CPJ: Azərbaycanda azı 25 jurnalist peşə fəaliyyətinə görə həbsdədir

CPJ – İllüstrasiya: Chatgpt

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini “Məclis.info” ilə bağlı cinayət işinə xitam verməyə və həbsdə olan sayt rəhbəri İmran Əliyevi azad etməyə çağırıb.

Təşkilatın oktyabrın 22-də yaydığı bəyanatda bildirilir ki, xarici donorların maliyyələşdirilməsi ilə bağlı qanunlardan müstəqil medianı susdurmaq üçün istifadə edilməməlidir.

Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı “Məclis.info”nun rəhbəri İmran Əliyevin 12 il, saytın data analitiki Elgiz Qəhrəmanın isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Üçüncü təqsirləndirilən Tamella Musayevanın səhhəti məhkəmədə pisləşdiyindən prokuror onunla bağlı cəza tələbini açıqlaya bilməyib. Növbəti məhkəmə iclası noyabrın 3-nə təyin olunub.

İmran Əliyev 2024-cü ilin aprelindən həbsdədir. Elgiz Qəhrəman və Tamella Musayeva isə polis nəzarətinə verilib və ölkədən çıxışlarına məhdudiyyət qoyulub. Onlara qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma, sənəd saxtalaşdırılması və digər iqtisadi cinayətlərlə bağlı ittihamlar irəli sürülüb.

İmran Əliyev ittihamları qəbul etmir. O, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “Məclis.info”ya rəhbərlik etdiyinə görə cəzalandırıldığını bildirir.

CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə direktoru Fiona O’Brayen bildirib ki, Azərbaycanda xarici maliyyələşmə ilə bağlı qanunlardan media qurumlarının təqibi üçün istifadə olunur. Təşkilatın məlumatına görə, hazırda ölkədə azı 25 jurnalist peşə fəaliyyətinə görə həbsdədir.

CPJ xatırladır ki, “Məclis.info” Azərbaycanda xarici donor maliyyəsi ilə bağlı ittihamların irəli sürüldüyü dörd əsas müstəqil media qurumundan biridir. 2025-ci ildə “AbzasMedia” əməkdaşları uzunmüddətli həbs cəzaları alıb, 2026-cı ilin iyulunda “Toplum TV” işi üzrə doqquz nəfərə 15 ilədək həbs cəzası verilib, “Meydan TV işi” üzrə isə 12 jurnalist və media əməkdaşının məhkəməsi davam edir.

Azərbaycan qanunvericiliyi xarici qrantların dövlət qeydiyyatından keçirilməsini tələb edir. Hakimiyyət “Məclis.info” və digər media qurumlarının bu tələblərə əməl etmədiyini bildirir. CPJ isə Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı oxşar işlərdə qrantın qeydiyyata alınmamasına görə cinayət məsuliyyətinin deyil, cərimənin nəzərdə tutulduğunu vurğuladığını qeyd edir.

CPJ-nin 2025-ci il üzrə siyahısında Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə dünyada altıncı yerdə göstərilib.

Ana səhifə ▸ Xəbərlər ▸ CPJ: Azərbaycanda azı 25 jurnalist peşə fəaliyyətinə görə həbsdədir