Jurnalistin məhkəmə iddiaları və digər hüquqi hədələrdən yayınmağa dair Bələdçisi

Jurnalistin məhkəmə iddiaları və digər hüquqi hədələrdən yayınmağa dair Bələdçisi

Müəllif: Media Defence 1 sentyabr 2021

Məsuliyyətdən imtina: Bu sənəddəki informasiya hüquqi məsləhət təşkil etmir və hüquqi məsləhət kimi qəbul edilməməlidir. Bu sənəddəki informasiya yalnız bələdçilik etmək məqsədi daşıyır. 

Azərbaycanla bağlı hissəsini oxumaq üçün linkə tıklayın.

Son 12 ay mətbuat azadlığının necə böyük bir təhlükə qarşısında olduğunu bariz şəkildə nümayiş etdirdi. Son il ərzində bu təhlükə pandemiya səbəbindən daha da gücləndi. Natəmiz rejimlər dezinformasiya ilə mübarizə adı altında repressiv qanunlar qəbul etdilər, internetdəki informasiyaya nəzarəti gücləndirmək üçün getdikcə daha effektiv metodlardan istifadə edərək, onları tənqid edən jurnalistləri susdurmağa davam etdilər. 

Jurnalistlər hələ də zorakılığa məruz qalır və əsassız olaraq tutulur, eləcə də gizlin surətdə güdülürlər. Belə hallar xüsusilə münaqişə və seçkilər zamanı özünü büruzə verir. Çox zaman belə hücumlara görə heç kim məsuliyyətə cəlb edilmir, belə ki, jurnalistlərə qarşı zorakılıq aktlarını təhlükəsizlik xidmətlərinin əməkdaşları və ya qeyri-dövlət qruplarının üzvləri cəzasız olaraq həyata keçirirlər. 

Jurnalistlər misilsiz sayda əsassız məhkəmə iddiaları ilə üzləşirlər. Belə iddialar SLAPP adını alıb (ingiliscə, Strategic Lawsuits Against Public Participation – İctimai İştirak Əleyhinə Strateji İddialar).  Onların məqsədi jurnalistləri nüfuzlu fərdlər və ya korporasiyaların davranışına dair tənqidi fikirər ifadə etməkdən çəkindirməkdir. Belə iddialar çox zaman əsassız, qondarma və ya şişirdilmiş şikayətlər zəminində edilir, jurnalistə və ya insan haqları müdafiəçisinə təzyiq göstərmək məqsədini güdür. 

Dövlətlərin internetdəki informasiyaya nəzarət etmək cəhdləri ifadə azadlığı və müstəqil jurnalistika üçün daha bir problem yaradır. Bir çox dövlətdə ənənəvi mətbuat üçün xüsusilə ağır və repressiv mühitin olması səbəbindən,  internet çox zaman azad və müstəqil fikir söyləmək üçün son platformaya çevrilib. Lakin hazırda dövlətlər müxtəlif vasitələrlə internetdə söz azadlığını sıxışdırmağa çalışır. Bir çox ölkənin hüquqi sistemində internet üzərində güclü nəzarət mexanizmləri var. Bu mexanizmlər vaxtaşırı bloklama və ya internet saytlarının filtrasiyası vasitəsilə həyata keçirilir. 

Müstəqil jurnalistika böyük maneələrlə üzləşir. Buraya avtoritar rejimlər tərəfindən reqressiv qanunlar vasitəsilə söz azadlığının boğulmasından tutmuş, jurnalistlərə peşələri vasitəsilə pul qazanmağa imkan verilməməsi kimi metodlar daxildir.  Bu problemlərlə üzləşmiş jurnalistlərə onların beynəlxalq qanunlar tərəfindən necə müdafiə edildiklərini başa düşmək faydalı ola bilər. 

Aşağıda tədqim edilən məsləhətlər beynəlxalq hüquq normalarının və jurnalistlərin üzləşdiyi əsas təhlükələrin ümumi icmalıdır. Burada jurnalist olaraq gündəlik fəaliyyətiniz ərzində hüquqi təhlükələrin qarşısını almaq, onların effektini azaltmaq və onlardan müdafiə olunmağa dair məsləhətlər verilir.  

Diffamasiya

Diffamasiya ümumi hüquqi termindir və geniş surətdə hüquqi və ya fiziki şəxsin adına əsassız olaraq ziyan vuran saxta bəyanat kimi başa düşülür.  Beynəlxalq İnsan Hüquqları Qanununa görə, diffamasiya şəxsin “şərəf və ləyaqətinə” edilən “qeyri-qanuni hücumlardan” müdafiə kimi qəbul edilir. 

Hər ölkə diffamasiya haqqında qanuna malikdir. Buna görə, hər hansı diffamasiya iddiasından müdafiə olunmaq üçün atılan ilk addım müvafiq yurisdiksiyanı müəyyən etmək və yerli səviyyədə hüquqi dəstək axtarmaqdan ibarət olmalıdır. 

Diffamasiya riskindən yayınmaq və ya onu azaltmaq wçün məsləhətlər

Jurnalistlər hüquqi riskləri tam azalda bilməsələr də, aşağıdakı siyahıda diffamasiyada günahkar bilinmək riskini minimuma endirmək üçün praktik məsləhətlər təqdim edilir: 

  • Müsbət jurnalistika prinsiplərinə əməl edin. İşinizdə müfəssəl, ədalətli və dürüst olun. Mənbələrinizi və iqtibaslarınızı diqqətlə yoxlayın. Mümkündürsə danışıqlarınızı icazə aldıqdan sonra lentə yazın. Cümlələrinizi qurarkən dediklərinizi sübut etmək üçün dəlillərə malik olmadığınız haqda və ya dəlil toplamaq niyyətində olmadığınız barədə təsəvvür yaratmayın. Bundan başqa, müsahibə aldığınız şəxsin sözlərini özünüz bilən kimi seçib, ümumiləşdirib, öz ifadələrinizlə dırnaq içərisində yazmayın.  Daha ətraflı məsləhət üçün “Telefon danışıqlarının yazılması”  və “Jurnalist vərdişləri və prinsipləri” məqaləsini oxuyun. 

