“Aztelekom”un internet tariflərini artırmaq təklifi rədd olunub?

İllüstrasiya AI ilə hazırlanıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNDA) “Aztelekom” MMC-nin minimum internet sürətinin və buna uyğun tariflərin artırılması ilə bağlı müraciətini rədd edib.

Belə bir iddianı Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz feysbuk səhifəsində paylaşıb.

O. Gündüz yazır ki, son bir neçə ayda təbii inhisarçı “Aztelekom”un internetin minimum sürətini və qiymətini yenidən qaldırmağa hazırlaşdığı hiss olunurdu:

“Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi “ekspertlərin” yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar. Açıq-aşkar görünürdü ki, növbəti qiymət artımı üçün ictimai zəmin hazırlanır.

İndi isə məlum olur ki, Antiinhisar (AİBNDA – red.) təbii inhisarçı olan “Aztelekom”un minimal sürəti və buna uyğun qiyməti artırmaq müraciətinə razılıq verməyib”.

Ekspert qeyd edir ki, Agentliyin bu qərarı ədalətli, qanunauyğun və məntiqli bir yanaşmadır:

“Çünki rəsmi statistika göstərir ki, hazırda 90%-dən çox istifadəçi elə 100 Mbit/s üzərində “oturub”. Yəni böyük əksər istifadəçilərin minimal sürəti artırmaq deyə bir tələbatı yoxdur.

Provayderlərin hazırda da təklif etdikləri 200 Mbit/s və daha yuxarı sürətlərdən çox cüzi sayda insan istifadə edir.

Necə deyərlər, bu dəfə Aztelekom üçün “sürəti artırırıq” arqumenti ilə minimum ödənişi də artırmaq mümkün olmayıb”.

“Aztelekom” sonuncu dəfə 2024-cü il avqustun 15-də genişzolaqlı internet paketləri üzrə minimum sürəti artıraraq buna uyğun qiymətlər müəyyən etmişdi. O zaman 40 Mbit/s-dək olan internet paketinin sürətini 100 Mbit/s-ə qaldırmaqla qiymətlər də 18 manatdan 26 manata artırıldı.

60 Mbit/s-dək olan internet paketinin sürətini isə 150 Mbit/s-ə qaldırmaqla tariflər 26 manatdan 30 manata yüksəldi.

100 Mbit/s-lik paketin sürətini isə 250 Mbit/s-ə artırmaqla qiyməti 36 manat müəyyən edildi.

O zaman dövlət şirkəti hər Mbit/s üçün ödənişin 45 qəpikdən 25 qəpiyə endirildiyini bildirirdi. Halbuki ən ucuz paketin aylıq qiyməti 18 manatdan 25 manata bahalaşmışdı. Yəni minimum sürətli internet xidməti alan abonentlər 40 faiz daha çox ödəməli oldular.

Bu qərardan sonra ölkədə fəaliyyət göstərən bütün provayderlər eyni paket tariflərinə keçid etdilər və yüksək sürətə ehtiyacı olmayan abonentlərin daha ucuz internetə əlçatanlığını məhdudlaşdırdılar. Halbuki Osman Gündüz deyir ki, ölkədə internet istifadəçilərinin 90 faizi məhz minimum internet paketindən istifadə edən zümrədir və yeni tarif siyasətindən daha çox təsirlənən də onlar olub.

Məhz bu bahalaşmadan sonra əhalinin internet xidmətlərinə xərclədiyi vəsait 2025-ci ildə 45,5 faiz artdı.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yeni tariflər nəticəsində şirkətlərin qazancı bir il ərzində 35 faiz yüksəlib.

İndi bu tariflərin tətbiqinin üzərindən iki il keçməmiş “Aztelekom” MMC internetin minimal sürətinə uyğun yeni tariflərin müəyyənləşməsi üçün yenidən təkliflə çıxış edib. Lakin yeni qiymət şərtləri ictimaiyyətə açıqlanmayıb.

Ancaq AİBNDA-nın avqust ayında yaydığı məlumatdan sonra məlum olub ki, dövlət şirkəti belə bir təklif edib və qurum onun müraciəti ilə bağlı araşdırma və təhlil aparmağa başlayıb.

O. Gündüz qeyd edir ki, 2024-cü ildə ölkədə internet üçün böyük “tarif şoku” nəticəsində daha ucuz paketdən istifadə etmək istəyən vətəndaşlara seçim imkanı verilmədi:

“Xatırlayıram ki, bölgələrdə o zaman şərikli internetə keçənlər, hətta imtina edənlər də oldu. O zaman Antiinhisar bununla bağlı iş qaldırdı. Antiinhisar bəlkə də Azərbaycanda inhisarçılıq tarixində ilk dəfə olaraq “Aztelekom”un bu addımını “kartel sövdələşməsi” olaraq qiymətləndirdi. Təəssüf ki, o zaman Antiinhisarın Xidmət statusunun ləğvi və Agentliyə çevrilməsi ilə bu proses başa çatdırılmadı”.

Mərkəz sədri yazır ki, yeni qiymət artımı sayəsində “Aztelekom” aylıq dövriyyəsini az qala 100 milyona qədər artıra bilib:

“15 avqust” tarif şokundan sonra Aztelekom artıq illik dövriyyəsi milyard manat olan nəhəng bir təbii inhisar subyektinə çevrilib.

Əlbəttə, əlçatanlıqla bərabər yüksək sürətlərə də ehtiyac var. Lakin bu, heç bir halda hamı üçün minimal qiyməti qaldırmaq hesabına olmalı deyil. İstifadəçilərə seçim imkanı verilməlidir. Hər bir ailənin həmin xidmətə hər ay pul ödəyə bilməsi də əlçatanlığın əsas şərtidir.

Beləliklə, Antiinhisarın bu dəfə təbii inhisarçı olan “Aztelekom”a qiymət artımına imkan verməməsi təqdirəlayiqdir. Əminəm ki, asan olmayıb.

Əvvəlki artımla bağlı suallar açıq qalsa da, heç olmasa növbəti bahalaşmanın qarşısı alınıb”.

Sözügedən imtina qərarı ilə bağlı hələlik nə AİBNDA, nə də “Aztelekom” rəsmi açıqlama verib.

Qeyd edək ki, “Aztelekom” 1992-ci ildə dövlətə məxsus milli rabitə operatoru olaraq yaradılıb. 2025-ci ildən isə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AzCON” Holdinq) tərkibində fəaliyyət göstərir.

Ana səhifə ