Zaqatala – korrupsiyalı tender (I yazı)

Zaqatalada zəlzələdən sonra dağılmış və yaxud təmirə dayanmış işləməyən uşaq bağçalarına ayrılan maliyyə vəsaiti hara, kimlərin cibinə gedir? Bununla bağlı jurnalist Əfqan Muxtarlının araşdırması.

Source:


Körpələrin ərzaq payı kimlərə catıb?

Zaqatalanın Faldar kəndi uşaq baxçasında təmir işləri görülür. 2012-ci ilin zəlzələsindən sonra bu bağça qəzalı vəzziyətə düşdüyündən körpələrin üzünə qapadılıb. Təmir işləri isə 2 ildir yubadılır. Amma uşaq səsinin gəlmədiyi, təmir işləri görülən bu uşaq bağçasına ilboyu ərzaq alınıb. Ərzağın bağçaya çatıb çatmadığı, yeyilib yeyilmədiyi, onu kimin yediyi bəlli deyil. Amma bu və digər bağçalara müəmmalı ərzaq təchizatını kimin monopoliyada saxlayıb pul qazandığını araşdırıb aşkara çıxarmaq mümkün olub.


İşləməyən uşaq bağçalarına ayrılan ərzaq pulları

Zaqatalada 2013-cü ildə keçirilən tenderlərin əksəriyyətinin qalibi “Tikinti NM” MMC ,“İstehsal Ticarət” Törəmə Cəmiyyəti, “İstehsal-S” və “Ticarət-MS” olub. İlk baxışda tenderlərdə müxtəlif şirkətlərin iştirak etdiyi təəssüratı yaranır. Lakin hər şey göründüyü qədər sadə deyil.

Yuxarda adları cəkilən MMC-lər Zaqatalada ərzaq məhsullarının alınması üçün keçirilən tenderlərin hamısının qalibi olub.


“Tikinti NM” MMC

Aşagı Tala İcra Nümayəndəliyi, ərzaq məhsularının alınması – 51150 manat


Faldar İcra Nümayəndəliyi, ərzaq məhsullarının alınması – 4580 manat

Kəpənəkçi İcra Nümayəndəliyi, ərzaq məhsullarının alınması – 9160 manat

Mosul İcra Nümayəndəliyi, ərzaq məhsullarının alınması – 9160 manat

Göyəm İcra Nümayəndəliyi, ərzaq məhsullarının alınması – 13740 manat

Danaçı İcra Nümayəndəliyi, ərzaq məhsullarının alınması – 9160 manat

Car İcra Nümayəndəliyi, ərzaq məhsullarının alınması – 9160 manat

Əliabad İcra Nümayəndəliyi, ərzaq məhsularının alınması – 27480 manat

Çobankol İcra Nünayəndəliyi, ərzaq məhsullarının alınması – 13740 manat

Lahıc İcra Nümayəndəliyi, ərzaq məhsullarının alınması – 9160 manat

Bəhmətli İcra Nümayəndəliyi, ərzaq məhsullarının alınması – 18321 manat


“Ticarət NM”

Əlibayramlı İN – ərzaq məhsullarının alınması – 18321 manat

Muğanlı İN – ərzaq məhsullarının alınması – 13740 manat

Dombabinə İN-ərzaq məhsullarının alınması – 9160 manat

Yuxarı Çardaxlar İN – ərzaq məhsullarının alınması – 9160 manat

Muxax İN – ərzaq məhsullarının alınması – 13740 manat


“İstehsal S” MMC

Yuxarı Tala İN, ərzaq məhsullarının alınması – 41222 manat.

Makov İN, ərzaq məhsullarının alınması – 9160 manat.

Mazıx İN, ərzaq məhsularının alınması – 4580 manat.

Suvaqil İN, ərzaq məhsularının alınması – 32061 manat.


“İstehsal Ticarət” Törəmə Cəmiyyəti

Zaqatala Şəhər icra nümayəndəliyi ərzaq məhsullarının alınması – 223201 manat


“Ticarət MS” MMC

Gözbarax kənd icra nümayəndəliyi ərzaq məhsularının alınması – 13740 manat



Ümumi bütün MMC-lərə ərzaq məhsullarının alınmasına ayrılan vəsaitin dəyəri 562896 manatdır.

