Ədliyyə Nazirliyi AKİ-nin yeni sədrini qeydə almayıb

Ədliyyə Nazirliyi. Foto: https://www.justice.gov.az/

Ədliyyə Nazirliyinin bu il mayın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) keçirilən sədr seçkisinin nəticələrini dövlət qeydiyyatına almadığı bildirilir.

Yerli mətbuatda yayılan məlumata görə, buna səbəb qurultayda nizamnamə ilə tələb olunan kvorumun təmin edilməməsi, yəni qərar qəbul etmək üçün zəruri sayda üzvün iclasda iştirak etməməsi olub. İddialara əsasən, bu səbəbdən idarə heyətinin üzvü Əli İsa Cabbarovun sədr seçilməsi hüquqi baxımdan rəsmiləşdirilməyib.

Rasim Balayevdən sonra sədr uğrunda mübarizə

AKİ-də son sədr seçkisi ətrafında yaranan mübahisələr bir neçə ay əvvəl başlayıb. İttifaqın sədri, Xalq artisti Rasim Balayevin vəfatından sonra qurumda yeni sədrin seçilməsi gündəmə gəlib.

Mayın 26-da keçirilən qurultay ərəfəsində mətbuatda sədr postuna aktrisa Şəfiqə Məmmədova və kinorejissor Əli İsa Cabbarovun namizəd ola biləcəyi barədə məlumatlar yayılıb. Daha sonra Əli İsa Cabbarov bildirib ki, namizədlərin adları hələ rəsmi təsdiqlənməyib. Seçkiyə az qalmış bir qrup tanınmış kino xadimi və ittifaq üzvü qurultayın keçirilmə qaydasına etiraz edərək prosesi boykot edəcəklərini açıqlayıb. Etiraz edənlər üzvlərin siyahısı, nümayəndələrin müəyyənləşdirilməsi və seçkinin şəffaflığı ilə bağlı iradlar səsləndiriblər.

AKİ iddianı təsdiqlədi, nazirlik susur

Meydan TV-nin AKİ-dəki mənbələri Ədliyyə Nazirliyinin sədr seçkisinin nəticələrini dövlət qeydiyyatına almadığını təsdiqləyib.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlasaq da, sorğumuza cavab verilməyib.

Bir kino ittifaqı necə iki oldu?

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) 1963-cü ildə təsis edilib və 1981-ci ildən kinodramaturq Rüstəm İbrahimbəyovun rəhbərliyi altında fəaliyyət göstərib.

2012-ci ildə Rüstəm İbrahimbəyovun prezident seçkilərində müxalifətin vahid namizədi kimi irəli sürülməsi və siyasi fəaliyyəti hakimiyyətlə münasibətləri gərginləşdirib. Bundan sonra kino ictimaiyyətində parçalanma baş verib və həmin il Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) yaradılıb. Yeni quruma Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik edib.

Beləliklə, ölkədə uzun illər iki ayrı kino ittifaqı – Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi AKİ və Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ARKİ paralel fəaliyyət göstərib.

2022-ci ildə Rüstəm İbrahimbəyovun vəfatından sonra AKİ-də qurultay keçirilib və Xalq artisti Rasim Balayev sədr seçilib.

2024-cü ilin martında isə hər iki təşkilatın birləşdirilməsi barədə qərar qəbul edilib. Birləşmədən sonra vahid qurum Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) adı ilə fəaliyyətini davam etdirib və Rasim Balayev birləşmiş ittifaqın ilk sədri seçilib.

Ana səhifəSosialƏdliyyə Nazirliyi AKİ-nin yeni sədrini qeydə almayıb