Yalnız sübut edə biləcəyinizi deyin, qeydlərinizi saxlayın, razılıq alın, faktları yoxlayın və etibarlı mənbələrdən istifadə edin. 

  • Nə dediyinizə nəzarət edin və yalnız sübut edə biləcəklərinizi deyin. Dediklərinizin dürüst olmasına nəzarət edin və çoxmənalılıqdan uzaq olun.  
  • Təhqiqatınızın qeydlərini və digər sənədləri saxlayın. Əgər hansısa biznes və ya şəxs haqqında qalmaqala səbəb ola biləcək bəyanat verməyə hazırlaşırsınızsa,  bəyanatınızın həqiqi olduğunu və faktlara əsaslandığını sübut etməyə qabil olmalısınız. Buna görə  bütün mümkün dəlil-sübutu toplayın. 
  • Əgər qeyd aparmaq üçün sizə müsahibəni lentə və ya videoya yazmaq lazımdırsa, müsahibin buna razılığı yazılı surətdə verməsi vacibdir.  
  • Həmişə faktları yoxlayın və etibarlı mənbələrdən istifadə edin. Başqa yerdə yazılanların avtomatik olaraq həqiqət olduğunu düşünməyin. 
  • Unutmayın ki, diffamasiya sayılan bəyanatı təkrar dərc etmək də hüquqi məsuliyyət yaradır. İddiaları təkrar edərkən çox ehtiyatlı olun. Hətta kiminsə böhtan sayıla biləcək bir tvitini paylaşsanız, sizə qarşı məhkəmə iddiası qaldırıla bilər. 
  • Əgər hansısa məsələ barədə öz fikrinizi bildirirsinizsə, aydın surətdə bunun sizin subyektiv fikriniz olduğunu və bədnam məqsədlərlə ifadə edilmədiyini bildirin. 
  • Əgər yazdığınız məqalənin kiminsə şərəf və ləyaqətinə ziyan vuracağını bilirsinizsə, bu barədə yazmağa hüququnuzun olub- olmadığını yoxlayın. Elə mövzular var ki, diffamasiya olub- olmamasından asılı olmayaraq onlar barədə yazmağa sizin hüququnuz var.  Lakin yadda saxlayın ki, diffamasiya haqqında qanunlar ölkədən ölkəyə fərqlidir. Böyük Britaniyanın hüquqi sistemi ələxüsus mətbuata qarşı edilən diffamasiya iddialarına rəğbətlə yanaşır. 
  • Diffamasiya iddiaları çox vaxt apara və baha başa gələ bilər. Hətta  məhkəməni udsanız belə, özünüzü müdafiə etməyə nəhəng məbləğdə pul xərclənə bilər. Belə hallardan sığortanızı yoxlayın və ya  peşə sığortası və ya məsuliyyət sığortasının sizə yararlı olub-olmadığını öyrənin. Bu, xüsusilə frilans müxbir işləyənlər üçün mühümdür. 

Mənbələrin qorunması

Bir çox hallarda məxfi mənbələr və ya xəbərçilər olmadan araşdırmaçı jurnalistika lazımi nəticələr əldə edə bilmir. Belə mənbələr ictimai maraq naminə verdikləri məlumata görə fiziki, iqtisadi və ya peşə zəminində qisas hərəkətlərindən qorunmaq üçün anonimliyə ehtiyac duya bilərlər. Qlobal miqyasda jurnalistlər məxfi mənbələrin kimliyini açıqlamamağa dair etik öhdəliklər müəyyən etmişdirlər. Bununla yanaşı beynəlxalq səviyyədə mənbələrin güclü hüquqi müdafiəsi ənənəsi də mövcuddur. Bu, məxfi mənbələrin “keşikçi” jurnalistika və ya “məsuliyyətli” jurnalistikanın işlək olmasında oynadığı son dərəcə zəruri rolun tanınması deməkdir. Mənbələrin adının açıqlanmasına məcbur edilməsi söz və mətbuat azadlığına, habelə informasiyanın sərbəst olmasına maneə törədir. 

Məxfi mənbələrə zərər dəyməsi riskindən yayınma və ya onu minimuma endirməyin yolları

Rəqəmsal təhlükəsizlik  müstəqil jurnalistlər qarşısında duran fundamental problemdir. Rəqəmsal izləmə mühitində məxfi mənbələrlə işləyərkən tətbiq oluna bilən ən yaxşı təcrübələri ümümiləşdirmiş Rəqəmsal Dövrdə Xəbərçilərlə İşləyən Jurnalistlər Üçün Peruca Prinsipləri aşağıdakı prinsipləri mənbələrin qorunmasında faydalı hesab edir: 

Mənbələrinizi qoruyun. Xahiş edilən zaman, anonimliyi müdafiə edin. 

  • Mənbələrə sizinlə birinci dəfə əlaqə yarada bilmək üçün təhlükəsiz üsulları təmin edin. 
  • Potensial mənbələrə sizinlə əlaqə yollarını və hər yolun yaratdığı riskləri deməklə, anonim və şifrəli rabitə vasitələrini göstərin. 
  • Mənbənizin verdiyi məxfi məlumatın ona necə ciddi təhlükə yaratdığını dərk edin. Onlara rəqəmsal izləmədən doğan potensial riskləri izah edin. 
  • Rəqəmsal müdafiənizə məsuliyyətli yanaşın və şifrələrdən istifadə edin. 

Şifrələrdən istifadə edin, xəbər vermənin təhlükələrini dərk edin, mənbələrinizi qoruyun, hüquqi-normativ baza ilə tanış olun. 

  • Sizə və mənbənizə ən böyük təhlükələri müəyyən edin, ikinizin müdafiəsi üçün tələb olunan spesifik addımlara dair qərarlar verin. 
  • Mümkün olduğu qədər sənədlərin orijinallarını və məlumat dəstlərini tam şəkildə dərc edin, çünki məlumat dəstləri jurnalist materiallarında vacib rol oynayır. 
  • Məxfi mənbələri qorumaq üçün sizdən xahiş ediləndə onların verdiyi məlumatları etik, hüquqi və peşə öhdəliklərinə uyğun surətdə təhlükəsiz şəkildə silin. 
  • Məxfi mənbələr və xəbərçilər üçün olan hər hansı rəqəmsal rabitə qutularının kifayət qədər təhlükəsiz olmasına, yüksək məxfilik dərəcəsinə malik materiallar üçün anonimliyi təmin etməsinə əmin olun. 
  • Mənbə və xəbərçilərin mühafizəsinə dair milli, regional və beynəlxalq hüquqi-normativ bazalarla tanış olun. 

