlar 2019-cu ildə 500 günlük həbsdən sonra azad edildilər).

Araşdırma ölkənin şimalındakı Raxin ştatında yerləşən bir kənddə baş vermiş etnik zorakılıq aktlarını təhqiq etmişdi. İlk dəfə idi ki, qətliam onu törədənlərin öz ifadələri əsasında tərtib edilmişdi. Bundan əvvəl Myanma soyqırımı barədə yalnız Rohingya azlığına qarşı törədilən cinayətlərin qurbanları ifadə vermişdilər. 

Bu dəfə isə diqqətə çarpan o idi ki, “Reuters” cinayətlərin törədilməsində iştirak etmiş daxili informasiyaya malik şəxslərin ifadə verməsinə nail olmuşdu. Qətllərdə iştirak etmiş buddist kəndlilər, yerli polis dəstələri və təhlükəsizlik xidmətlərinin üzvləri müxbirlərə müsahibələr vermişdilər. Qətliamın fotoşəkillərindən istifadə etməklə “Reuters” hadisənin həqiqətən baş verdiyinə şübhə yeri qoymayan dəlillər dərc etmişdi.  

Araşdırmada qeyd olunurdu ki, bir buddist kəndli tərəfindən təqdim edilmiş üç foto “İnn Dindəki qətliamın əsas anlarını, rohingyalı kişilərin sentyabrın 1-də axşam əsgərlər tərəfindən tutulub saxlanılması və sentyabrın 2-də səhər saat 10-dan bir az sonra edam edilmələrini əks etdirir”. Digər fotoşəkillərdə əsirlərin bir cərgəyə düzüldüklərini və qəbirlərə atıldığını görmək olar. 

Araşdırmanın digər son dərəcə vacib elementləri qətliamın baş verdiyi yerə gələrək, orada fotoşəkillərin çəkilməsi və istintaq ekspertlərinə təqdim edilməsi idi. Ekspertlərin hamısı şəkildəkilərin “insan qalıqları olduğunu dedilər”.

Myanma hərbiyyəsi “Reuters”ə regionda aparılmış “təmizləmə əməliyyatının” qanuni olduğunu bildirdi. Lakin məqalədə qeyd olundu ki, “BMT ordunun burada soyqırım törətdyini ehtimal edir. BMT bunu etnik təmizləmə adlandırmışdır”.

Ukrayna: Mariupolun Rusiya tərəfindən mühasirəsi — Associated Press

Rusiyanın həyata keçirdiyi mühasirə haqqında  “Mariupolda 20 gün” adlı qaranlıq mətləblərə işıq salan vizual sənədli araşdırmasını aparmış “Associated Press” agentliyi qrupu 2022-ci ilin martın ortalarında şəhərdə qalan yeganə beynəlxalq mətbuat üzvləri idi. Jurnalist qrupu həftələr ərzində rusların mülki əhaliyə etdiyi hücumları ifşa edirdi. Bu hücumların hərbi cinayətlər olduğu iddia edilir. İşğalçı ordu şəhərin ətraf aləmlə əlaqəsini kəsərək, mətbuatın fəaliyyətinə imkan vermirdi. Həlqəyə alınmış şəhərdə üç həftə keçirən  AP komandası rusiyalı əsgərlərin onları hədəfə aldıqlarından xəbər tutduqdan sonra Mariupolu tələsik tərk etməli olmuşdu. 

AP-nin vacib fəaliyyəti həmçinin mülkilərə hücumların şahidlərinin ifadələri əsasında Rusiya hökumətinin dezinformasiya kampaniyasını da ifşa etdi. Doğum xəstəxanasının bombardmanının, binadan qaçan hamilə qadının şoka salan görüntüləri Londondakı Rusiya səfirliyini bu şəkillərin guya saxta olduğunu bəyan etməyə məcbur etdi. Həmin bəyanatı ifşa etmək üçün, AP müxbirləri geri qayıdaraq həmin qadını tapdılar və onun hamilə olduğunu və dünyaya uşaq gətirdiyini sübut etdilər. 

“Şəhərdən informasiya ötürmək mümkün olmasaydı, dağılan binalar və öldürülən uşaqların şəkillərini yaya bilməsəydik, rus əsgərləri nə istəsələr edə bilərdilər. Biz olmasaydıq, orada heç nə qalmayacaqdı”,- deyir AP videoqrafı Mstislav Çernov. O və onun həmkarları  Sandəns Auditoriya Mükafatına  layiq görülmüş 90 dəqiqəlik sənədli film çəkdilər. “Mən hələ heç zaman sükutu pozmağın bu qədər vacib olduğunu hiss etməmişdim”, – o deyir. 

Fələstin: Jurnalistin qətli — “The New York Times”

“Al Jazeera” telekanalının fələstinli-amerikalı müxbiri Şirin Əbu Əklehin İordan çayının Qərb Sahilində atəş nəticəsində öıdürülməsindən sonra, bir neçə media qurumu hadisənin necə baş verdiyini öyrənmək üçün araşdırmaya başladı. 

“New York Times”ın istifadə elədiyi ən vacib metodlardan biri, istifadəçi tərəfindən çəkilmiş videolarda atəş səslərinin analizi idi. 

“New York Times” rəsmi bəyanatlarla və, Əbu Əklehin hadisə yerində olan həmkarları daxil olmaqla, şahid ifadələri ilə kifayətlənməyib, daha dərin araşdırma aparan mətbuat orqanları arasında idi.  Məsələn, jurnalistlər “TikTok”da və başqa sosial media platformalarında istifadəçilər tərəfindən yerləşdirilmiş videoların detallı ekspert müayinəsini həyata keçirdilər və  hadisənin necə baş verdiyini anlamağa çalışdılar. 

