İlham Əliyevin açdığı “SABAH.city”ni kim idarə edir?
Dövlətə məxsus Yüksək Texnologiyalar Parkında yaradılan şəhərcikdə dövlət universitetləri milyon manatdan artıq icarə haqqını ayrıca MMC-yə ödəyəcək. Şirkətin rəhbəri Rəşad Tağıyevdir. Onun adı SABAH.HUB və LANDAU ilə yanaşı bir neçə təhsil şirkətində də keçir. SABAH.HUB-a isə xarici işlər naziri Ceyhun Bayramovun oğlu Rəhim Bayramlı rəhbərlik edir.
Prezident İlham Əliyev sentyabrın 14-də Bakıda “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.
Prezidentin rəsmi saytında yayılan məlumata görə, şəhərcik Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında yaradılıb. Layihənin ümumilikdə 20 hektarı əhatə edəcəyi, birinci mərhələdə isə 5 hektardan artıq ərazidə 20 min kvadratmetr tikili sahəsinin istifadəyə verildiyi bildirilir. Burada dörd korpus, restoranlar, market, tədbir zalı, idman meydançaları və digər infrastruktur yaradılıb.

Şəhərcikdə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1500-dən çox tələbəsinin tədris və praktiki fəaliyyətə cəlb olunması nəzərdə tutulur. Üç universitetin burada 13 tədris və tədqiqat laboratoriyası yaradacağı, ilk mərhələdə ümumilikdə 23 universitet, şirkət və startapın fəaliyyət göstərəcəyi açıqlanıb.
Amma açılışla bağlı rəsmi məlumatda layihənin tikintisinə ümumilikdə nə qədər vəsait xərcləndiyi, bu vəsaitin hansı mənbələrdən maliyyələşdirildiyi və şəhərciyin kommersiya fəaliyyətinin hansı hüquqi şəxs tərəfindən həyata keçiriləcəyi göstərilmir.
Açıq reyestr və satınalma məlumatları isə layihənin başqa bir tərəfini üzə çıxarır.
Dövlət ərazisində ayrıca “Sabah City” MMC
“SABAH.city”nin yaradıldığı Yüksək Texnologiyalar Parkı özəl qurum deyil.
Parkın rəsmi nizamnaməsinə görə, “ETN Yüksək Texnologiyalar Parkı” MMC-nin 35 min manatlıq nizamnamə kapitalının hamısı Azərbaycan Respublikasına məxsusdur. Nizamnamədə qurumun əmlakının tamamilə dövlət mülkiyyətində olduğu da ayrıca qeyd edilir. YTP ümumilikdə 20,02 hektar ərazini əhatə edir.
“SABAH.city”nin öz saytı da layihəni Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı tərəfindən inkişaf etdirilən innovasiya klasteri kimi təqdim edir.
Bununla yanaşı, eyni adda ayrıca kommersiya qurumu – “Sabah City” MMC də fəaliyyət göstərir.
Vergi ödəyicisinin tarixçəsinə görə, şirkət 27 sentyabr 2024-cü ildə 25 min manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Elə həmin tarixdən şirkətin qanuni təmsilçisi Rəşad Şakir oğlu Tağıyev göstərilir.
Sonrakı dövrdə şirkətin kapitalı ardıcıl artırılıb. 2026-cı ilin iyulunda mediada “Sabah City” MMC-nin nizamnamə kapitalının 7 milyon 170 min manat olduğu yazılırdı. Lakin reyestr tarixçəsi göstərir ki, avqustun 20-də kapital yenidən artırılaraq 7 milyon 870 min 700 manata çatdırılıb.