Digital Media Law Project (Rəqəmsal Media Qanunu Layihəsi) aşağıdakıları məsləhət görür:

  • Məxfilik vəd edəndə ehtiyatlı olun: Məxfilik vəd etmək sizə və mənbələrinizə xeyir verə bilər, lakin siz bu vədi ancaq bütün müsbət və mənfi tərəfləri dərindən təhlil etdikdən sonra verə bilərsiniz. 
  • “Jurnalist imtiyazından” istifadə edərək mənbələrinizi və dərc olunmamış məlumatları qoruya bilib-bilmədiyinizi öyrənin: Bəzi yurisdiksiyalar məhkəməyə çağırılan və ya belə məlumatın təqdim olunması üçün hüquqi tələblərlə üzləşən jurnalistlərə müdafiə nəzərdə tutur. 
  • İşinizin harada dərc olunacağı haqqında fikirləşin: Materialınızın dərc olunduğu yer sizin mənbələrinizi qorumaq və məlumat toplamaq imkanınıza təsir göstərə bilər. 

Kibercinayətin və təqibin qurbanı olarkən

Jurnalistlərin üzləşdikləri problemlərin çoxu yeni texnologiyalardan istifadə, eləcə də rəqəmsal mühitlərdə məlumatlardan sui-istifadə və izlənmə ilə bağlıdır.  Jurnalistlər mütəmadi olaraq internetdə təqib, internet vasitəsilə aparılan koordinasiya edilmiş qarayaxma kampaniyaları,  virus hücumları, saxta domen hücumları, vasitəçi (MitM) hücumları və distribusiya edilmiş xidmətdən imtina (DDoS) tipli rəqəmsal təhlükələrlə qarşılaşırlar.  Dövlət təsisatlarını tənqid edən jurnalistləri susdurmaq, qorxuya salmaq, hədələmək və gözdən salmaq üçün “troll ordularından” getdikcə daha çox istifadə olunur. Bir çox hüquqi sistemlər mətbuata zorakılıq edənləri cəzalandırmaq işində astagəl olur və ya hazırsızlıq nümayiş etdirir.  Bu, zəif məhkəmə sistemi və ya nüfuzlu qüvvələrə və dövlətin özünə qarşı addım atmaq üçün siyasi iradənin olmaması ilə bağlıdır. Müstəqil ədliyyə sisteminin zəifliyi yerli məhkəmələrdə cinayətkarları məsuliyyətə cəlb etməyi olduqca müşkül edir. 

Kibercinayət nədir?

“Kibercinayət”in aydın, hamı tərəfindən qəbul edilmiş tərifi olmasa da, beynəlxalq təşkilatlar adətən bu termindən  kompüter şəbəkəsi və ya internet vasitəsilə törədilmiş qanun pozuntularını təsvir etmək üçün istifadə edirlər. Buraya geniş anlamda cinayətlər, internet və qanunsuz xakerlik yolu ilə terror və casusluq fəaliyyəti, kontentlə bağlı qanun pozuntuları, oğurluq, məlumatların manipulyasiyası və kiberbullinq daxildir. 

Kibercinayətin növləri

  • Özəl məlumatların açıqlanması

Sərhədləri adlayan məlumat axınları daxil olmaqla məlumatlardan istifadə ildən ilə artır. Bu, ilk növbədə şəxsi məlumatlara aiddir. Lakin şəxsi məlumatların toplanması və işlədilməsi qaydalarında boşluqlar mövcuddur. Bu isə ciddi fəsadlarla nəticələnə bilər. Bu səbəbdən məlumatların qorunması qaydaları həyati əhəmiyyət kəsb edir.  Avropa İttifaqının Ümumi Məlumatların Mühafizəsi Qaydalarına (GDPR) əsasən,  özəl məlumata qarşı pozuntular ötürülən, saxlanılan və ya işlənilən şəxsi məlumatların “təsadüfi və ya qeyri-qanuni məhvinə, itkisinə, dəyişdirilməsinə, icazəsiz açıqlanmasına aparan təhlükəsizlik qaydalarının pozulması hesab edilir. 

  • İnternetdə yazılanların cinayət hesab edilməsi 

Kibercinayət qanunvericiliyi adətən internetdə yerləşdirilmiş geniş spektrli qanunsuz və ya zərərli yazılara qarşı yönəldilir. Buraya terrorizmin təbliğatı, irqi ayrı-seçkilik, nifrətin təbliği, açıq-saçıq seks məzmunlu materiallar (məsələn, uşaq pornoqrafiyası), küfr, dövlətin və dövlət təsisatlarının tənqidi, intellektual mülkiyyət hüquqlarını pozan materiallar daxildir. 

  • İnternetdən sui-istifadə, kibertəqib və kiberbullinq

İnternet vasitəsilə təqibin müxtəlif növləri var. Kibertəqib və DDos hücumlarından tutmuş, doksinq və seksual təqibə qədər. Kibertəqib mesajlar, telefon zəngləri və ya sosial media vasitəsilə edilən təqiblərdir. Bunlar fərdin, xüsusilə də zəif və marginal qrupların internetdən istifadə hüquqlarını son dərəcədə məhdudlaşdırır. Tədqiqatlar göstərir ki, internet təqibi çox zaman insanın şəxsi və ya fiziki özəlliklərini hədəfə alır. Belə təqiblər əksər hallarda zəif və marginal qruplara, məsələn, cinsi azlıqlara və qadınlara qarşı aparılır. Qadınlar  kibertəqibin seks zəminində edilən formalarına kişilərdən dəfələrlə artıq səviyyədə məruz qalırlar.  İnternet təqibinin başqa bir forması isə kiberbullinqdir. Bu zaman hədəfə nifrət dolu, qorxuya salan, hədələyən mesajlar çox zaman sosial media vasitəsilə göndərilir. 

Kibercinayət riskindən yayınmağa və onu minimallaşdırmağa dair məsləhətlə

“Media Defence” qadın jurnalistlərə internetdə özlərini qorumağa dair bu praktik məsləhətləri verir:

  • Sosial mediada həştəqlərdən istifadə edərkən spesifik mövzularda trolların koordinasiya edilmiş hücumlarından yayınmaq məqsədilə ehtiyatlı olun.
  • Sosial saytlarda harada olduğunuzu canlı rejimdə paylaşmayın. Oranı tərk edəndən və ya işinizi bitirdikdən sonra bunu etmək daha təhlükəsizdir. 
  • Hədə-qorxular daha ciddi olanda bu haqda həmkarlarınıza, redaktorunuza və rəhbərliyə xəbər verin. Onlarla birgə təhlükəsizliyinizin təmin edilməsinə dair plan hazırlayın. 
  • Keçirdiyiniz emosional sarsıntının nəticələrinin öhdəsindən gəlmək üçün şərait yaradın. Dostlarınız, həmkarlarınız və ya sizə kömək edə biləcək peşəkarla söhbət edin. 
  • Hədə və ya hücum haqqında onun göndərildiyi sayta xəbər verin. Əgər pozuntu həmin platformanın öz xidmət qaydalarını və davranış məcəlləsini pozursa, bu barədə xəbər vermək vacibdir. 
  • İşlədiyiniz mətbuat qurumuna işçilərə təqib və onunla mübarizəyə dair tədris proqramı təşkil etməyi məsləhət görün. 
  • Daha ətraflı məlumat üçün  IWMF and TrollBusters resurslarını oxuyun. 

Media Defence” daha sonra  intim şəkillərin icazəsiz yayılması təqdirində aşağıdakı addımları məsləhət görür: 

  • Cinayətin tam sənədləşdirilməsi üçün internetdə yerləşdirilmiş materialların surətlərini çıxarın. Burada materialın yerləşdirildiyi tarix, sayt və yerləşdirənin kimliyi qeyd olunmalıdır. Skrinşotlar bunu etməyin ən yaxşı yoludur. 
  • Psixologiya, sosiologiya və hüquq üzrə mütəxəssislərlə məsləhətləşin. 
  • Polisə ərizə yazın. Hətta sizin ölkənizin icazəsiz intim şəkillərin yayılmasına qarşı spesifik qanunu olmasa belə, qanun pozuntusu mövcud cinayət məcəlləsinin maddəsi ilə qeydə alına bilər. 
  • Materialların dərc edildiyi platformaya xəbər göndərin. Həmin xəbərə polisə verdiyiniz ərizənin surətini qoşun. 

Casus proqramlar və rəqəmzal izləmə

Jurnalistlər getdikcə daha çox izləmə və monitorinq hərəkətlərinə məruz qalırlar. Bura ziyanlı proqramlar, casus proqramları (nümunə olaraq bu yaxınlarda baş vermiş Peqasus qalmaqalı), sifəti tanıyan softverlər və sosial medianın izlənilməsi kimi hərəkətlər daxildir. İzləmə və monitorinqdən çox vaxt jurnalistləri susdurmaq üçün hədə-qorxu aləti kimi istifadə olunur. Belə əməllərin təsirinə məruz qalmaq qorxusu azad söz demək imkanlarına təsir edə və özünüsenzura ilə nəticələnə bilər. Dövlətlərin və hökumətlərin şifrələmə və anonimlik kimi özəl həyat vasitələrinin məhdudlaşdırılmasına yönəlmiş tədbirləri jurnalistlərin təhlükəsiz və azad surətdə fəaliyyət göstərməsini əngəlləyir. Belə ki, jurnalistlər bu vasitələrdən senzuradan yayınaraq informasiya əldə edə və izləmədən yayına bilmirlər. 

İzləmə risklərindən yayınma və onları minimallaşdırmağa dair məsləhətlər

İzləmədən qorunma

“Media Defence” qrupu “Privacy International”ın 10 ən çox tanınan prinsiplərinin  xülasəsini hazırlayıb. Onlar hökumətlər tərəfindən aparılan əməliyyatlar daxil olmaqla, izləmənin yetirdiyi ziyanı azaltmaq məqsədi güdür. Bu prinsiplər fundamental hüquqların qorunması üçün bünövrə yaradır və rəqəmsal casusluğu kifayət qədər məhdudlaşdıran daxili qanunvericiliklə birlikdə tətbiq ediləndə ideal nəticələr verə bilir. Bu mövzu üzrə ən əhatəli mənbə  ARTICLE 19-un “İfadə Azadlığının və Özəl Həyatın Müdafiəsinə dair Qlobal Prinsiplər” adlı sənədidir. 

Rəqəmsal təhlükəsizliyə dair ümumi məsləhətlər

İzlənmək ehtimalı xüsusilə yüksək olan jurnalistlər ən yaxşı təcrübələrə  əməl etməli və sadə məlumat təhlükəsizliyi qaydalarını tətbiq edərək şəxsi söhbətlərə icazəsiz girişdən qorunmalıdırlar. 

  • Könüllü surətdə internetdə paylaşdığınız məlumatları diqqətlə seçin. Özünüzün və mənbələrinizin şəxsi istifadəçi adlarını, parollarını və əlaqə məlumatlarını yaxşı mühafizə edin. Mühafizə olunmayan ictimai  WiFi-dan istifadədən çəkinin. 
  • Tanımadığınız və qorunmayan internet saytlarına daxil olmayın. İlk növbədə mühafizə olunmayan və  “https://” protokolundan istifadə etməyən saytlardan uzaq olun. (Brauzerdə qıfıl simvolunun olub-olmamasına fikir verin.)
  • Əlaqələriniz üçün Signal və ya Telegram kim şifrəli kanallardan  mümkün qədər çox istifadə edin. 
  • Elektron cihazlar üçün güclü parollardan istifadə edin və eyni paroldan bir neçə hesab üçün istifadə etməyin. Parollarınızı tez-tez dəyişin. 
  • Cihazlarınızı qoruyun və mümkün qədər lokasiya xidmətlərini söndürülmüş saxlayın. 

