Xaosun bir addımlığında

Ata, oğul və “ikinci hakim ailə” adına atılan addımlar hələ yekunlaşmayıb

Source:


Ata, oğul və “ikinci hakim ailə” adına atılan addımlar  hələ yekunlaşmayıb

Ölkədə təlatümlü və faciəli proseslər xaos nöqtəsinə yaxınlaşmaqdadır. 2015-ci ilin fevralından, “6 milyard dollar qalmaqalı”ndan start götürən, Avropa Oyunları ərəfəsində yanan bina ilə daha da güclənən gərginlik “MTN işi” və qalmaqallı həbslərlə  dərinləşdi. Nardaranda insan təlafatı ilə sona çatan qanlı əməliyyat, ardınca isə “Günəşli” yatağında 30 nəfərin həlak olması  gərginliyi kulminasiya nöqtəsinə çatdırdı.

Ölkədə ciddi proseslər cərəyan etməyə başlayıb. İnsan təlafatı ilə sonuclanan hadisələr və blokadaya alınmış Nardaran mövzusu  əsas gündəm olaraq qalır. Lakin bütün bunların fonunda Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin həbsi, iqtidar düşərgəsində endişpil mərhələsinə çatan amansız savaş bir qədər diqqətdən kənarda qaldı. Ən maraqlısı isə o idi ki, sadalanan və sadalanmayan proseslər fonunda hakimiyyətin gələcək taleyinə təsir edəcək mühüm bir hadisə baş verdi, mətbuat isə bunun fərqinə varmadı. Söhbət dövlət başçısının Naxçıvana səfərindən gedir…

…Naxçıvan ata və oğul Əliyevlər üçün ata yurdu olmaqla yanaşı, daima bir sığınacaq yeri olub. Ata Əliyev Moskvadan Azərbaycana dönərkən də Naxçıvana üz tutmuşdu. Siyasi karyerası alt-üst olmuş, ətrafının xəyanəti ilə üzləşmiş ata Əliyev “siyasətdən gedirəm, vətənə ölməyə gəldim” desə də, siyasətlə uzaqdan – yaxından maraqlananlar əmin idilər ki, “hakimiyyət ustası”  tezliklə revanş götürəcək və “Qarabağdan musiqiçilər, Naxçıvandan siyasətçilər çıxır” deyənlərin yardımı ilə  ölkənin siyasi olimipini fəth edəcək. Belə də oldu.

1993- 2003-cü illər ərzində Naxçıvan amili onun qoruyucu zirehinə çevrildi. Hakimiyyətini möhkəmləndirdikdən sonra da ata Əliyev ailəsi ilə birlikdə bu diyara gedər və naxçıvanlıları riqqətə gətirən çıxışlar edərdi. Bu dəfə də oğul Əliyev Naxçıvana səfər elədi…

… Hamının nəzəri təyyarənin trapında idi. Hər kəs prezidentin trapdan kiminlə enəcəyini maraq edirdi. Bu, bir jest olmalı idi. …İlham Əliyev trapdan tək endi və son aylar ərzində ilk dəfə idi ki, onun üzündə təbəssüm görünürdü.

Fevraldan bu yana ilk dəfə idi ki, prezident gülümsəyirdi. Son aylar ərzində ilk dəfə idi ki, komandasının üzvlərindən biri ilə jurnalistlər qarşısında  mehriban söhbət edirdi və NAR Ali Məclisinin sədri Vasif Talıbovla əl-ələ tutub, fotoqraflara poz verirdi. Bütün bunlar ictimai rəyə hesablanmış jestlər idi. Nəsə görünməyən səbəb də olmalı idi. Ölkə başçısı Naxçıvana səfəri sadə dövrə təsadüf etməmişdi. “Dərin Heydər Əliyev klanının” da maraqları zədələnmiş görünürdü. “MTN işi”, qalmaqallı həbslərlə başlanan “Naxçıvan revanşı”  dondurulmuşdu. Hətta vergilər naziri Fazil Məmmədovun qara siyahıda olması barəsində məlumatların yayılması da mətbuata qadağan edilmişdi. Milli Məclis rəhbərliyində hətta kosmetik dəyişiklik belə həyata keçirilmədi.  Ardınca Nardaranda heç kəsin gözləmədiyi halda qanlı hadisələr baş verdi. Son 15 ildə ilk dəfə idi ki, hakimiyyət Nardarana qarşı bu dərəcədə amansız davranırdı. Buna heç bir zərurirət  yox idi. Sanki Bakı kəndlərini qıcıqlandırmaq, bütövlükdə siyasi elitaya nifrət püskürməyə vadar etmək planı mövcud idi. Əks təqdirdə, bu dərəcədə bərbad əməliyyat keçirilməz, qəsəbə sakinlərinin işıq, qaz və su xətləri kəsilməzdi.  Görünən budur ki, Nardaranda hakimiyyətdaxili yeni klanın hazırlığına qarşı addımlar atılırdı, ya da “evin sahibinin kim olduğu” sübuta yetirilirdi…

Artıq bu hakimiyyətin içində olan heç bir kəs Bakı kəndlərinin dəstəyinə bel bağlaya bilməyəcək.  Nardaranda basdırılan kin və nifrət ağacı hələ meyvələr yetişdirməyib. Hələ yaralardan qan damır…

