Araşdırmada BƏƏ və Səudiyyə Ərəbistanından gələn yüz milyonlarla dolların Azərbaycan üzərindən Dubay və İsrailə köçürüldüyü iddia olunur. Azərbaycan bankının adı açıqlanmır.
ABŞ Prezidenti Donald Trampın kürəkəni və onun ilk prezidentliyi dövründə baş müşaviri olmuş Cared Kuşnerin Yaxın Şərq ölkələri ilə gizli maliyyə əlaqələrinə dair yeni iddialar ortaya çıxıb.
Jurnalist Metyu Koulun “Princes and Thieves: Jared Kushner and Mohamed bin Zayed’s Secret Plot to Remake the Middle East” adlı kitabından “Vanity Fair” jurnalında dərc olunan hissədə Kuşnerin Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İsraillə bağlı təxminən 2 milyard dollarlıq gizli maliyyə şəbəkəsinə çıxışının olduğu iddia edilir. Araşdırmada Azərbaycan banklarının bu pul köçürmələrində vasitəçi kimi istifadə edildiyi xüsusi qeyd olunur.
Kuşnerin vəkilləri isə həm bank hesablarının mövcudluğunu, həm də onun bu cür maliyyə mexanizmləri ilə əlaqəsini inkar edirlər.
Telefonun izlənməsi ilə başlayan araşdırma
Koulun yazdığına görə, hadisənin başlanğıcı 2017-ci ilin sonlarına gedib çıxır.
Niderlandın hərbi kəşfiyyatı Rusiya hərbi kəşfiyyatı – GRU ilə əməkdaşlıq edən hakerin istifadə etdiyi serverə çıxış əldə edib. Həmin serverdə Cared Kuşnerin “iPhone” telefonundan götürülmüş ekran görüntüləri aşkarlanıb.
Niderland kəşfiyyatı daha sonra rusların telefona necə daxil olduğunu müəyyənləşdirib və Kuşner telefonundan istifadə edərkən ekranda etdiyi əməliyyatları izləməyə başlayıb.
Koulun araşdırmasına görə, kəşfiyyat əməkdaşları Kuşnerin BƏƏ-dəki bir bank hesabına daxil olduğunu görüblər. Hesaba isə Azərbaycandakı bir bankdan yüz milyonlarla dollar göndərildiyi müəyyən edilib. İlkin olaraq pulun Azərbaycan hökuməti ilə əlaqəli ola biləcəyi düşünülüb.
Lakin müəllif sonrakı araşdırmasında pulun əsl mənbəyinin Azərbaycan olmadığını, vəsaitlərin BƏƏ və Səudiyyə Ərəbistanından gəldiyini iddia edir.
Azərbaycan necə vasitəçi olub?
Koulun versiyasına görə, Azərbaycan pulun mənbəyini gizlətmək üçün aralıq məntəqə kimi istifadə olunub.
Araşdırmada bildirilir ki, bəzi Azərbaycan bankları böyük məbləğli xarici valyuta əməliyyatlarında 6-7 faiz komissiya qarşılığında vasitəçilik ediblər.
Məsələn, müştəri Səudiyyə Ərəbistanından riyal və ya BƏƏ-dən dirhəm göndərir, Azərbaycan bankı isə başqa daxili hesabından həmin məbləğin dollar ekvivalentini son ünvana köçürür. Koul yazır ki, bu halda sonrakı bank yoxlamasında dolların birbaşa mənbəyi kimi Azərbaycan bankı görünür və ilkin vəsaitin haradan gəldiyini müəyyən etmək çətinləşir.
Araşdırmada bu əməliyyatları həyata keçirdiyi deyilən Azərbaycan bankının adı açıqlanmır. Həmçinin “Vanity Fair”də dərc olunan hissədə bu köçürmələri təsdiqləyən bank çıxarışları ictimaiyyətə təqdim edilməyib.
Dubayda 750 milyon dollarlıq hesab
Koul araşdırmasında ilk hesabı şərti olaraq “Alpha” adlandırır.
Hesab BƏƏ-nin “First Abu Dhabi Bank”ında olub. Müəllifin iddiasına görə, 2017-ci ildən etibarən Səudiyyə Ərəbistanı və BƏƏ bu hesaba təxminən 750 milyon dollar köçürüb.
Hesab Kuşnerin adına olmayıb. O, BƏƏ hökumətinin maliyyələşdirdiyi “Watani Al Emarat” fonduna məxsus olub. Lakin Koulun mənbələrinin iddiasına görə, Kuşner hesab üzrə imza səlahiyyətinə malik olub və nəzəri olaraq pul köçürə bilib.
Niderland kəşfiyyatının izlədiyi pulun hamısının dollarla Azərbaycandakı bankdan göndərildiyi iddia olunur.
Kuşnerin vəkili isə onun sözügedən fond, onun rəhbərliyi və BƏƏ-dəki bank hesabı ilə hər hansı əlaqəsinin və ya hesab barədə məlumatının olduğunu rədd edib.
Daha 1 milyard dolların Azərbaycan üzərindən İsrailə göndərildiyi iddia olunur
Araşdırmanın Azərbaycanla bağlı ən diqqətçəkən hissələrindən biri ikinci hesabdır.
Koulun “Beta” adlandırdığı hesabla bağlı iddiasına görə, 2018-ci ilin yazınadək BƏƏ rəhbəri Məhəmməd bin Zayed tərəfindən Kuşner üçün nəzərdə tutulan təxminən 1 milyard dollar Azərbaycan üzərindən İsrailə köçürülüb.
Müəllifin mənbəsi iddia edir ki, İsrailin Baş naziri Benyamin Netanyahu pulun İsrail Mərkəzi Bankında saxlanmasını təşviq edib. Koul bu hesabdakı vəsaitin Kuşnerin şəxsi faydası üçün nəzərdə tutulduğunu yazır, lakin pulların konkret olaraq necə xərcləndiyi məlum deyil.
Araşdırmada vəsaitin bir hissəsinin sonradan Kiprdəki hesablara göndərildiyi də iddia olunur.
Kuşnerin vəkilləri bu iddianı da qəti şəkildə rədd edərək onun belə bir hesabdan xəbərsiz olduğunu və “belə hesabların heç vaxt mövcud olmadığını” bildiriblər. ABŞ-nin İsraildəki keçmiş səfiri Devid Fridman da Kuşnerlə Netanyahu arasında pul köçürmələrinə dair vasitəçilik etdiyi barədə iddiaları rədd edib.
Kuşner niyə bu münasibətlərin mərkəzində idi?
Cared Kuşner 2017-2021-ci illərdə Ağ Evdə Trampın baş müşavirlərindən biri olub və administrasiyanın Yaxın Şərq siyasətində mühüm rol oynayıb.
O, İsrail ilə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlarda iştirak edib. 2020-ci ilin sentyabrında İsrail, BƏƏ və Bəhreyn arasında imzalanan “İbrahim razılaşmaları”nın hazırlanmasında Kuşnerin rolu ABŞ administrasiyası və BƏƏ rəsmiləri tərəfindən də açıq şəkildə qeyd olunmuşdu.
Metyu Koulun araşdırmasının əsas iddiası da məhz budur: Kuşnerin həmin dövrdə apardığı qeyri-rəsmi diplomatiyanın paralelində BƏƏ və Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi, bir hissəsi Azərbaycan üzərindən keçirilən ayrıca maliyyə mexanizmi fəaliyyət göstərib.
Lakin müəllifin təqdim etdiyi məlumatlar hazırda əsasən kəşfiyyat, maliyyə və diplomatik mənbələrin ifadələrinə söykənir. Açıq mənbədə Azərbaycan bankının adı, hesab nömrələri və əməliyyatları təsdiqləyən tam bank sənədləri dərc edilməyib.
Azərbaycan hökumətinin və ya konkret Azərbaycan rəsmilərinin bu əməliyyatları təşkil etdiyi və ya onlar barədə məlumatlı olduğu barədə də yayımlanan araşdırmada birbaşa sübut təqdim olunmur.
Kuşner tərəfi isə maliyyə şəbəkəsi ilə bağlı əsas iddiaları rədd edir və onun Ağ Evdə işlədiyi müddətdə xarici hökumətlərlə münasibətlərində bütün hüquqi tələblərə əməl etdiyini bildirir.