 Jurnalistlərin Müdafiəsi Komitəsi (CPJ) əlavə olaraq bu addımları məsləhət görür:

  • Müntəzəm olaraq cihazlarınızı, tətbiqlərinizi və brauzerlərinizi yeniləyin. 
  • Fişinq və spufinq hücumlarından ehtiyatlı olun. Bunlar etibarlı mənbələrdən gəlmiş mesajlar kimi görünsə də, sizi ziyanlı proqramları endirməyə sövq etməyə çalışırlar. Onları WhatsApp qrupları, sosial media mesajları, email və ya SMS-lər vasitəsilə göndərirlər. Belə mesajlardakı linkləri açmayın. Əksinə,  informasiyanın həqiqiliyini axtarış mühərriki ilə və ya onu göndərənin açıq istifadədə olan telefon nömrəsinə zəng etməklə yoxlayın. 
  • Xəbər redaksiyalarının IT işçiləri DDoS hücumlarından müdafiə olunmaq üçün internet saytlarının mühafizəsini gücləndirməli, internet tətbiqlərində “firewall” yerləşdirməli və serverlərin gücünü artırmalıdırlar. 
  • Telefonunuzda, notbukunuzda və sosial media hesablarınızda saxlanılan informasiyaya nəzər salın. Sənədləri, fotoları, videoları və sizin, ailənizin və mənbələriniz haqqında şəxsi məlumat daşıyan başqa materialların surətini çıxardıqdan sonra silin. 
  • Touch ID və sifətdən tanıma kimi biometrik sistemlərlə telefonunuzu açmağın zəruriliyini götür-qoy edin. Hüquq-mühafizə orqanları bunlardan istifadə edərək telefondakı məlumat və mənbələr haqqında informasiyanı əldə edə bilərlər. 
  • Hesablarınızı hər istifadədən sonra tərk edin və brauzer tarixinizi pozun. 
  • Müxtəlif axtarış sistemlərindən istifadə edərək öz adınızı axtarın və açıq istifadədə olmasını istəmədiyiniz məlumatlarınızı pozun. 
  • Hesablarınızda trol fəaliyyətinin artması əlamətlərinə nəzarət edin. 
  • İnternetdə təqibin əlavə riskləri və təsirləri haqqında ailə və dostlarınızla söhbət edin. İnternetdə təcavüzkarlar çox zaman jurnalistlər barədə informasiyanı onların qohumları və dostlarının sosial media hesablarından alırlar. 
  • Əgər  internet provayderinizin internet fəaliyyətinizi izləməsindən şübhələnirsizsə, VPN-dən istifadə edin. Bunu xüsusilə həssas araşdırma apararkən etmək lazımdır. VPN servisinin də sizi izləyə bilməsi mümkündür, buna görə ən yaxşı VPN xidmətlərini seçin.  

Uydurma ittihamlar və əsassız saxlanılma/Həbs riskləri

Jurnalistlər uydurma ittihamlarla qanunsuz əməllərdə günahlandırlaraq məhkum oluna bilərlər.  ATƏT-in Jurnalistlərin Təhlükəsizliyi Kitabçasında  qeyd olunur ki, bu taktikadan xüsusilə dövlətin, ictimai simaların və böyük nüfuza malik mütəşəkkil qrupların maraqlarına ziyan vuran, ictimai maraq doğuran məsələlərin işıqlandırılmasını dayandırmaq üçün istifadə olunur. Bəzi jurnalistlər əsassız və saxta ittihamlarla qanunsuz olaraq həbs edilirlər. Bir çoxu tutularaq, ittiham irəli sürülmədən bəzən uzun müddət ərzində təcrid olunurlar. 

Saxta ittiham və həbs riskinin azaldılması və ondan yayınmağa dair məsləhətlər

Əsas olmadan saxlanılma və ya qondarma ittihamlarla məhkum edilmə riski dinamik bir konsepsiyadır.  O, vaxt keçdikcə hədələrin, zəifliklərin və imkanların xarakterinə uyğun olaraq müxtəlif formalar ala bilir. Bu isə risklərin vaxtaşırı dəyərləndirlməsini zəruri edir. Bunu işlədiyiniz mühit və təhlükəsizlik vəziyyəti dəyişdikdə etmək xüsusilə vacibdir. Riskləri məqbul səviyyəyə endirmək üçün Sərhədsiz Müxbirlərin Təhlükəsizlik Təlimatı jurnalistlərə bunları məsləhət görür:

  • Zəiflik faktorlarını azaldın. Zəiflik sizin olduğunuz yer və ya telefonla zəng etmək imkanının daralması ola bilər. Buraya həmçinin dəstək şəbəkəsinin və birgə cavab aksiyasının olmaması daxildir. 
  • Mühafizə imkanlarını artırın: İmkanlar qrupun ya müdafiəçinin təhlükəsizliyini qaneedici səviyyəyə çatdırmaq üçün tələb olunan güc və resurslardır.  Belə imkanlara nümunə kimi təhlükəsizlik və hüquqi məsələlər üzrə treninq, qrupun komanda kimi işləməsi, telefon və təhlükəsiz nəqliyyat, yaxşı vəkil şəbəkəsi, qorxunun öhdəsindən gəlmək üçün yaxşı strategiya və sairəni göstərmək olar. 

 SEEMO-nun Təhlükəsizlik Şəbəkəsi Təlimatı  əlavə təkliflər verir:

  • Əgər təzyiq altındasınız və ya xarici hədələrlə üzləşmisinizsə və bunu ictimai yolla sübut edə bilmirsinizsə, jurnalist həmkarlarınıza xəbər verin. 
  • Təzyiqi sübut edən dəlilləri toplayın — SMS və ya email mesajlarını, sənədləri, audio ya video yazılarını. Onları təhlükəsiz yerdə saxlayın və etibar etdiyiniz adamlarla bölüşün. 
  • Sübutu mümkün olan hər hansı birbaşa təzyiq və ya təhlükə hallarında jurnalist mətbuata və media birliklərinə, habelə ictimaiyyətə xəbər verməlidir. 
  • Jurnalist və ya onun ailə üzvünə qarşı edilən hər bir hədə-qorxu və fiziki hücum barədə polisə məlumat verilməlidir və bu hadisə mətbuatda dərc olunmalıdır. 
  • Bu cür hallarda jurnalist həmrəyliyi olduca mühüm əhəmiyyət daşıyır. Hər bir ciddi hədə və ya fiziki hücum barədə beynəlxalq ictimaiyyətə xəbər verilməlidir. 

