Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda həbsdə olan siyasətçi Anar Əsədliyə hökm oxunub.
Prosesə hakim Elnur Nuriyev sədrlik edib.
Fəaliyyəti dayandırılmış Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədli məhkəmənin qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Anar Əsədli 2023-cü il aprelin 21-də həbs edilsə də, həmin ilin iyulunda ev dustaqlığına buraxılmışdı.
Ardından haqqındakı cinayət işinə xitam verilib. Ancaq sonradan Baş Prokurorluq xitam qərarını ləğv etdiyindən Əsədli barəsində dələduzluq ittihamıyla cinayət işi yenidən istintaqa qaytarılıb.
Anar Əsədli 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Zərərçəkmiş qismində tanınan şəxslər arasında keçmiş prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov, Zəngilanın sabiq icra başçısı İlham Hüseynov və digərləri var.
Zərərçəkən şəxslər 2025-ci oktyabrın 24-də dəymiş ziyanı ödəmədiyini əsas gətirərək Əsədlinin həbsi barədə məhkəməyə vəsatət verib və o, yenidən həbs olunmuşdu.
Anar Əsədli dələduzluq ittihamını rədd edərək, kimsənin pulunu mənimsəmədiyini, baş verənlərin anlaşılmazlıq olduğunu bildirmişdi.
O, həbsdə olarkən rəhbərlik etdiyi partiya da fəaliyyətini dayandırdığını bəyan etmişdi.