Tenderlərin nəticələrinə görə, ötən il ərzində icra hakimiyyətinin sifarişi əsasında küllü miqdarda dövlət vəsaiti hesabına ərzaq məhsulları alınıb. Ərzaq məhsulları əsasən uşaq bağçaları üçün alınıb. Lakin 2012-ci ildə Zaqatalada baş verən zəlzələdən sonra uşaq bağçalarının əksəriyyəti yararsız hala düşüb. Həmin bağçaların bir çoxu bu gün də işləmir. Uşaq bağçaları işləməsə də illik ərzaq normalarının alınması üçün ayrılan dövlət vasaiti tamamilə sərf edilib.

Zəlzələ ucbatından bağçaların fəaliyyətsiz qalmasına baxmayaraq, onların ərzaq təminatına ayrılan vəsait artıb ki, azalmayıb. Məsələn, 2012-ci ilin yanvarında Aşagı Tala İcra Nümayəndəliyi uşaq bağçalarının ərzaq təminatına 23481 manat vəsait ayırıb. Həmin ilin mayında zəlzələ baş verib və uşaq bağçaları fəaliyyyətini dayandırıb. Kənddə mövcud olan üç uşaq bağçasından ikisi 2013-cü ilin iyun ayından fəaliyyətini qismən, ucqar bir yerdə olan kampda bərpa edib. Üçüncü bağça isə 2014-cü ilin yanvar ayından fəaliyyətə başlayıb. Buna baxmayaraq, 2013-cü ildə Aşağı Tala uşaq bağçalarının ərzaq təminatına əvvəlki illərdən iki dəfə artıq vəsait ayrılıb – 51150 manat.

Zaqatala rayonunun digər kəndlərində və bir sıra şəhər bağçalarında da eyni mənzərəni görmək olur.


Zaqatala İcra Hakimiyyəti Muxax Kənd İcra nümayəndəliyi uşaq bağçasına ərzaq məhsularının alınması üçün 2013-cü ildə 13740 manat vəsait ayırıb. Lakin Muxax kənd uşaq bağçası zəlzələdən sonra yararsız vəziyyətə düşdüyündən işini dayandırıb. Yeni inşa edilən uşaq bağçası isə 7 mart 2014-cü il tarixində istifadəyə verilib.

Faldar kənd İcra Nümayəndəliyi ərzaq məhsularının alınması üçün “Tikinti -NM” MMC-yə 4580 manat vəsait ayırıb. Lakin kəndin yeganə bağçası zəlzələdən sonra fəaliyət göstərmir. Hazırda yeni uşaq bağçasının tikintisi davam etdirilir.

Danacı kənd uşaq bağçasının ərzaqla təmin edilməsi üçün dövlət büdcəsindən “Tikinti-NM” MMC-yə 9160 manat vəsait ödənilib. Bu uşaq bağçası da fəaliyyət göstərmir. Zəlzələ zamanı dağılan uşaq bağçası yenidən inşa edilir.

“Tikinti-NM” MMC Muğanlı kənd uşaq bağçasının da ərzaqla təmin edilməsi üçün 13740 manatlıq tenderin qalibidir. Uşaq bağçası zəlzələ zamanı yararsız vəziyyətə düşdüyündəm fəaliyyəti dayandırılıb. Hazırda Muğanlıda da yeni uşaq bağçası inşa edilir. Danacı kənd uşaq bağçası da zəlzələdən sonra fəaliyyət göstərməyib. Hazırda uşaq bağçasında təmir işləri tamamlanmaq üzrədir.

2013- cü il ərzində Zaqatala şəhər 10 saylı, 4 saylı, 7 saylı , 9 saylı və Mazıx kənd uşaq bağçalarında təmir- tikinti işləri aparılması ucbatından fəaliyyətsiz qalmasına baxmayaraq, ərzaq təminatı üçün külli miqdarda vəsait ayrılıb.


Mini oliqarx

İşləməyən bağçalara ərzaq almaq üçün niyə pul ayrıldığı bəlli deyil. Amma araşdırmalar bu şübhəli təchizat tenderlərindən kimin qazandığını ortaya çıxarır.

2013-cü ildə Zaqatalada ərzaq təminatı üzrə keçirilən tenderlərin qalibi olmuş MMC-lərin hamısının sahibi bir şəxsdir. Tanış olun: Nəzir Muradov.

Zaqatala rayonu Əliabad kəndinin sakini Nəzir Muradov uzun illərdir ki, rayon Kooperativ Cəmiyyətinin sədridir. Rayonun rəhbər vəzifəli şəxsləri ilə dost münasibətlərdə olan Muradov Yeni Azərbaycan Partiyasının seçki təbliğatında fəal iştirak edən şəxslərdəndir. Araşdırmalarımız həm də onun geniş biznes şəbəkəsinə malik iş adamı və “peşəkar tender qalibi” olduğunu üzə çıxarır.

Vergilər Nazirliyinin reystr məlumatlarına əsasən “Tikinti-NM” MMC 6 fevral 2008-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Zaqatala şəhəri Nizami küçəsi ev 35-də olan şirkətin sahibi Nəzir İbadulla oglu Muradov kimi göstərilib. Müəssisə yaradılarkən, onun qanuni təmsilçisi Quliyeva Sevinc Qurban qızı olub. Vergilər Nazirliyinin rəsmi saytında müəssisənin hazırkı qanuni təmsilçisinin Əsədov Yusif Yaqub oğlu göstərilib.

Zaqatalada tenderlərdə fərqlənən digər müəssisə 30 aprel 2002-ci ildə təsis edilən “İstehsal Ticarət” Törəmə Cəmiyyətinin hüquqi ünvanı da “Tikinti NM” MMC-nin hüquqi ünvanında – Zaqatala şəhəri Nizami kücəsi ev 35-də yerləşir. Həmin ünvanda Zaqatala Rayon Koperativ Cəmiyyəti yerləşir. Nəzir Muradov Zaqatala Rayon Koperativ Cəmiyyətinin sədridir.

2013-cü ildə Zaqatalada keçirilən bir sıra tenderlərin qalibi olmuş “İstehsal-S” MMC 3 mart 2010-cü il tarixində təsis olunub. Hüquqi ünvanı Zaqatala şəhəri A. Həmidov ev 74 mənzil 6, qanuni təmsilçisi Quliyeva Sevinc Qurban qızıdır. Eyni ünvanda (A. Həmidov kücəsi ev 74 mənzil 6) qeydiyyatdan keçmiş “Ticarət-MS” MMC də Zaqatalada dövlət satınalmalarında fəal iştirak edib. Yuxarıda qeyd edilən MMC-lərin qanuni təmsilçiləri Zaqatala Koperativlər İttifaqının əməkdaşlarıdır.


“Şirkətlər Nəzir müəllimindi”

İşləməyən uşaq bağçalarına ayrılan maliyyə vəsaitinin hara xərcləndiyini müəyyən etmək üçün öncə Zaqatala şəhəri A. Həmidov küçəsi ev 74 mənzil 6-da qeydiyyatdan kecmiş “İstehsal-S” MMC və “Ticarət-MS ” MMC-nin qanuni təmsilcisi Sevinc Quliyeva ilə əlaqə saxladıq. S. Quliyeva Zaqatalada keçirilən tenderlərin əksəriyyətinin qalibi olan MMC-lərin onun mənzilində qeydiyyatdan kecdiyini söylədi. İşləməyən uşaq bağçaları üçün ayrılan maliyyə vəsaitinin hara xərcləndiyini dəqiq bilməyən S. Quliyeva eyni zamanda şirkətlərə aidiyyatı ilə bağlı suallara aydınlıq gətirmədi. S. Quliyeva daha sonra suallara ətraflı cavab vermək üçün MMC-lərin mühasibi ilə danışmağımızı məsləhət gördü. Özünü mühasib kimi təqdim edən Ruxsarə xanım (soyadını demədi-müəllif) bir sıra suallarımıza aydınlıq gətirdi:

– Ruxsarə xanım siz necə MMC-də mühasib vəzifəsini icra edirsiz?

– Neçə dənə istəsəz o qədər MMC-də, “İstehsal-S”-də “Şəms” MMC-də və başqalarında.

– Rüsxarə xanım Zaqatalada zəlzələdən sonra bir sıra uşaq bağçaları işləməyib. Aşagı Talada 3 uşaq bağçası var. Onlardan ikisi zəlzələdən sonra 2013-cü ilin iyul ayına qədər, bir bağça isə 2014-cü ilin yanvarına qədər işləməyib. Lakin ərzaq alınması üçün bir illik maliyyə vəsaiti ayrılıb. Həmin vəsait hara xərclənib?

– Aşağı Talada uşaq bağçaları 2013-cü ilin iyulundan işləyib. İki bağça kəndin aşağısında tikilmiş binalarda, 1 bağça isə 1 nömrəli məktəbin otaqlarında. Onlara ayrılan vəsaitə də ərzaq alınıb.

– Rüsxarə xanım bağçalar 6 ay işləyib, amma 1 illik maliyyə vəsaiti xərclənib.

– O bağçaların hələ pulu qalıb.

– Rüxsarə xanım, Faldar, Muğanlı, Muxax və Danacı kəndlərində uşaq bağşaları hələ də işləmir lakin maliyyə vəsaiti alınıb.

– Həmin bağçalar işləmir. Amma onlara ayrılan vəsait Zaqatala Maliyyə Şöbəsinin qərarı ilə şəhər uşaq bağçalarına verilib. Şəhər bağçalarına ərzaq uçün vəsait catışmırdı, onlara verdilər. Danacı kəndi üçün ayrılan vəsait isə bizdə durur.

– Rüxsarə xanım siz Nəzir Muradovun MMC-lərinin də mühasibisiz?

– Bu şirkətlərin hamısı Nəzir müəllimindir. Suallarınızı da Nəzir müəllimə versəniz, yaxşıdır.

(embedded content removed)

Zaqatalada tenderlərin daimi qalibi olan MMC-lərin həqiqi sahibi Nəzir Muradovla da əlaqə saxladıq. N. Muradov MMC-lərin sahibi olduğunu təsdiq etdi. N. Muradov işləməyən uşaq bağçaları üçün ayrılan vəsaitin hara xərcləndiyi barədə suala özünəməxsus tərzdə cavab verdi.

– Ərzaqdan istifadə eləyəni də olub, eləməyəni də.

Muradov, niyə öz şirkətlərini başqalarının adına rəsmiləşdirdiyinə dair heç bir söz demədi.



Tenderlər qanunun tələblərinə uyğun keçirilməyib

Zaqatalada ərzaq məhsullarının alınması üçün keçirilən tenderlərin əksəriyyəti mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmayıb. İqtisadçı ekspert Natiq Cəfərlinin bildirdiyinə görə, “Dövlət Satınalmaları” haqqında Azərbaycan Respubilkasının qanunun tələblərinə görə, tenderlərdə azı 3 il həmin istiqamətdə fəaliyyət göstərən, maliyyə dayanıqlı müəsisələr iştirak edə bilər. Zaqatalada ərzaq təminatı ilə bağlı keçirilən azı 5 tenderin qalibi olan “Ticarət- MS” MMC Vergilər Nazirliyinin rəsmi reyestr məlumatlarına əsasən 2013-cü il yanvar ayının 25-də təsis edilib. N.Cəfərlinin bildirdiyinə görə, “Ticarət-MS” tenderdə iştirakı mövcüd qanuna ziddir.


İqtisadcı ekspertin bildirdiyinə görə, bir sahibkara məxsus şirkətlərin eyni tenderdə iştirakı yol verilməzdir: “Bu halın olması tenderin nəticələrinə əvvəldən təsir göstərir. Belə hallar qanunla qadağandır”.

İqtisadçı ekspert həmcinin qeyd etdi ki, tenderlərin nəticələri tam olaraq mətbuatda dərc edilməlidir: “Tenderin nəticələri elan edilərkən uduzan müəsisələr barədə də məlumat verilməlidir”. Zaqatalada keçirilən tenderlərin nəticələri barədə məlumatlarda isə uduzan şirkətlər barədə heç bir məlumat verilməyib.

Araşdırmanı hazırladı: Əfqan Muxtarlı

Ana səhifəAraşdırmaZaqatala – korrupsiyalı tender (I yazı)