Bundan başqa, CPJ həbs və saxlanılma ilə üzləşmiş jurnalistlər üçün  Fiziki və Rəqəmsal Təhlükəsizlik Dəsti hazırlamışdır:

Rəqəmsal təhlükəsizlik məsləhətləri

  • Potensial saxlanılma və ya həbs təhlükəsi yaranmazdan öncə cihazlarınızı və məlumatlarınızı qorumaq üçün tədbirlər görün.  Bu, başqalarının siz və mənbələriniz barədə informasiyanı əldə etmək imkanını azalda bilər. Cihazlarınızda hansı məlumatların, sənədlərin və fotoların olduğunu və harada saxlanıldığını bilməlisiniz. 
  • Təhlükə yaradan məlumatları silin. Nəzərə alın ki, hakimiyyət dairələri və ya cinayətkar qruplar yüksək texnologiyalardan istifadə edərək silinmiş materialları bərpa edə bilərlər. Brauzer tarixini müntəzəm olaraq pozun və istifadə etdikdən sonra həmişə hesablarınızı tərk edin.  
  • Sosial media hesablarınıza daxil olma imkanlarını məhdudlaşdırın. Bütün hesablarınızın məzmununu, email və sosial media daxil olmaqla, müntəzəm olaraq yoxlayın. Özünüzə və başqalarına risk yarada biləcək məlumatlardan agah olun. 

Fiziki təhlükəsizlik məsləhətləri

  • Jurnalist kimi işlədiyiniz region və ya ölkədə hüquqlarınızı öyrənin və başa düşün. Bunları ayırd edin: Sizi nəyə görə həbs edə bilərlər və nəyə görə edə bilməzlər; əvvəllər baş vermiş jurnalist həbslərinin təfərrüatları və onlarla rəftar; həmin gün həbsi hansı hökumət və hüquq-mühafizə orqanları həyata keçirə bilər; həbs olunsanız sizi harada saxlaya bilərlər; vəkillərdən istifadə etmək imkanı.

Daha ətraflı məlumat üçün CPJ-in sizin dilinizdə yazılmış Risklərin Dəyərləndirilməsi şablonlarına baxın.

Saxlanıldığınız və ya həbs edildiyiniz təqdirdə:

  • Sizi həbs etməzdən əvvəl polis zabiti sizə həbs olunduğunuzu və bunun səbəbini deməlidir. Həbsin yerini, vaxtını və ona aparan şəraiti yadda saxlayın. 
  • Həbsin şəkilini və ya videosunu çəkmək məsləhət görülmür. Bu polisi təhrik edə və sizin avadanlığınızın zədələnməsi, müsadirə edilməsi və ya sındırılması ilə nəticələnə bilər. 
  • Adları, jeton nömrələri, şöbələri və şəxsi əlamətləri daxil olmaqla polis zabitləri haqqında mümkün qədər çox təfərrüatı qeyd edin. 
  • Ətrafda duran adamlara fikir verin, onlar sizin həbsinizin şahidi qismində çıxış edə bilərlər. 
  • Əgər hansısa polis zabiti sizə fiziki təpki edərsə,  zədələrinizin, aldığınız müalicənin və xəstəxanaya getdiyiniz halların qeydini aparmağa çalışın. Məsuliyyət daşıyanların adlarını və zahiri görünüşünü qeydə alın. 

Daha ətraflı məlumat üçün CPJ-nin İlkin Təhlükəsizlik Dəyərləndirilməsi və ya bu GIJN məqaləsini oxuyun. Onlarda evinizə hökumət tərəfindən reyd zamanı məsləhətlər vardır (ələxüsus Rusiya haqqında).

Saxta xəbərlər və təbliğat

“Təbliğat”, “dezinformasiya” və “Fake news” kimi terminlər çox zaman eyni mənada işlənilir. Onlardan bilərəkdən və ya bilmədən ziyanlı informasiyanın paylaşmasının müxtəlif yollarını təsvir etmək üçün istifadə edilir. Belə paylaşmalar adətən hansısa mənəvi və ya siyasi məqsədləri və ya siyasi baxışları təbliğ etmək üçün edilir. 

 Avropa Şurası bu qrupa daxil olan üç aydın istifadə arasında fərq qoyur:

  • Yanlış informasiya: Səhvən və ya bilmədən yaradılan və yayılan qeyri-dəqiq informasiya.
  • Dezinformasiya: Qəsdən yaradılan və yayılan, insanların rəyinə təsir edən və həqiqəti gizlədən saxta informasiya.
  • Ziyanlı informasiya: Ziyan vurmaq məqsədilə paylaşılan həqiqi informasiya.

Avropa Parlamenti saxta xəbərlər və təbliğatın başqa ümumi elementlərini müəyyən edir:

  • Manipulyasia xarakterli: Saxta, manipulyasiya və ya çaşdırmaq üçün tərtib olunmuş kontent (dezinformasiya) və ya qeyri-etik inandırma texnikalarından istifadə (təbliğat). 
  • Niyyət: Təhlükə hissi yaratmaq, nifaq salmaq və ya düşmənçilik yaratmaq və ya demokratik prosesi pozmaq məqsədilə yaradılmış kontent. 
  • İctimai maraq: İctimai maraq doğuran mövzu haqqında kontent.
  • Yayılma: Çox vaxt  informasiyanın ötürülməsini gücləndirmək üçün avtomatik yayılma texnikalarından istifadə edən kontent.

Sosial şəbəkələr və dezinformasiya/təbliğat

“Fake news” adını almış hal yeni fenomen olmasa da, sosial media kimi yüksək texnoloji informasiya və rabitə formalarından geniş istifadə imkanları ona son zamanlarda yeni əhəmiyyət verib. Məsələn, mətnlərin, şəkillərin, videoların və ya linklərin internetdə paylaşılması informasiyaya bir neçə saat içində virus kimi yayılmaq imkanı verir, bununla yanaşı  təhlükəsizlik haqqında yeni narahatlıqlar yaradır. Buna baxmayaraq, vətəndaş jurnalistlər tərəfindən yaradılan sosial media kontenti hazırda etirazlar haqqında getdikcə daha mühüm məlumat mənbəyinə çevrilir. 

