Təmas xəttində yaşayan tək qadın

Tərəflər bir-birini günahlandırır

Source: Ivor Prickett – The New York Times


Beynəlxalq Böhran Qrupu: "Rusiya sülhməramlılarının mandatı aydın deyil"

Elmira Dağlıq Qarabağın cənub hissəsində – təmas xəttində gecələyən yeganə qadındır.

O deyir ki, Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrında ərazi uğrunda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında döyüşlərə son qoyulanda, irəliləyən Azərbaycan qoşunları onun alma bağınadək gəlib çatıbmış.

İndi onun həyətyanı sahəsi atəşkəs altında qurulan yeni "təmas xətti" ilə yarıya bölünüb.

Evinə baxan təpənin üstündə isə Azərbaycan bayrağı dalğalanır: “Evim səngərlərə o qədər yaxındır ki, gecələr hər iki tərəfin danışıqlarını eşidə bilərəm. Bəzən paltarlı yatıram ki, gecə bir şey olarsa, qaça bilim”.

Beynəlxalq Böhran Qrupunun (BBQ) araşdırmaçılarına danışan Elmira təmas xəttindəki mənzərəni belə təsvir edib. Elə bu fikirlər də Beynəlxalq Böhran Qrupunun hesabatında əksini

tapıb

.


Təmas xəttindəki yaşayış

Təşkilat da məhz Elmiranın hekayəsi vasitəsilə cəbhə bölgəsindəki mövcud vəziyyəti izah etməyə çalışıb.

BBQ tədqiqatçıları bildirirlər ki, müharibə zamanı sakinlər bir müddət Tağaverdi tərk edib. Zamanla, ara sakitləşdikcə geri dönməyə başlayıblar: "Amma yenə də onlar burada özlərini təhlükəsiz hiss etmirlər”.

Elmiranın isə hazırda suyu gəlmir, Onu su ilə təmin edən borular müharibə zamanı sıradan çıxıb. Təmir üçün Azərbaycanın nəzarətində olan əraziyə keçmək lazımdır: “Bu, Azərbaycan tərəfinin icazə verməyəcəyi bir şeydir”, – Elmira belə deyir.


“Əkin sahələrinə, bağlara, örüşə gedərkən Azərbaycan hərbçiləri bizi saxlayır”

Yerli sakinlər tədqiqatçılara cəbhə xəttinin dağ kəndlərinə uzanan hissələrində yaşayanların tamam fərqli narahatlıqlarının olduqlarını bildirib.

Onlar deyiblər ki, kənd sakinlərindən bəziləri təmas xəttində təsadüfən gəzdikləri, otlağa, meyvə bağlarına gedərkən qısa müddətdə Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Yalnız rus sülhməramlılarının həyəcan siqnalı qaldırmasından bir müddət sonra onlar sərbəst buraxılıb.

Hesabatda vurğulanır ki, bölgədə sərhəd hələ dəqiq təyin edilmədiyi üçün burada yaşayan sakinlər çox narahatdır.


“Silahsız insanlar üçün qapılar daim açıqdır”

Hesabatda bildirilir ki, yüksək rütbəli Azərbaycan rəsmisi BBQ-yə “sakinlərin saxlanılmasının yanlışlıqla olduğunu” və “silahsız hər hansı bir erməni üçün qapıların daim açıq olduğu"nu deyib.

Qurum ərazidə atəşkəsin yenidən pozulacağı halda, Rusiya sülhməramlılarının necə hərəkət etməklə bağlı aydın mandata malik olmamasından narahatdır: “Hazırda Rusiya Ermənistan və Azərbaycan arasında əsas xarici vasitəçidir. Moskvanın nüfuzu və Rusiyanın sülhməramlı missiyası bir çox problemin həllinə kömək edir, amma mövcud bütün problemləri həll edə bilmir”.


“Marşurtlardan birgə istifadəni bərpa etməklə bağlı danışıqlar dalana dirənib”

BBQ bildirir ki, 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədindəki qarşıdurma da göstərir ki, münaqişədən sonrakı məsələlərin həllində diplomatik fəaliyyətin olması vacibdir: “Eyni zamanda, regional nəqliyyat marşrutlarından birgə istifadəni bərpa etməklə bağlı texniki müzakirələr martın 1-dək başa çatmalı idi, ancaq danışıqlar dalana dirənib, uzadılır, yaxud gözardı edilir”.