Beləliklə, prezidentin açılışını etdiyi gün “Sabah City” MMC-nin kapitalı şirkətin iki il əvvəlki ilkin kapitalından xeyli böyükdür. Amma bu milyonların hansı şəxs və ya qurum tərəfindən kapitala qoyulduğunu açıq reyestrdən görmək mümkün deyil.
Bunun səbəbi Azərbaycan qanunvericiliyində kommersiya şirkətlərinin təsisçiləri və onların payları haqqında məlumatların ictimai reyestrdə açıq olmamasıdır. Dövlət Vergi Xidməti də təsisçi və pay məlumatlarına çıxışın yalnız qanunda nəzərdə tutulan müəyyən qurum və öhdəlik daşıyan şəxslər üçün mümkün olduğunu bildirir.
Ona görə də hazırkı açıq məlumatlarla “Sabah City” MMC-nin son benefisiarlarının kim olduğunu söyləmək mümkün deyil.
Dövlət universitetləri şirkətə 1 milyon manatdan çox vəsait ödəyəcək
“Sabah City” MMC-nin innovasiya şəhərciyində hansı rol oynadığını göstərən ən aydın məlumat dövlət satınalmalarında ortaya çıxır.
2026-cı ilin iyulunda açıqlanan məlumatlara görə, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universiteti şirkətlə ofis sahələrinin icarəsi üçün müqavilə bağlayıb.
Müqavilələr açıq tender keçirilmədən, “bir mənbədən” satınalma üsulu ilə həyata keçirilib.
Bir il ərzində üç dövlət universitetinin “Sabah City” MMC-dən ümumilikdə 3056,49 kvadratmetr sahə götürməsi nəzərdə tutulur. Müqavilələrin ümumi dəyəri isə 1 milyon 185 min 850 manat 85 qəpikdir.

Bundan əlavə, ASAN Xidmət sistemində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC də şəhərcikdə binanın birinci mərtəbəsində 118,65 kvadratmetr sahə üçün “Sabah City” MMC ilə 47 min 42 manat 36 qəpik məbləğində müqavilə bağlayıb. Bu satınalma da “bir mənbədən” üsulu ilə həyata keçirilib.
Bu dörd satınalmanı birlikdə götürdükdə, “Sabah City” MMC-nin dövlət universitetləri və dövlət strukturundan əldə edəcəyi müqavilələrin ümumi dəyəri 1 milyon 232 min 893 manat 21 qəpik edir.
Burada diqqətçəkən başqa bir məqam da var: satınalma məlumatlarında heç biri açıq tender kimi göstərilmir. Dördünün də satınalma növü “bir mənbə”dir.
Bu üsul dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən müəyyən hallarda – məsələn, alternativ təchizatçı olmadıqda və ya təcili ehtiyac yarandıqda tətbiq edilir. “Bir mənbədən” satınalma rəqabət proseduru keçirilmədən birbaşa bir şirkətlə müqavilə bağlanması deməkdir, belə halda detallar ictimaiyyətə açıqlanmır.
Operator necə seçilib?
Texnologiyalar parklarının fəaliyyətini tənzimləyən qaydalara görə, parkın idarə edilməsi üçün ayrıca operator cəlb edilə bilər.
Prezidentin 2014-cü ildə təsdiqlədiyi “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də operatorun səlahiyyətli orqan tərəfindən müsabiqə əsasında seçilməsi, daha sonra idarəedici təşkilatla idarəetmə sazişi bağlaması nəzərdə tutulur. Həmin sazişdə gəlirlərin və xərclərin bölüşdürülməsi, infrastrukturun saxlanılması və tərəflərin səlahiyyətləri müəyyən edilməlidir.
Yüksək Texnologiyalar Parkının öz nizamnaməsində də Elm və Təhsil Nazirliyinin belə operator cəlb edə biləcəyi qeyd olunur.
Ancaq açıq mənbələrdə “Sabah City” MMC-nin məhz YTP-nin operatoru seçilməsi barədə müsabiqə nəticəsini və ya YTP ilə bu şirkət arasında bağlanmış idarəetmə sazişini müəyyən etmək mümkün olmayıb.
Eyni zamanda, iyulda yayılan materiallarda “Sabah City” MMC birbaşa innovasiya şəhərciyinin idarəetməsini həyata keçirən şirkət kimi təqdim edilir.
“Sabah City”nin rəhbəri kimdir?
Şirkətin dövlət reyestrində göstərilən qanuni təmsilçisi Rəşad Şakir oğlu Tağıyevdir.
Tağıyev təhsil və innovasiya sektorunda yeni ad deyil. “LANDAU School”-un rəsmi saytında o, hazırda məktəbin baş icraçı direktoru, yəni CEO-su kimi təqdim olunur.
2026-cı ilin iyununda Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun tədbiri çərçivəsində hazırlanan rəsmi forum proqramında da Rəşad Tağıyevin adı “LANDAU Education Group” və “SABAH.HUB”-la birlikdə keçir.
Meydan TV-nin kommersiya reyestri məlumatlarında apardığı axtarış Rəşad Tağıyevin adının başqa təhsil şirkətlərində də olduğunu göstərir.
O, 2023-cü ildə qeydiyyatdan keçmiş “Technology SNI” MMC-nin qanuni təmsilçisidir.
2024-cü ilin aprelində yaradılan “Zəfər Liseyi Təhsil Kompleksi” MMC-nin Müşahidə Şurasında Rəşad Tağıyevlə yanaşı Timur Leznik, Tural Eyvazov və Tural Abasquliyevin adı keçir.

