Meydan TV içi üzrə hazırda həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanlı) təcridxanadan yazır:
Saxlanıldığım kameranın pəncərəsindən baxanda qarşı divarda çərçivəyə salınmış “NOT TO TORTURES” yazısını görürəm. İlk dəfə görəndə ingiliscə yazılmasını dərk etməmişdim.
Sən demə beynəlxalq təşkilatların monitorinq qrupunun gözünə kül üfürmək üçün belə bir addım atıblar. Əslində isə reallıq tam fərqlidir. Elə o yazının altında işgəncəyə məruz qalmışam.
May ayının 2-si saat 16:00 radələrində 202 nömrəli kamerada gizir Əliyev İsmətlə yaşadığım kiçik mübahisə zəminində, həmin şəxs qarmoşkanı iki dəfə bərk bağlayaraq, qolumu dəmir qapı arasında qoyaraq mənə əzab verdi. Canımın ağrısından yerdə qovrularkən “həkim” deyə bir neçə dəfə qışqırdım. Bu zaman gizir Əliyev kameraya daxil olub, məni provokasiyaya çəkməyə cəhd etdi. Mən ondan əzilmiş biləyimə görə həkim qəbuluna getmək istədiyimi dedim. Qolumu arxadan qandallayıb, “Fələstin halqası” işgəncə metodunu tətbiq etməklə koridorda məni sürüməyə başladı.
Qışqırtıma gələn zabitlər məni onun əlindən alıb polkovnik Ceyhun Hacıyevin qəbuluna apardılar. Polkovnik Hacıyevə tibbi müayinəyə ehtiyacım olduğunu və həmin şəxsin hərəkətinə görə cəzalandırmalı olduğunu bildirdim. Əvəzində isə Hacıyev həmin giziri qəbuluna çağırıb, mənimlə barışığa çalışdırdı.
Gördü nəticə əldə edə bilmir, birinci günə müsəssisə rəisi Elnur İsmayılovun qəbuluna yazdığını bildirdi və məsələni bağladı. “İşgəncə kralı” kimi ad çıxarmış mayor Cavid Quliyev özünü müavin təyin edən adamdan insan haqlarına hörmət gözləmək gülünc səsənir.
Həmin gizirlə biz neçə ay əvvəl də konflikt yaşamışdım və bununla bağlı “Facebook” səhifəmdə yazı dərc etmişdim. Həmin vaxtdan aramızda yaranan konfliktlə əlaqələr indiyə kimi heç bir tədbir görülməyib. Təxminən bir həftəyə biləyimdə qandaldan yaranmış qançırlar getdi. Dəfələrlə həkim müdaxiləsi və müayinəsi istəsəm də mənimlə maraqlanan olmadı.
Bakı İstintaq Təcridxanasında mənə qarşı dekabr ayından indiyə kimi yaranan kobud münasibətin səbəbi Meydan TV-də silsilə şəkildə yazılarımın dərc olunmağıdır.
Elnur İsmayılov, əlinə düşən hər fürsətdə mənə qarşı təzyiq göstərir ki, Əliyev ailəsinə yönələn tənqidi çıxışlarıma son verim.
BİT-də dustaqlara qarşı pis rəftar gündəlik norma halına gəlib. Buna etiraz edən şəxslərə işgəncə verməkdən çəkinmirlər. Çünki cənab İsmayılov nəzarətçilər üçün tam cəzasızlıq mühiti yaradıb. Ombudsman və Baş Prokurorluq isə bu olanlara göz yumur.
Nurlan Qəhrəmanlı
Bakı İstintaq Təcridxanası