Jurnalistlərin davalardan və digər hüquqi təhlükələrdən qaçmaq üçün bələdçisi

Mənbə: reuters

Azərbaycanda jurnalistlər daha çox saxta ittihamlarla şərlənib, həbs edilir, cəzalandırılırlar. Məsələn, “qaçaqmalçılıq”, “polisə müqavimət”, “polisin qanuni əmrinə tabe olmamaq”, “xırda xuliqanlıq”, “qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti”, “dövlət sərhədini qanunsuz keçmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və s. 

Çox az halda yazısına görə hüquqi prosedurlara çəkilənlər olur. 

Burada sizə hüquqi təhlükələrdən qaçmağın yollarını izah edəcəyik: 

Faktlarla işləmək lazımdır

Həm media etikasının tələblərinə görə, həm də gələcəkdə hər hansı hüquqi prosedura cəlb edilməmək üçün faktlarla işləmək mütləqdir. Çünki jurnalistin işi həqiqəti tapıb, işıqlandırmaqdır. Burada yalana yer yoxdur, məlumatlar isə faktlara əsaslanmalıdır. 

Bir neçə mənbədən dəqiqləşdirməyin önəmi

Alınan məlumat bir neçə mənbədən dəqiqləşdirilməlidir. Mənbələr bir-birinə bağlı olmamalıdır. 

Hazırladığınız material faktlarla əsaslanırsa, gələcəkdə hər hansı yalan məlumat yayılmasına görə məsuliyyətə cəlb edilmək ehtimalı aşağı olur. Ən azından, saxlanma səbəbiniz hazırladığınız məqalə, xəbər, yaxud video-reportaj olmayacaq. 

Gizli mənbədən alınan məlumat 

Bəzən önəmli bir məlumatı sizə verən şəxs adının gizli saxlanılmasını istəyə bilər. Ondan sənədlər tələb edin, adını gizli saxlamasının səbəbini öyrənin. Məlumat sizi qane edirsə, faktı bir neçə mənbədən dəqiqləşdirəndən, həqiqiliyinə əmin olandan sonra ondan istifadə edin. 

Polis mənbənin açılmasını tələb edə bilər

2014-cü ildə Bakının kəndlərindən birində yerləşən internat evində müəllimin şagirdə fiziki güc tətbiq etməsi barədə gizli mənbədən məlumat alaraq hadisəni işıqlandıran jurnalist Gülər Mehdizadədən mənbəsinin açıqlanması tələb edilmişdi. Jurnalist bundan imtina etmişdi, bununla bağlı məhkəmə qərarı olmadığını bildirmişdi. 

Jurnalistin vəkili qanunun mənbələri qoruması ilə bağlı maddəsindən misal çəkəndə, polisdə bunu ilk dəfə eşitdiklərini bildirmişdilər. Jurnalist də bu zaman video görüntünü, internat evində adıçəkilən müəllimin, şagirdin olduğunu sübut edən məlumatları polisə göstərərək, əslində işinin bunu araşdırmaq olduğunu bildirmişdi. Həmin vaxt məlumatın mediada çox tirajlanması internat evində araşdırma aparılmasına məcbur buraxdı. Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi işə qarışandan sonra faktın dəqiqliyi ortaya çıxdı, sonda internat evinin qapadılmasına qərar verildi. Beləliklə, faktın doğru olması, jurnalisti həm mənbəsini açmaqdan, həm də hüquqi prosedura cəlb etməkdən xilas etmişdi. 

Qanun mənbələri qoruyur

Media hüququ eksperti Xalid Ağəliyev də deyir ki, qanunlar jurnalist mənbələrini qoruyur. Jurnalistlər yalnız məhkəmə qərarı olarsa, mənbələrini açıqlaya bilərlər. “Media haqqında” Qanunun 15-ci maddəsi də belə deyir. Həmçinin Avropa Konvensiyasının 10-ci maddəsi də jurnalist qaynaqlarının toxunulmazlığını elan edir, yalnız məhkəmə qərarları olduqda onun açıqlanmasına yol verir. “Başqa hallarda qaynaqların açıqlanmasının tələb edilməsi, jurnalistin buna məcbur edilməsi, ifadə azadlığı hüququnun pozuntusudur”, – hüquqşünas deyir.

Məhkəmə qərarı ilə mənbə açıqlanmalıdırmı? 

Xalid Ağəliyev deyir ki, jurnalist məhkəmə qərarı olsa da, mənbəni açıqlamaya bilər: 

“Adətən, tanınmış jurnalistlər belə edirlər, bu halda jurnalist məhkəmə qərarının icra edilməməsinə görə, məsuliyyətə cəlb edilə bilər”. 

Jurnalist materialına görə məhkəməyə verilə, ondan məlumatın silinməsi tələb oluna bilər

Jurnalist Sevinc Vaqifqızı 2018-ci ildə keçirilən prezident seçkisində 25 saylı seçki dairəsinin 14, 15 və 16 saylı məntəqələrində çəkiliş edib. Hər üç məntəqə 251 saylı orta məktəbdə yerləşir.