Qəzet Əbu Əklehin Cenin şəhərində həmin vaxt yaxınlıqda olan qaçqın düşərgəsinə reyd həyata keçirən İsrail hərbi karvanının olduğu yerdən atılmış güllə tərəfindən öldürüldüyü qənaətinə gəldi. “Çox güman ki atəşi elit hərbi qrupun əsgəri açmışdı”,- araşdırma müəllifləri bildirdilər. 

Araşdırma məsafələr, silahlı fələstinlilər və Əbu Əklehin olduğu yeri nəzərə alaraq, İsrail rəsmilərinin atəşin fələstin silahlıları tərəfindən açıldığı barədə əvvəllər irəli sürdüyü fərziyyənin əsassız olduğunu göstərdi. 

“New York Times”ın istifadə etdiyi ən vacib metodlardan biri, istifadəçi tərəfindən çəkilmiş videolarda atəş səsinin analizi idi. “Hər bir güllənin silahın lüləsini tərk etdiyi an eşidilən səslə videokameranın mikrofonların keçdiyi ana qədər olan mikrosaniyələri ölçməklə, onlar silah və mikrofonlar arasında olan məsafəni ölçə bildilər,” qəzet izah edir. “Onlar həmçinin səhər saatlarında havanın temperaturunu və İsrail və fələstinlilər tərəfindən ən çox istifadə olunan güllə növünü nəzərə alaraq, hesablamalar apardılar”/

Xüsusi Fokus: ABŞ hərbi Dron hücumlarının mülki qurbanları

Olivye Holminin Azmat Xanla  müsahibəsi  

Azmat Xan 2018-ci ilin əvvəllərində İraqın Mosul şəhərinin qərb hissəsinə  çatanda ona aydın oldu ki, əhalinin demək olar hamısı genişmiqyaslı dağıntılar səbəbindən ərazini tərk etmişdi.  Müxbir müsahibə almaq üçün yalnız bir neçə nəfəri tapa bildi.  Yalnız sonradan etdiyi səfərlər zamanı, əhali geri döndükdən sonra Xan ifadələr toplaya bildi. O,  əraziyə vurulan dron zərbələri zamanı həlak olan dinc əhalinin sayının İŞİD-ə qarşı mübarizədə  ABŞ-ın başçılıq etdiyi koalisiyanın iddia etdiyindən qat-qat çox olduğunu sübut etdi. 

Azmat Khan

Azmat Xan “New York Times” qəzetinin vizual araşdırmalar komandasının “Pulitzer” mükafatına layiq görülmüş üzvüdür. Xan ABŞ-ın İraq, Suriya və Əfqanıstanda məsafədən apardığı hərbi kampaniyalarında dinc insanların öldürülməsini araşdırır. O, qəzetin iki xüsusi bölməsi “The Uncounted” (Hesaba alınmayanlar)  və  “The Civilian Casualty Files” (Mülki qurban qovluqları). – üçün araşdırmalar aparır. Xanın işinin əsas hissəsi hadisələrin baş verdiyi yerlərdə aparılır və bu səbəbdən o, həmin yerlərə bir neçə səfər edir. 

Xan eləcə də, ABŞ hərbiyyəsinin gizli sənədlərindən və açıq mənbələrdən istifadə edir. “Bəzi işləri uzaqdan görmək olur”,- deyir o, “lakin zənnimcə, hadisə yerlərinə gedəndə araşdırmanı daha yüksək səviyyədə apara bilirsən. Çox vaxt məsafədən xəbər verəndə vəziyyəti qabarıq şəkildə çatdırmaq olmur”.

Söhbət etdiyi adamların səmimi cavablar verməsinə nail olmaq üçün Xan deyir ki, heç vaxt gəlişi barədə əvvəlcədən xəbər vermir.  O, eləcə də təlqinedici suallar verməməyə çalışır.  Bir dəfə ifadə verən  şahidin özü zərbəyə məruz qalmış evdə əlil kreslosunda olan adamın olduğunu demişdi.  Bu, Xanın əvvəllər əldə etdiyi məlumatla düz gəldiyindən,  şahidin etibarlı müsahib olduğunu təsdiq etdi. 

Xanın istifadə etdiyi müxtəlif mənbələr arasında gözlənilməz olanları da var.  O deyir ki, İŞİD-in çəkdiyi təbliğat videoları mülki şəxslər arasında itkiləri sübut etmək üçün təəccüblü dərəcədə etibarlı idi.  Bundan başqa, ABŞ hökumətinin özünün koalisiyanın hava zərbələri haqqında “YouTube” videoları ona ABŞ-ın inkar etdiyi hücumların tarixini və yerini müəyyən etməkdə kömək etmişdi. 

İraqda olarkən, o, həlak olanların kimliyini sübut etmək üçün ölüm şəhadətnamələrindən istidadə etmişdi. Lakin Əfqanıstanın ucqar rayonlarında bunun üçün qəbir daşlarını tapmaq lazım gəlirdi, çünki orada rəsmi ölüm şəhadətnamələri verilmirdi. 

Xan deyir ki, həlak olanlardan hansıların dinc əhali olmasını müəyyən etmək asan deyil. O, İŞİD döyüşçülərinin ailə üzvlərini mülki əhali hesab etmir. Buna səbəb bu şəxslər haqqında informasiya toplamağın imkansız olmasıdır. Lakin Azmat Xan etiraf edir ki, bu səbəbdən mülki əhali arasında itkilər onun sübut etdiyindən çox ola bilər.