Yanlış informasiya və dezinformasiyanın qarşısını almaq və təsirini azaltmağa dair məsləhətlə

Yanlış informasiya ilə mübarizə üçün PEN America aşağıdakıları məsləhət görür:

  • Məlumatın dürüst olduğunu ehtimal etməyin; sosial mediadakı bütün kontenti diqqətlə yoxlayın. Bunu etməyin yolları barədə daha ətraflı məlumat almaq üçün GIJN-in  geniş təlimatını və ya videoların yoxlanılmasına dair “First Draft” adlı cib kitabçasını oxuyun. 
  • Etiraz aksyası haqqında internet hesablarından və ya email ünvanlarından alınan hər hansı informasiyanı diqqətlə yoxlayın. 
  • Çox vaxt həqiqi xəbər mənbələrini yamsılayan, xüsusilə də lokal xəbərləri dərc edən saxta xəbər saytlarından muğayat olun. Yardım üçün Poynterin “PolitiFact”, ”NewsGuard’-ın müşahidə mərkəzi və ya |Factcheck.org” saytına baxın. 

UNESCO bundan başqa aşağıdakı  suallara cavab axtarmağı məsləhət görür:

  • əllifin, müxbirin ekspert səviyyəsini müəyyən edin: Bu kimin işidir? Ekspert bilikləri, yazdığı başqa məqalələr daxil olmaqla jurnalist barədə nə məlumdur? 
  • Materialın növünü müəyyən edin: Bu nədir? Rəyi, təhlili və ya reklam tipli (sponsoru) məlumatları fərqləndirən məqamlara diqqət yetirin. 
  • İqtibaslara və mənbələrə diqqət yetirin: Araşdırmaçı və dərin təhlil aparan məqalələri oxuyarkən, fakt və yozumların arxasında duran mənbələri yoxlayın və başa düşün. 
  • Yerdəki vəziyyəti və yerli icmanın durumunu öyrənin.
  • Tərəflərin mövqelərini müəyyən edin: Redaksiya müxtəlif mövqeləri işıqlandırmaq üçün səylər göstərmək işinə sadiq qalıbmı? 

Satira

Məsuliyyətdən imtina mətnindən istifadə kömək edə bilər, lakin tam surətdə məsuliyyətdən qaçmaq mümkün olmaya bilər, xüsusilə də imtina kiçik hərflərlə kifayət qədər inandırıcı satirik məqalənin altında yazılanda.

Satira beynəlxalq ifadə azadlığı müddəaları tərəfindən qismən qorunur. 2007-ci ildə “Təsviri İncəsənət İttifaqı Avstriyaya qarşı” adlı məhkəmə işinə baxarkən Avropa İnsan Haqları Məhkəməsi satiranı “bədii ifadə və sosial publisistika forması kimi” təsvir etmiş və satiranın “ona xas olan şişirdilmə və reallığı təhrif etmə kimi fəndlərlə təbii şəkildə provokasiya etməyə və cırnatmağa çalışdığını” bildirmişdi. “Buna görə də, sənətçinin belə ifadədən istifadə etmək hüququna müdaxilə xüsusi diqqətlə yoxlanılmalıdır.”

Buna baxmayaraq, satira janrında işləəyənlər çox zaman diffamasiya və ya müəllif hüquqları bəhanəsi ilə hüquqi çəkişmələrə məruz qalırlar. Satira və diffamasiya arasındakı əsas fərq odur ki, satiranın məqsədi adamları satirik materialın həqiqiliyinə inandırmaq deyil. Satira zəhərli, təndiqi olur və sataşmaq məqsədilə edilir.  

Satiradan istifadədə hüquqi risklərdən yayınma və onları azaltmağın yolları 

Mətbuat Azadlığı üzrə Müxbirlər Komitəsi  satira üstündə diffamasiyada ittiham edilməkdən yayınmaq üçün aşağıdakı məsləhətləri təqdim edir.

  • Xəbərin həqiqi olmadığını göstərmək üçün qeyri-ciddi tonda danışın və ya yazın. 
  • Məqalənin dərc olunacağı nəşrin növünü nəzərə alın. Bu nəşr keçmişdə satira və parodiya tipli məqalələr dərc edibmi? 
  • Yayımın növünü nəzərə alın. Bu jurnaldır, qəzetdir, bloqdur, televiziya və ya radio xəbər buraxılışıdır? Janrın xüsusiyyətlərini nəzərə alın. Kitabların tənqidi icmalı bölümü üçün yazırsınız? Yoxsa redaksiya məqaləsi, xəbər səhifəsi, satirik internet saytı və ya proqramı üçün?  Materialınızın coğrafi əhatə dairəsini və auditoriyasını da nəzərə alın. 
  • Qeyri-standart başlıqdan istifadə əvvəlcədən oxucularu yazının  ciddi məqalə olmadığına hazırlayacaq. 
  • Materialınızda inandıcı olmayan, son dərəcə gülməli sözlər, ekspert və ya qrupların gülünc adları və akronimləri, inanılmaz, məntiqdən uzaq və şişirdilmiş iqtibaslar da materialın qeyri-ciddi komik olduğunu işarələyir. 
  • Əsl insanların adları əvəzinə real adamların adlarına oxşayan uydurma adlardan istifadə edin. 
  • Materialda parodiyasını hazırladığınız həqiqi hadisənin adını dilə gətirmək barədə düşünün. Həqiqi hadisə baş verdikdən az sonra və hələ də auditoriyanın yaddaşında olarkən yayımlanan parodiya onun həqiqi hadisəyə cavab olduğunu başa düşməyə imkan yaradır. 
  • Məsuliyyətdən imtina mətnindən istifadə kömək edə bilər, lakin tam surətdə məsuliyyətdən qaçmaq mümkün olmaya bilər, ələxüsus da imtina kiçik hərflərlə kifayət qədər inandırıcı satirik məqalənin altında yazılanda.