Sevinc Vaqifqızı seçki günü həmin məktəbin direktor müavini Elmira Alandarovanın hərəkətlərini (onun məntəqələrdə davranışı, qrup şəklində səsverməyə gələnlərlə söhbəti və s.) çəkib.

Həmin görüntülər “Azadlıq” qəzeti və Meydan TV-nin internet saytlarında, sosial şəbəkələrdə yayımlanıb.

Jurnalist, sadəcə, çəkdiyi görüntülərdən ibarət videomaterial hazırlayıb, şərh verməyib.

Elmira Alandarova bununla şərəf və ləyaqətinin ləkələndiyini iddia edərək jurnalisti məhkəməyə verib.

O, jurnalistdən, “Azadlıq” qəzeti və Meydan TV-dən üzrxahlıq, 2 min 500 manat da kompensasiya tələb edirdi.

İllərlə davam edən məhkəmə prosesinin sonunda Bakı Apelyasiya Məhkəməsi jurnalist Sevinc Vaqifqızının 1000 manat cərimələnməsi haqqında qətnamə çıxardı. Məhkəmə həmçinin jurnalistin 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarova barəsində şərəf və ləyaqəti aşağılayan bilgilər yaydığına görə üzr istəyib və təkzib verməsi haqqında qərar verdi. 

Materialın dərc olunduğu media qurumlar təkzib vermədi, çünki görüntülərdə jurnalistin həqiqəti dediyi aşkar idi, həmçinin video-görüntülər silinmədi. Lakin Sevinc Vaqifqızı 1000 manat cərimə ödədi. 

Xalid Ağəliyev deyir ki, əslində məhkəmə qərarı varsa, icra edilməlidir. Onun sözlərinə görə, məhkəmələr adətən, hər hansı məzmunun silinməsinə nadir hallarda qərar verirlər: 

“Qərar varsa, icra edilməlidir. Silməmək olar, ancaq bu halda, məhkəmə qərarının icra edilməməsinə görə silməyən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər”.

İnzibati xətalara aparan yol

Əslində qanunla ictimai yerlərdə çəkiliş aparmaq sərbəstdir. Kimsə jurnalistin işinə mane ola bilməz. Lakin Azərbaycanda yazılmamış qanunlarla polis buna mane ola bilir. Aksiyaları, şikayətləri, küçədəki etirazları, hətta adi bir binanı çəkərkən belə polis yaxınlaşa və “burada çəkiliş apara bilməzsiniz”, – deyə bilir. 

Unutmayın, məqsəd sizi işinizdən yayındırmaq ola bilər. Odur ki, polisin qanuni əmrinə tabe olmaqla (məsələn, yaxından çəkmə, işimizi görməyə mane olursa, bir az geri çəkil, yaxud, bu binanı çəkmək olmaz deyə bilər), deyilənlərə sakit reaksiya verməklə, işinizi gördüyünüzü və ictimai yerlərdə çəkiliş aparmağın qanunla qadağan olmadığını deyib, işinizə davam edə bilərsiniz. 

Xalid Ağəliyev də deyir ki, hər kəsin görə, gəzə biləcəyi ictimai yerlərdə çəkilişlərə hər hansı məhdudiyyət qoyula bilməz (xüsusi hallar istisna olmaqla). Jurnalist bütün hallarda hüquq-mühafizə orqanları əməkdaşları, rəsmilərlə münaqişələrdən çəkinməli, qaçmalıdır. Xüsusi hal yoxdursa, hər hansı müdaxilə yolverilməzdir, ifadə azadlığı hüququnun pozuntusunu yaradır.

Sosial şəbəkələrdə mövqe bildirərkən ehtiyatlı olun

Jurnalist sosial mediada hər hansı hadisəyə reaksiya verərkən ehtiyatlı olmalıdır. Bu, əvvəlcə onun, sonra isə çalışdığı media qurumun mövqeyi hesab edilə bilər. 

Məsələn, bura hər hansı siyasi partiya lideri, siyasətçi, dövlət məmuru, prezident barədə yazacağı hər hansı post daxildir. Gələcəkdə bu, həm onun, həm də çalışdığı media qurumun tərəfli olduğu düşüncəsi yarada bilər. 

Necə ki, hökumətdən maliyyələşən media qurumların yazdıqları qərəzli hesab edilir, müstəqil jurnalistin də şəxsi mövqeyi onun gələcəkdə hansısa siyasi partiyaya bağlılığı olduğunu düşündürə bilər. 

Hər iki halda jurnalistin qərəzsizliyi şübhə altına düşür. İstər hökumətə, istərsə də hər hansı siyasətçiyə, siyasi partiyaya, quruluşa, hərəkata yaxınlıq olsun, müstəqil jurnalist üçün hər iki hal təhlükəli hesab edilir.