Təşkilat bildirir ki, Dağlıq Qarabağdakı kütləvi köçlər, hərbi qüvvələrin yeni mövqelər tutmaq cəhdləri, atışmalar yaxınlaşan humanitar böhrandan xəbər verir: “Mülki əhalinin məskunlaşdığı ərazilərə yaxın yerlərdəki təmas xəttində tərəflər arasında atışmalar olur. Dağlıq Qarabağ sakinlərinin evlərinə qayıtmaları və normal həyata bənzər bir şəraitdə yaşamlarını sürdürmələri üçün sülh danışıqlarına tezliklə başlanmalıdır”.


Müharibədən sonra həyatın normala dönməsi üçün tövsiyələr

BBQ Dağlıq Qarabağ üçün müharibədən sonrakı perspektivləri yaxşılaşdırmaq üçün nələrin edilməsi lazım olduğuna dair üç əsas tövsiyə verib.

Birincisi Rusiya sülhməramlıları ilə bağlıdır. Bildirilir ki, rus sülhməramlılar atəşkəs şərtləri altında bölgəyə tələsik yerləşdiriliblər, onların burada uzunmüddətli qalmaları üçün aydın mandat lazımdır.

Qurum tərəfləri təcili problemlərin həllində, məsələn silahsız dinc sakinlərin saxlanması hallarında olduğu kimi “xüsusi kontaktlar”dan istifadəyə çağırır.

Qeyd edir ki, tərəflər humanitar yardım məsələsini Dağlıq Qarabağın siyasi statusunun həllinin “girovuna çevirməməlidir”, çünki bu müzakirə beynəlxalq yardım qruplarının işini “əngəlləyir”.


“Dağlıq Qarabağın siyasi statusu ilə bağlı danışıqlar gözə dəymir”

Təşkilat düşünür ki, münaqişədən təsirlənən bölgələrə daha çox yardımın alınması vacibdir, eyni zamanda, Dağlıq Qarabağın siyasi statusu ilə bağlı danışıqlar heç bir yerdə gözə dəymir.

BBQ münaqişə zonasındakı Rusiya sülhməramlılarının 27 postundan 11-nin səkkiz kilometrlik Laçın dəhlizində yerləşdiyini bildirir. Bu postlarda rusiyalılar sənədləri, maşınları yoxlayırlar: “Sülhməramlılardan olmayan əsgər, yaxud silahın bu marşrutla hərəkətinə icazə verilmir”.

: Erməni əsgərləri və bir Rusiya sülhməramlı əsgəri ötən ay Dağlıq Qarabağdakı bir nəzarət-buraxılış məntəqəsində
Rusiya sülhməramlıları

“Fevralda Azərbaycanın nəzarətində olan Qiyaməddinli kəndində qurulmuş Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin 20 kilometrliyində də Rusiya hərbçiləri var. Mərkəzin hər gün işə saldığı dronlar təmas xəttindəki vəziyyəti izləyirlər. Atəşkəs pozularsa, Rusiya hərbçiləri dərhal Ermənistan və Azərbaycanın müdafiə nazirliklərini, Türkiyə tərəf isə yalnız Azərbaycan tərəfini məlumatlandırır”, – hesabatda qeyd olunur.


“Sülhməramlıların işi çətindir”

BBQ hazırda Dağlıq Qarabağda yeni təmas xəttindəki vəziyyətin ötən payız müharibədən öncəylə müqayisədə daha dəyişkən olduğunu yazır.

Hesabata görə, Rusiya hərbçilərinin işi gərgin və çoxdur: "Onlar kəndliləri məzarlıq ziyarətinə də aparır, məhsullarının keşiyini də çəkir, su borularını da düzəldirlər".

BBQ araşdırmaçılarının fikrincə, sülhməramlılar nə zamanadək kəndlilərin gündəlik problemlərini həll edəcəklər, bu, bəlli deyil: “Cəbhə xəttində qarşıdurma yaranarsa, buna necə reaksiya verəcəklər, bu məsələ də qaranlıqdır, çünki atəşkəs razılaşmasında onların missiyası dəqiq göstərilməyib”.