əllif hüququ məsələləri 

Müəllif hüququ intellektual mülkiyyət qanununun formasıdır və  ABŞ Müəllif Hüququ İdarəsinə əsasən, “poeziya, roman, film, mahnı, kompyuter təminatı proqramları və memarlıq kimi ədəbi, dram, musiqi və incəsənət işləri daxil olmaqla, orijinal əsərlərin müəlliflərini” qoruyur. Müəllif hüquqları faktları, ideyaları, sistemləri və əməliyyat aparma metodlarını qorumasa da, onların ifadə üsullarını müdafiə edə bilər. 

“Ədalətli istifadə” termini müəllif hüquqları tərəfindən mühafizə edilən kontentin səlahiyyət almadan və kompensasiya ödəmədən istifadəsinə aiddir. Bu, ələxüsus mədəni və sosial faydanın dəyərdən üstün götürüldüyü halları nəzərdə tutur. Bu ümumi qayda hətta qanunun sözügedən xüsusi qaydada istifadəyə açıq şəkildə icazə vermədiyi hallarda da tətbiq edilir. İfadə azadlığının daha tanış olan hüquqları kimi, insanlar bu hüquqdan da hər hansı rəsmi bildiriş və ya qeydiyyat olmadan istifadə edirlər. 

əllif hüququnun pozulması riskindən yayınmaq və onu azaltmağa dair məsləhətlə

Jurnalistin Müəllif Hüququ Qanunu və mediada şahid materiallarına dair Bələdçisi aşağıdakı əsas məqamlardan istifadə etməklə müəllif hüquqları ilə bağlı risklərin azaldılmasını təklif edir:

  • Materialın müəllifinin kimliyini yoxlayın – materialın dərc edilməsi üçün düyməni basan şəxs müəllif hüququna malikdir. 
  • İstifadə üçün icazə alın və bu zaman aydın, asan başa düşülən sözlərdən istifadə edin, kontentdən harada və nə zaman istifadə ediləcəyini izah edin. 
  • əllif hüquqları barədə yerli qanunları yoxlayın.  Ədalətli istifadə qaydaları ölkədən ölkəyə müxtəlif cür yozulur. 
  • əllifin kim olduğunu göstərmədən material və ya təsvirdən istifadə etməyin.  Lakin bu zaman fərdin adını onun icazəsi olmadan dərc etməkdən yarana bilən etik məsələləri və konfidensiallıqla bağlı hüquqi qaydaları unutmayın. 
  • Həmişə mənbə və informasiyanın etibarlılığını yoxlayın. 
  • əllif hüququ ilə qorunan və ya başqalarına məxsus olan sənəd və ya şəkilləri kütləvi şəkildə təkrar dərc etməyin. İnternetdə tapdığınız materiallar çox köhnə və ya “Creative Commons” lisenziyası ilə təqdim edildiyi hallar istisna olmaqla pulsuz və ya mühafizəsiz deyil.  Əgər siz materiallardan şərh, tənqid, satira və ya başqa “ədalətli istifadə” üçün faydalanmaq hüququna malik olduğunuzu düşünürsüzsə, ən yaxşı təcrübələr və ya peşəkar hüquqşünasla məsləhətləşin. “Ədalətli istifadə”nin şübhə doğurmalı nümunələrinə və ya “həyət qaydaları”na bel bağlamayın. 

Mətbuat orqanlarının bağlanması

Mətbuat orqanlarının qapadılması qlobal bir trendə çevrilib. Avtoritar rejimlər artan sürətlə repressiv qanunlar qəbul edib, dünya üzrə mətbuat azadlığını ciddi şəkildə sıxışdırır. Dünyanın bir çox yerində mətbuat orqanlarının bağlanılması hallarının sayı əhəmiyyətli şəkildə art;b. 

Qapanma riskinin azaldılması və ondan yayınmağa dair məsləhətlər

  • Dövlət tərəfindən izlənmə riskini azaltmaq üçün rəqəmsal təhlükəsizlik qaydalarına qəti surətdə əməl edin. 
  • Dövlət senzurası barədə yerli qanunlarla tanış olun. 
  • Həssas mövzular barədə materialları gizlədin; senzura təhlükəsi daha az olan mətbuat orqanları ilə həmin materiallarla bölüşün. 
  • Mətbuat üzərinə ciddi təzyiq təhlükəsi yarananda, mümkündürsə  xaricdən işləyin. 

Məsuliyyətdən İmtina: Bu sənəddəki informasiya hüquqi məsləhət təşkil etmir və hüquqi məsləhət kimi qəbul edilməməlidir. Bu sənəddəki informasiya yalnız bələdçilik etmək məqsədi daşıyır. 

Əlavə resurslar

GIJN-in Məsləhət Xidmətləri: Dünya üzrə Keşikçi Mətbuatın Potensialının İnkişafı

Araşdırmanız üçün Şərhi Necə Əldə Etməli: Materialın Dərc Ediləcəyi Barədə Xəbərdarlıq Məktubunun Yazılması

Evinizdə Axtarış Aparılarkən Nə Etməli 

Bu bələdçini GIJN redaktorları Nikolia Apostolou və Rid Riçardson hazırlayıblar. Yuxarıdakı şəkli malayziyalı siyasi karikaturist  Zunar (Zulkiflee Anwar Ulhaque) çəkib.


Media Defence logo

Media Defence yeganə beynəlxalq insan haqları təşkilatıdır ki,  dünya üzrə xəbər yaymağa görə təhlükə altında olan jurnalistlərin, vətəndaş müxbirlərin və müstəqil medianın hüquqi müdafiəsi ilə məşğul olur. Bu günə qədər “Media Defence” 110-dan çox ölkədə yüzlərlə jurnalistə yardım edərək, 900-dən çox məhkəmə işində köməklik göstərib. Onun işi media işçilərinin 290 ildən artıq həbsdə saxlanmasının qarşısını almağa kömək edərək, 646 milyon ABŞ dollarından çox cərimənin  qarşısını alıb. Təşkilat eləcə də 90-dan çox hüquqşünasa müvafiq təlim keçib.​​

Yardıma ehtiyacı olan jurnalistlər göndəriş əldə etmək üçün  Dəstək Xidməti   vasitəsilə GIJN-lə əlaqə saxlamağa dəvət edilirlər.