Bu gün, oktyabrın 29-da Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə bir neçə şagird dərs zamanı özünü pis hiss edib. İlkin məlumatlarda 10 şagirdin popkorndan zəhərləndiyi bildirilib.
TƏBİB-in məlumatına görə, məktəbdən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:50-də çağırış daxil olub. Hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası 8 nəfərə yerində yardım göstərib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida zəhərlənməsi faktını təsdiqləməyib.
Oktyabrın əvvəlində də Azərbaycanın iki məktəbində şagirdlərin zəhərlənməsi ilə bağlı məlumatlar yayılmışdı.
Oktyabrın 1-də Gəncədə Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin 5 şagirdi özünü pis hiss edərək xəstəxanaya yerləşdirilib. Dördüncü sinif şagirdlərinin məktəb bufetindən aldıqları şirniyyatdan zəhərləndiyi ehtimal olunurdu. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi hadisənin səbəblərinin araşdırıldığını bildirmişdi.
Bir gün sonra, oktyabrın 2-də Sumqayıt şəhərindəki 36 nömrəli tam orta məktəbin 14 şagirdi zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb. TƏBİB-in məlumatına görə, onların 11-i oğlan, 3-ü qız olub.
Abşeron-Xızı Regional Təhsil İdarəsi bildirmişdi ki, şagirdlərdən biri evdən məktəbə qənnadı məmulatı gətirib və sinif yoldaşları da həmin qidadan istifadə ediblər. Bundan sonra uşaqların halı pisləşib.
Hər iki hadisə ilə bağlı ilkin məlumatlarda qida zəhərlənməsi ehtimalı səsləndirilsə də, həmin vaxt səbəblərin dəqiqləşdirilməsi üçün araşdırmalar aparılırdı.