Jurnalistin hərbi cinayətlərin araşdırılmasına dair Bələdçisi

Foto: Meydan Tv

Nobel Sülh Mükafatı qalibi Nadia Muraddan Ön söz:

Nobel Sülh Mükafatı qalibi Nadia Murad (mərkəzdə)Ukraynanın birinci xanımı Olena Zelenska (sağda) ilə 2023-cü ilin mayında Borodyanka kəndinin Rusiya tərəfindən bombardmana məruz qaldığı yerlərdə mümkün hərbi cinayətləri araşdırır. 

Məktəbimizin həyətində bütün sakinlərin yerləşə bildiyini görənə kimi, mən kəndimizin nə qədər kiçik olduğunu dərk etməmişdim. 

2014-cü il avqust ayının 15-i idi. İki həftə idi ki, İŞİD üzvləri kəndimiz Koçonun ətraflarında dolaşaraq bizi cırnadır, hədə-qorxu gəlirdilər. Nəhayət, onlar kəndə girdilər. Xoşbəxtlik və firavanlıq məkanı olan məktəbim məşum təcrid yerinə, gözləmə otağına çevrildi, bizi soyqırımının astanasına yaxınlaşdırdı. 

Bir saat içində 400 kişi – atalarımız, qardaşlarımız və oğullarımız – İŞİD tərəfindən öldürüldü. 

Araşdırmaçı jurnalistləri bizi axtarıb tapmağa, gizlənən və təhlükə qarşısında olan bizlərin axtarışına daha erkən, vəhşiliklər törədilməzdən əvvəl başlamağa səsləyirəm.  

Daha sonra qadınlar və uşaqlar avtobuslara mindirildilər və seks qulları kimi satılaraq, təsviredilməz dərəcədə dəhşətli həyata məhkum edildilər. Həmin gün kəndimizdə baş verənlər bizim üçün əbədi yara olaraq qalacaq. Dünya İŞİD-in İraqda böyük əraziləri ələ keçirdiyini bilsə də, bizim şəxsi faciəmizdən xəbərsiz idi. 

Əmin-amanlıq dövründə yezidi qadınlar onsuz da cəmiyyətin gözündən kənarda idilər, lakin münaqişə qızışanda, biz ümumiyyətlə gözəgörünməz olduq. Amma bizim başımıza gələnləri əvvəldən görmək üçün kifayət qədər dəlil var idi. İŞİD-in manifestində yezidiləri qətlə yetirmək, zorən İslamı qəbul etdirmək və zorlamaq niyyəti açıq-aşkar ifadə edilmişdi. Bundan başqa, qrup açıq şəkildə yezidi qadın və qızları sosial media vasitəsilə alıb-satırdı. 

Əgər hansısa bir jurnalist bizim haqqımızda vaxtında məlumat versəydi, nəyisə dəyişmək olardımı? Mən bunu deyə bilmərəm. Lakin araşdırmaçı jurnalistləri bizi axtarıb tapmağa, gizlənən və təhlükə qarşısında olan bizlərin axtarışına daha erkən, vəhşiliklər törədilməzdən əvvəl başlamağa səsləyirəm.  Çox zaman siz bizim yeganə ümid yerimizsiniz. 

Ola bilsin ki, siz bizi qaçqın və ya daxili didərginlər düşərgəsində tapa biləcəksiniz. Bəlkə biz şəhər və ya kəndimizin xarabalıqlarında gizlənmişik. Ola bilsin ki, hər şeyi itirmişik, amma hələ sağıq. Bizim yeganə gücümüz hekayələrimizi danışa bilməyimizdir. 

Mən jurnalistlərdən xahiş edirəm ki, bizim kimi adamları qorumaq üçün hüquqi və ya siyasi sistemin mövcud olmamasının səbəblərini tapsınlar və bizim problemlərin kökündə duran səbəbləri araşdırsınlar. Bəli, İŞİD yezidiləri yer üzündən silmək istəyirdi. Amma ən vacib sual budur ki, niyə onlar az qala buna nail oldular? 

İraqda əsirlikdən xilas olandan dərhal sonra mən başıma gələnləri danışmağa başladım.  Mən dünyanı İŞİD-in sistematik surətdə həyata keçirdiyi seksual zorakılıqlardan xəbərdar etmək istəyirdim. Əsirlikdə hələ də qalan qadın dostlarımı və ailə üzvlərimi xilas etmək üçün mənim yeganə silahım öz səsim idi. 

Nadia Murad, Foto: REUTERS/Alkis Konstantinidis

Nobel Sülh Mükafatı Laureatı və BMT-nin Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsinin Xoşməramlı Səfiri Nadia Murad BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik məsələləri üzrə iclasında çıxış edir.  