…İlham Əliyev Naxçıvana səfər etdi. Siyasi kluarlarda belə şaiyələr dolaşmağa başladı ki, dövlət rəhbəri Naxçıvanda bu bölgənin hakimiyyətdə təmsil olunan əsas simaları ilə görüşüb. Görüşün Bakıda deyil, məhz Naxçıvanda olması da rəmzi məna daşıyırdı. Düzdür, belə bir görüşün olması hələ ki, şayiələrdən uzağa getməyib, lakin istənilən halda Naxçıvan amili yenidən Azərbaycan siyasətində əsas faktora çevrilməkdədir. Prezident anlayır ki, komandası, ən yaxın ətrafı ona xəyanət edib, onun dördüncü prezidentliyinə gedən yolda böyük əngəllər mövcuddur. Əliyevlər üçün xilas kəməri olan Naxçıvan bu dəfə də yardıma gəlməli idi…

…İlham Əliyev Naxçıvandan Bakıya döndü və ilk işi Cahangir Hacıyevi həbs etdirmək oldu.  Son proseslər zamanı “ikinci hakim ailə” də ciddi zərbə almışdı. Gözlənilən bu idi ki, zərbələrin davamı gəlməlidir. Lakin  ölkədə yenə fəlakət baş verdi. “Günəşli” neft yatağında 30 nəfərin həyatına son qoyan faciə yaşandı. Bu faciə özü ilə bərabər bir çox sual doğurdu. Hansı səbəbə güclü qasırğa proqnozuna görə xarici şirkətlər öz vətəndaşlarına dənizə getməyi qadağan etmişdilər, SOCAR niyə  bunu etmədi? ARDNŞ prezidenti bu suala cavab verə biləcəkmi? Rövnəq Abdullayev bu zərbədən özünə gələ biləcəkmi? Hələ ki, sual açıq qalır.

Daha bir sual yaranır – FHN xilasediciləri müasir xilasetmə qurğuları ilə 30 nəfəri xilas edə bilərdilərmi? “Fövqalnazir” bu suala cavab verə bilməyəcək. Beləliklə, “Günəşli” iki naxçıvanlı məmurun karyerasına ciddi zərbə vurmuş oldu.

“Günəşli”də yanğın baş verərkən rəsmi qurumların “hər kəs xilas edilib” bəyanatı “Xocalıda cəmi 3 nəfər ölüb” açıqlamasına bənzəyirdi. Bir sözlə, bu fəlakət iki məmuru da tam batıra bilər.

Baş verənlər göstərdi ki, ölkənin təhlükəsizlik məsələsində problemlər mövcuddur. “Günəşli”də baş verən fəlakətlə bağlı hər bir versiya üzərində düşünmək lazım gəlir. Lakin görünən budur ki, iqtidar təxribat versiyasını elə beşikdəcə boğmaq istəyir. Anlamaq olar. Təxribat versiyası ən zəif nöqtəyə zərbə endirir – hər bir vətəndaşın təhlükəsizliyinin təmin edilməsi söz konusudur. Ən optimal variant bütün məsuliyyəti küləyin və ən yaxşı halda idarə rəisinin məsuliyyətsizliyinin üzərinə yıxmaqdır. Bu, daha təhlükəsiz metoddur.

Nardaranda, “Günəşli”də baş verənlər onu sübuta yetirdi ki, ölkə nəinki siyasi, hətta təbii  kataklizmlərə hazır deyil. Hakimiyyət son dərəcə qeyri-peşəkar idarəçiliyə malikdir. Belə metodlarla ölkənin təhlükəsizliyini təmin etmək imkansızıdır. Cəmiyyət darmadağın edilib və odur ki, orta statistik azərbaycanlının atacağı addımlar ölkəni faciələrdən xilas edə bilməz. Protest elektoratının nifrəti yalnız bir-birlərinə yönəlib. Ölkədə hər an  sosial partlayışlar baş verə bilər. İsmayıllı, Quba, Nardaranda olduğu kimi sadə vətəndaşlar məmur özbaşnalığına qarşı etirazlara qalxa bilərlər.  Neftin qiyməti isə sürətlə aşağı enir. Sosial təlatümlər qaçılmaz görünür. Bu, artıq siyasətdən uzaq insanların da etirazına səbəb ola biləcək amillərdəndir. Bu zaman isə hər bir etiraz amansızlıqla yatırıla bilər. Bir sözlə, ölkə “Əndicana doğu” yön götürüb.  Hakimiyyətin son zamanlar qanunvericilikdə sərt dəyişikliklər etməsi də məhz buna hazırlıq kimi dəyərləndirilməlidir.  Belə perspektiv sonun başlanğıcı anlamına da gəlir. Ölkədə klanlararası savaş şiddətlənir, xarici kəşfiyyat Azərbaycanı poliqona çevirmək niyyətini gizlətmir. Mətbuat və vətəndaş cəmiyyəti dağıdılıb. Ölkə belə vəziyyətdə prezident seçkilərinə gedərsə, növbəti idarəçilik ya xaos, ya da ki, tam diktatura ola bilər. Ata, oğul və “ikinci hakim ailə” adına atılan addımlar isə hələ yekunlaşmayıb…

Ana səhifəAnalitikaXaosun bir addımlığında