“Amnesty International” beynəlxalq insan haqları təşkilatı həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.
Təşkilat oktyabrın 26-da yaydığı bəyanatında Səmədovun tibbi yardımdan məhrum edildiyini və iki ay təkadamlıq kamerada saxlanıldığını bildirib.
“Amnesty International” bu halların işgəncə və digər pis rəftar riski yaratdığını qeyd edib. Təşkilat xatırladıb ki, Bəhruz Səmədov 2026-cı ilin fevralında Umbakı həbsxanasına köçürülüb. O, burada təkadamlıq kamerada saxlanılıb. Səmədov bir aydan çox müddətdə həkimin təyin etdiyi dərmanları ala bilməyib. Görmə qabiliyyətinin pisləşməsinə baxmayaraq, onun oftalmoloji müayinədən keçirilməsi ilə bağlı müraciətlərinə dəfələrlə cavab verilməyib.
Təşkilatın məlumatına görə, sentyabrda keçirilən müayinədən sonra həkim onun görmə qabiliyyətinin pisləşməsini həbsdə saxlanma şəraiti ilə əlaqələndirib.
Sənəddə qeyd olunur ki, sentyabrın 25-də Azərbaycan Ali Məhkəməsi Bəhruz Səmədov barəsində çıxarılmış 15 illik həbs hökmünü qüvvədə saxlayıb. Həmin iclasın fasiləsi zamanı Səmədov iti əşyadan istifadə edərək sağ qoluna xəsarət yetirib.
“Amnesty International” bildirir ki, Səmədov həbsdə olduğu müddətdə iki dəfə intihara cəhd edib. Təşkilat onun iki ay təkadamlıq kamerada saxlanıldığını və məhkəmə iclasları zamanı da təcrid edildiyini qeyd edir.
Təşkilat Azərbaycan hakimiyyətini Səmədovun təkadamlıq kamerada saxlanmasına son qoymağa, onu tibbi yardımla təmin etməyə və təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməyə çağırıb. Həmçinin onun həbsdə məruz qaldığı rəftarın və cinayət təqibinin araşdırılmasını tələb edib.
“Amnesty International” Prezident İlham Əliyevə ünvanlanan müraciət nümunəsi də yayıb. Təşkilat insanları Səmədovun azadlığa buraxılmasını, həbsdə olduğu müddətdə tibbi yardımla təmin edilməsini və ona qarşı rəftarın araşdırılmasını tələb edən məktublar göndərməyə çağırıb.
Müraciətlərin göndərilməsi üçün son tarix 2027-ci il yanvarın 30-u göstərilib.
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədovu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları 2024-cü il avqustun 21-də həbs edib.
Səmədov 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlətə xəyanətdə ittiham olunub. İstintaqın versiyasına görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.