Zərdüşt Əlizadə: Beynəlxalq Böhran Qrupu riyakarlıq edir

“Hətta mandatda göstərilməlidir ki, sülhməramlılar hansı halda regionu tərk etməlidirlər?”

Source: Specify Source


"Görürlər ki, Rusiya bölgənin ağasıdır, onlar da burada pay istəyirlər"

Beynəlxalq Böhran Qrupu (BBQ) iyunun 10-da yaydığı hesabatda Dağlıq Qarabağda olan Rusiya sülhməramlılarının mandatının aydın olmadığını

açıqlayıb

.

Hesabatda bildirilir ki, ərazidə atəşkəsin yenidən pozulacağı halda, Rusiya sülhməramlılarının necə hərəkət etməklə bağlı aydın mandata malik olmaması narahatlıq doğurur: “Hazırda Rusiya Ermənistan və Azərbaycan arasında əsas xarici vasitəçidir. Moskvanın nüfuzu və Rusiyanın sülhməramlı missiyası bir çox problemin həllinə kömək edir, amma mövcud bütün problemləri həll edə bilmir”.

BBQ Rusiya sülhməramlılarının atəşkəs şərtləri altında bölgəyə tələsik yerləşdirildiyi qənaətindədir: "Onların burada uzunmüddətli qalmaları üçün aydın mandat lazımdır".

Qurum tərəfləri təcili problemlərin həllində, məsələn silahsız dinc sakinlərin saxlanması hallarında olduğu kimi “xüsusi kontaktlar”dan istifadəyə çağırır.

Qeyd edir ki, tərəflər humanitar yardım məsələsini Dağlıq Qarabağın siyasi statusunun həllinin “girovuna çevirməməlidir”, çünki bu müzakirə beynəlxalq yardım qruplarının işini “əngəlləyir”.

Siyasi icmalçı Zərdüşt Əlizadə Meydan TV-yə deyib ki, BBQ bu hesabatı məqsədli yayıb: "Beynəlxalq Böhran Qrupu özünü sadəlöhvlüyə qoymasın, Rusiya iqtisadi və geosiyasi maraqlarını təmin edib. Bundan sonra müvazinətini pozub güllə atmaz. İkincisi, atəşkəsi kim pozacaq? Təbii ki, heç kim, çünki erməni tərəfinin buna gücü, Bakı və Moskvanın da marağı yoxdur".

Zərdüşt Əlizadənin sözlərinə görə, Beynəlxaq Böhran Qrupu ötən müddətdə tərəfsiz olmağa çalışsa da, alınmırdı: "Çünki birtərəfliydi, təcavüzkar Ermənistanı müdafiə edirdilər. İndi də deyirlər ki, atəşkəs pozulsa, Rusiyanın kimi müdafiə edəcəyi naməlumdur. Bax, Beynəlxaq Böhran Qrupu burada riyakarlıq edir, ona görə ki atəşkəsin pozulmayacağını bilirlər. Onu da bilirlər ki, Rusiya buna icazə verməz, çünki Rusiya Ermənistanın ağasıdır. Paşinyan, Köçəryan və başqa siyasi lider hakimiyyətə gəlsə də, rusların icazəsi olmadan Ermənistan hər hansı addım ata bilməz".

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Sülhməramlıların mandatına gəlincə, siyasi şərhçi hesab edir ki, bu, yazılmamış qanunlarla gerçəkləşib:

"Bu mandatın adı mənafedir, yəni Moskva nə desə, o da olacaq. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardı da, nə oldu? Heç nə, icra etmədilər. İndi də deyirlər ki, yeni mandat verilməlidir. O da olanda Qərb dövlətləri sürüşə-sürüşə gəlib vasitəçi olacaqlar. Onlar görürlər ki, Qarabağda proses Qərbin iştirakı olmadan gedir və istəyirlər özləri də qatılıb xeyirlərini götürsünlər. Obrazlı desək, pay istəyirlər, söyləyirlər ki, boşqabları dərindir, pay çəkin. Bir az da konkretləşdirək, hazırda bölgənin ağası Rusiyadır, Qərb dövlətləri ağa olmaq istəyir. Bəli, rus sülhməramlıları BMT-nin razılığı olmadan, Minsk Qrupunun qərarlarına rəğmən gəliblər. Yəni məlum qərarda deyilmişdi ki, sülhməramlılar bölgəyə gələcəksə, bu, ABŞ, Fransa və Rusiya olmamalıdır, neytral dövlətlərin hərbi qüvvələri yerləşdirilməlidir. Beləliklə, 30 il "unutduqları" beynəlxaq hüquq indi yada düşür. İndi sual yaranır: Azərbaycana lazımdırmı daha iki dövlətin – ABŞ və Fransanın da sülhməramlıları gəlsin? Ümumiyyətlə, BMT-nin qərarları nə vaxt icra olunub? Təbii ki, heç vaxt icra olunmayıb. İsrail-Fələstin məsələsində, Suriyada, Yəməndə, Liviyada da icra edilməyib. Beynəlxaq hüquq gözəl şeydir, amma bunun işləməsi üçün onun arxasında real güc olmalıdır. Məsələn, İraq Küveyti işğal edəndə beynəlxalq hüququ pozdu, dünya Səddama müraciət etdi, dinləmədi. ABŞ görəndə ki İraqı vurmaq ona xeyirdi, onda beynəlxalq hüququn pozulduğu harayını qopartdı. Gələk Qarabağa, indiki qüvvələr nisbəti Azərbaycan xeyirdir, 75 faiz ərazi nəzarətimizdədir, 25 faiz ruslarda. Amma hadisələrin gedişi ermənilərin bölgədən qaçdığını göstərir. BMT 20 min, İlham Əliyev 30 min, ruslar da 50 min erməninin qaldığını deyir. Aleksandr İskandaryan isə bildirir ki, ruslar Qarabağa erməniləri müdafiə etmək üçün gəlmədilər, onlar bölgənin hüquqi subyektliyini qorumaq üçün gəldilər. Sual yaranır: rusların nəyinə lazımdır hüquqi subyektlik? Ona görə lazımdır ki, hüquqi subyektlik vasitəsilə ermənilərlə azərbaycanlıları qarmaqda saxlasın. Deməli, burada ağıllı olmaq lazımdır".


Rauf Mirqədirov: "Sülhməramlıların mandatının olmaması Azərbaycana kifayət qədər ciddi problem yaradır"

Siyasi şərhçi Rauf Mirqədirov isə fərqli düşünür və deyir ki, sülhməramlıların mandatının olmaması xüsusilə Azərbaycan üçün kifayət qədər ciddi problem yaradır:

“Hazırda əlimizdə olan rəsmi sənəd 10 noyabrda imzalanan bəyanatdır ki, orada sülhməramlılar barəsində ümumi fikirlər var, dəqiq konturlar yoxdur. Əslində, sühməramlılar hərbi əməliyyatların başlanmasının qarşısını alan qüvvə deməkdir. İkinci məqam odur ki, Ermənistan başqa ölkələrin kontingentinin gətirilməsini və onların Azərbaycanla sərhəddə yerləşdirilməsini istəyir. Amma bu məsələ hələ müzakirə predmetidir. Beləliklə, sülhməramlıların mandatı barədə əcaib təsəvvür var. Gəlin, hesablayaq, sabah tərəflər arasında hansısa səbəbdən atışma başladı, sülhməramlılar nə edəcək, bilirikmi, yox. Bəli, deyirlər ki, Ermənistan zəifdir, atışmaya getməz, amma Azərbaycan güclüdür. Necə ki 90-cı illərdə Ermənistan güclüydü, dəstəyi vardı, nəticədə atəşkəsi pozurdu. Belə olanda, söhbət konfliktin kimə maraqlı olmasından getmir, indiki vəziyyətdə sülhməramlıların mandatının dəqiq olması vacibdir. Yəni onlar atəşi dayandıra bilmirlərsə, nə etməlidirlər? Hətta mandatda göstərilməlidir ki, sülhməramlılar hansı halda regionu tərk etməlidirlər? Yaxud onların mandatında tərəfləri sülhə məcbur etmək səlahiyyəti varmı? Bu sualların cavabını bilmirik. Mən hələ onu demirəm ki, mandatın olmaması Rusiyanın bölgədə paralel strukturlar yaratmasıyla nəticələnib, özlərinin bildiklərini edirlər və məlum bəyanatda bu barədə heç nə yoxdur”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başladı.

44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Ana səhifəSiyasətZərdüşt Əlizadə: Beynəlxalq Böhran Qrupu riyakarlıq edir