Mən düşərgələrə gəlib bizim səsimizi dünyaya çatdıran jurnalistlərə ömürlük  minnətdaram. Mənim memuarımın həmmüəllifi Jenna Krajeski kimi, onların çoxu mehriban, həssas adamlar idi, məni dinləyib başa düşəndən sonra suallar verməyə başlayırdılar. 

Amma mən elə jurnalistlər də gördüm ki, onların faciədən sağ çıxanlardan müsahibə almağa qaba yanaşma tərzi yadıma 1964-cü ildə Konqoda işləyən bir britaniyalı jurnalisti saldı. Həmin jurnalistin vətəndaş müharibəsindən qaçan qadınlardan “Aranızda zorlanmış və ingiliscə danışa bilən varmı?” soruşduğu deyilir. 

Başıma gələnlər haqqında son dərəcə şəxsi və intim suallar mənə də verilmişdi, lakin mənim ehtiyaclarım yada düşməmişdi. Həmin müsahibələrdən sonra özümü sadəcə xəbər başlığı kimi hiss edirdim. Yenə də bir əmtəə kimi. Yeri gəlmişkən, məhz bu səbəbdən mən araşdırmaçılar və jurnalistlərin seksual zorakılıq travması yaşamış qurbanlardan müsahibə alarkən istifadə etməsi üçün, qurbanların hisslərini nəzərə alan Murad Kodeksi adlı bələdçinin həmtəsisçisi oldum. 

Münaqişə ilə bağlı cinsi zorakılıq və soyqırımdan sağ çıxan bir şəxs kimi məndən bizim nə istədyimizi xəbər alırlar. 

Mən həmişə eyni cavabı verirəm: ədalət. 

Əlbəttə, ədalətin bir çox fərqli forması ola bilər. Ən çox bizə qarşı cinayət törədənlərin məsuliyyətə cəlb edilməsini istəyirik.  Biz əmin olmaq istəyirik ki, cinayətlər cəzasız qalmayacaq. Bizi əsir saxlayıb, ən iyrənc üsullarla istismar edən kişilər bir daha bizə və ya başqa qadınlara ziyan vura bilməyəcəklər. 

Müharibə zonalarında araşdırmaçı jurnalistlərin fəaliyyəti vəziyyəti dəyişməyə qadirdir və bu bələdçi bizim hekayələrimiz üzərinə işıq salmaq üçün həyati əhəmiyyət daşıyan alətdir. 

Araşdırmaçı jurnalistlərin işi dünyanı vəhşiliklərdən agah etmək kimi mühüm vəzifə daşımaqla yanaşı,  cinayətləri sənədləşdirmək işində də həyati əhəmiyyət daşıya bilər. Sizin aşkar etdiyiniz dəlillərdən hərbi cinayətin baş verdiyini və ya hansısa qrupa qarşı soyqırımı törədildiyini nümayiş etdirmək üçün istifadə oluna bilər.  Müharibənin ən çox geniş yayılmış, lakin çox zaman diqqətdən kənarda qalan alətlərindən olan cinsi zorakılıq cinayətlərinin üstünün açılması üçün bu xüsusilə mühüm bir işdir. 

Qlobal birliyin üzvləri kimi biz belə cinayətləri törədənlərin cəzasız qalmasına yol verə bilmərik. Sübutlar toplamaqla və onları məsuliyyətə cəlb etməklə, biz dünyanı daha təhlükəsiz bir yerə çevirməyə xidmət etmiş olarıq. 

İraqda jurnalistlər və  BMT-nin Daeş/İŞİD tərəfindən Törədilmiş Cinayətlərə görə Məsuliyyətin Təşviqi üzrə Müstəntiq Qrupu  (UNITAD) minlərlə sübut-dəlil toplayıb. Bu dəlillər minlərlə yezidi qadın və qızın oğurlandığı və zorlandığını göstərir. Kütləvi məzarlardan götürülən dəlillər minlərə yezidi kişinin öldürüldüyünə dəlalət edir. Lakin indiyə qədər yalnız üç şəxs məsuliyyətə cəlb edilib. 

Fəlakətdən sağ çıxanlar kimi, biz jurnalistlərin başqa mövzulara da diqqət verməli olduqlarını anlayırıq. Həmişə haradasa başqa bir böhranı işıqlandırmaq tələb olunur. Haradasa baş verən yeni faciə və əzablar haqqında xəbər vermək lazım gəlir. Lakin, fikrimcə, münaqişənin “isti” mərhələsi bitdikdən sonra nəyin baş verdiyini və ya bizə qarşı törədilmiş və bir çox digər hərbi cinayətlərin törədilmiş olduğu hallarda, nəyin baş vermədiyini diqqət mərkəzində saxlamağa dəyər. 

Müharibə zonalarında araşdırmaçı jurnalistlərin fəaliyyəti vəziyyəti dəyişməyə qadirdir və bu bələdçi bizim hekayələrimiz üzərinə işıq salmaq üçün həyati əhəmiyyət daşıyan alətdir.