“Sərhədsiz Reportyorlar” (RSF) beynəlxalq təşkilatı iyunun 29-da yaydığı bəyanatda Azərbaycanda yaradılması planlaşdırılan Media və Yayım Şurası ilə bağlı narahatlığını ifadə edib.
Təşkilat hesab edir ki, yeni qurum media sahəsində əsas səlahiyyətlərin bir dövlət orqanında cəmləşdirilməsi ilə nəticələnəcək və ölkədə informasiya məkanına dövlət nəzarətini daha da gücləndirəcək.
RSF-nin yaydığı bəyanata görə, iyunun 30-da Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilən qanun layihəsi qəbul edilərsə, televiziya, radio, çap və onlayn medianın tənzimlənməsi, media sektorunun maliyyələşdirilməsi, jurnalistlərin peşə hazırlığı və sahəyə nəzarət funksiyaları vahid qurumun səlahiyyətinə veriləcək.
Təşkilatın qiymətləndirməsinə görə, hökumət bu dəyişiklikləri media sahəsinin müasir reallıqlara uyğunlaşdırılması kimi təqdim etsə də, islahatın əsas nəticəsi dövlətin informasiya məkanına nəzarət imkanlarının genişlənməsi olacaq.
RSF bildirir ki, xüsusilə müstəqil informasiya mənbələrinin əsasən rəqəmsal platformalarda fəaliyyət göstərdiyi indiki şəraitdə yeni model dövlətin həmin platformalar üzərində təsirini artıracaq.
Bəyanatda qeyd olunur ki, Media və Yayım Şurası yalnız media subyektlərinin fəaliyyətini tənzimləməyəcək. Yeni qurum həm də dövlətin media üçün ayırdığı maliyyə dəstəyi mexanizmlərini idarə edəcək, jurnalistlər üçün təlim və təhsil proqramları təşkil edəcək, dezinformasiyaya qarşı mübarizə və milli informasiya təhlükəsizliyi arqumenti ilə məzmuna nəzarət edə biləcək, eləcə də informasiya siyasətinin formalaşdırılmasında iştirak edəcək.
RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbəsinin rəhbəri Janna Kavelye bildirib ki, qanun layihəsi müstəqil media tənzimləyicisinin yaradılmasına xidmət etmir.
“Bu qanun layihəsi müstəqil tənzimləyici orqan yaratmır. O, icra hakimiyyəti adından informasiya məkanını idarə edəcək qurum yaradaraq medianın dövlət nəzarətinə qaytarılması prosesini tamamlayır. Son müstəqil jurnalistlər həbs olunduğu, mühacirətə məcbur edildiyi və ya gizli fəaliyyət göstərdiyi bir vaxtda hakimiyyət media sektorunun idarə olunmasının bütün rıçaqlarını öz əlində cəmləşdirir. Əsl tənzimləyici media plüralizmini qoruyur, hakimiyyətin siyasi təsirini gücləndirməsinə xidmət etmir”, – deyə Kavelye vurğulayıb.
RSF bildirir ki, Media və Yayım Şurasının yaradılması Azərbaycanda media üzərində nəzarətin mərhələli şəkildə mərkəzləşdirilməsi siyasətinin davamıdır. Təşkilatın məlumatına görə, bu proses 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra sürətlənib. Sonrakı illərdə media qanunvericiliyi sərtləşdirilib, tənzimləyici qurumlar isə tədricən müstəqilliyini itirərək icra hakimiyyətinin nəzarəti altına keçib.
Bəyanatda vurğulanır ki, hazırda bu qurumların rəhbərləri hökumət tərəfindən təyin olunur. Eyni zamanda, müstəqil media reklam bazarına, xarici maliyyələşməyə və rəsmi informasiya mənbələrinə çıxış imkanlarından böyük ölçüdə məhrum edilib.
RSF həmçinin dövlət qurumlarının mərkəzləşdirilməsi prosesinə də diqqət çəkir. Təşkilat xatırladır ki, 2021-ci ildə Medianın İnkişafı Agentliyi yaradılıb və əvvəlki KİV-lərə Dövlət Dəstəyi Fondunun funksiyalarını öz üzərinə götürüb. 2022-ci ildə Audiovizual Şura Milli Televiziya və Radio Şurasını əvəz edib. Bu ilin martında isə Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinin tabeliyinə verilib. RSF bunu media idarəçiliyinin daha da mərkəzləşdirilməsi istiqamətində növbəti addım kimi qiymətləndirir.
Bəyanatda qeyd olunur ki, institusional dəyişikliklərlə yanaşı, müstəqil jurnalistlərə qarşı təzyiqlər də artıb. Təşkilat bildirir ki, 2023-cü ilin noyabrından etibarən senzura tələblərinə tabe olmaqdan imtina edən media qurumlarının əməkdaşlarına qarşı həbslər başlayıb.
RSF bu sırada Meydan TV, AbzasMedia, Toplum TV-nin əməkdaşlarının, eləcə də AzadlıqRadiosu-nun jurnalistinin həbsini xatırladır.
Təşkilatın məlumatına görə, hazırda Azərbaycanda azı 25 jurnalist həbsdədir.
RSF-nin 2026-cı il üzrə Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə və ərazi arasında 171-ci yerdə qərarlaşıb.
RSF hesab edir ki, bu şəraitdə Media və Yayım Şurasının yaradılması sadəcə inzibati islahat kimi qiymətləndirilə bilməz.
“Yeni Şura media üzərində nəzarətin uzunmüddətli mərkəzləşdirilməsi strategiyasının nəticəsidir. Azərbaycanlı ekspertlərin fikrincə, bu model 2001-ci ildə ləğv edilmiş Mətbuat və İnformasiya Nazirliyinin funksiyalarını müasir formada bərpa edə bilər. Fərq ondadır ki, bu dəfə nəzarət yalnız mətbuat, televiziya və radionu deyil, həm də “YouTube”, “Telegram”, “Facebook” və “Instagram” kimi rəqəmsal platformaları əhatə edəcək”, – RSF bəyanatında bildirilir.