Bu məsələdə təşkilat Rusiyaya tövsiyə edir ki, müharibə tərəfləri ilə məsləhətləşsin, sonra əsgərləri üçün “aydın fəaliyyət qaydaları” müəyyənləşdirsin: “Azərbaycan ordusu yeni cəbhə xəttində üstün mövqeyə sahibdir, çünki yüksəkliklərdədirlər. Ermənilər isə hələ ki əllərində olan yüksəkliklərdə post qurmayıblar, bunu etməklə çətinliyə düşə bilərlər. Çünki bu günədək onlar Azərbaycanın daha çox ərazi ələ keçirməsini önləmək üçün mövcud təmas xəttini gücləndirməyə çalışıblar”.


“Yük maşınlarında yalnız tikinti materialları və ərzaq aparılsın, silah yox”

Hesabatda bildirilir ki, yeni təmas xətti Azərbaycan üçün bəzi logistik, yol problemləri yaradıb. Strateji mövqelərinə baxmayaraq, Kəlbəcər rayonu və Şuşa şəhərindəki əsgərlərin ölkənin qalan hissəsi ilə əlaqəsi yoxdur: “Onlar həftədə bir neçə dəfə ermənilərin yaşadığı yerlərdən keçməli olurlar. Rusiya hərbçiləri onları müşayiət edirlər. Bir şərtlə ki, yük maşınlarında yalnız tikinti materialları və ərzaq aparılsın, silah yox”, – hesabatda deyilir.


“Azərbaycan Murov dağlarından Kəlbəcərə başqa marşrut çəkməyi planlaşdırır”

BBQ bildirir ki, Azərbaycan hazırda Şuşaya yeni yol çəkir, eyni zamanda, Murov dağlarından Kəlbəcərə başqa marşrut çəkməyi planlaşdırır: "Amma küləkli dağlıq ərazidə yol çəkilişi zaman alacaq. Bakıda bəzi insanlar narahatdırlar ki, bu yol yalnız yüngül maşınlar üçün əlverişli olar, qar səbəbindən tez-tez bağlana bilər”.

Qurum qeyd edir ki, həm yerli, həm də beynəlxalq oyunçular Dağlıq Qarabağda müharibədən sonrakı “təhlükəsizlik, təməl ehtiyaclar və köçkünlük” məsələlərinin tezliklə yoluna qoyulmasına çalışmalıdırlar.


Tərəflər bir-birini günahlandırır

Noyabrın 10-dan, atəşkəs razılaşmasından bu yana Azərbaycan və Ermənistan tərəfləri daim bir-birlərini təxribat törətməkdə, sərhəd zolağını və atəşkəsi pozmaqda günahlandırır.

İyunun 2-də Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yaydı. Həmin məlumatda bildirilirdi ki, 40-a yaxın erməni hərbçisi Kəlbəcərin Armudlu kəndi tərəfdən 400 metr Azərbaycan ərazisinə daxil olub: “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ərazidən çıxarılıb. Bu zaman silahdan istifadə edilməyib”.

Bir neçə saat sonra Ermənistan Müdafiə Nazirliyi: "Azərbaycan tərəfi dezinformasiya yayır" deyərək məlumatı təkzib edib.

Mayın 12-də Ermənistan tərəf də oxşar açıqlama vermişdi. Həmin açıqlamada bildirilirdi ki, Azərbaycan silahlı qüvvələri onların sərhədlərini pozaraq bir neçə kilometr ərazilərinə daxil olub. Azərbaycan Ermənistanın bu iddiasını təkzib etmişdi.

Həmin zaman Ermənistan tərəf Azərbaycanı, Azərbaycan isə Ermənistanı atəşkəsi pozmaqda günühlandırmışdı. Hətta Ermənistan iki hərbi qulluqçusunun həlak olduğunu da açıqlamışdı. Azərbaycan isə bu günkü açıqlamasında olduğu kimi silahdan istifadə etmədiyini, ümumiyyətlə, atəş açmadığını bildirmişdi.

Mayın 28-də isə Azərbaycan açıqlama yaymışdı ki, Ermənistan tərəfin açdığı atəş nəticəsində Naxçıvanda bir hərbi qulluqçu yaralanıb. Bu məlumatı isə Ermənistan Müdafiə Nazirliyi təkzib etmişdi.


Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.

Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.

Ana səhifəSiyasətTəmas xəttində yaşayan tək qadın