2024-cü ilin iyulunda qeydiyyatdan keçmiş “Barama Körpələr Evi-Uşaq Bağçası” MMC-nin Müşahidə Şurasında da Rəşad Tağıyev, Timur Leznik və digər şəxslər yer alır.
Həm “Zəfər” liseyi, həm də “Barama” bağçaları Elm və Təhsil Nazirliyinin özəl məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirilməsi proqramlarında iştirak edib. Nazirliyin açıqladığı siyahıda “Barama”nın bir neçə filialı və “Zəfər” Liseyi Təhsil Kompleksi göstərilir.
Bu şirkətlərdə adların təkrarlanması onların hamısının eyni şəxsə məxsus olduğunu sübut etməsə də, eyni şəbəkəyə aid olduğuna dair şebhələri artırır.
Rəşad Tağıyevin təhsil, texnologiya və “SABAH” ekosisteminin müxtəlif strukturlarında idarəçilik səviyyəsində təkrar görünməsi diqqət çəkir.
Eyni ünvan, eyni ekosistem
Başqa bir detal da var: “Sabah City” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 5 kimi göstərilib.
SABAH.HUB da rəsmi saytında əlaqə ünvanı kimi Qurban Abbasov 5, Bayıl ünvanını göstərir.
“SABAH.city”nin rəsmi saytındakı idarəetmə komandası da YTP ilə SABAH.HUB arasındakı əlaqəni açıq göstərir. SABAH.HUB rəhbəri Rəhim Bayramlı özü də layihəni sosial şəbəkədə SABAH.HUB ilə Yüksək Texnologiyalar Parkının birgə layihəsi adlandırıb.
Nazir oğlunun rəhbərlik etdiyi SABAH.HUB
SABAH.HUB-un baş icraçı direktoru xarici işlər naziri Ceyhun Bayramovun oğlu Rəhim Bayramlıdır. Mərkəzin öz rəsmi səhifəsində də o, CEO kimi göstərilir.
Rəhim Bayramlının dövlət təhsil sistemi ilə əlaqəli innovasiya layihələrində fəaliyyəti 2021-ci ilə gedib çıxır.
Həmin il Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində “SABAH.lab” Akselerasiya Mərkəzi yaradılıb. Təhsil İnstitutunun məlumatlarında Rəhim Bayramlı mərkəzin baş icraçı direktoru kimi təqdim edilirdi.
Ceyhun Bayramov isə bundan əvvəl, 2018-2020-ci illərdə təhsil naziri olmuşdu.
2023-cü ildə “Abzas Media” Ceyhun Bayramovun ailəsinin biznes fəaliyyətini araşdırarkən Rəhim Bayramlının həm “SABAH.lab”, həm də digər biznes layihələrində fəaliyyətindən yazmışdı.

Meydan TV də 2025-ci ildə məktəblilər üçün yaradılan “2School” avtobus xidməti barədə yazarkən layihənin əvvəlcə SABAH.HUB-un “SABAH studio” layihəsinə bağlı startap kimi təqdim edildiyini müəyyənləşdirmişdi.
Maraqlıdır ki, material hazırlandıqdan sonra SABAH.HUB layihə ilə əlaqəsinin olmadığını bildirmiş və bu barədə məlumatın saytından silinəcəyini demişdi. Ancaq “2School”un təsisçisi Mustafa Hüseynov mediaya müsahibəsində layihənin “SABAH studio”nun startapı olduğunu söyləmişdi.
PAŞA Holding harada görünür?
“SABAH.city” ilə bağlı açıq məlumatlarda “PAŞA Holding” şirkətinin də adı hallanır. Amma mövcud sənədlər şəhərciyin və ya “Sabah City” MMC-nin “PAŞA Holding”-ə məxsus olduğunu deməyə əsas vermir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin platformasında “SABAH.HUB” barədə məlumatda mərkəzin Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, SOCAR və PAŞA Holding tərəfindən dəstəkləndiyi bildirilir.
Eyni məlumatda “SABAH.city” və “SABAH.HUB” ekosisteminin aktivlərindən biri kimi sadalanır.
Yəni “PAŞA Holding”-in layihə ekosistemində iştirakı görünür, amma sahibliklə bağlı açıq sübut yoxdur.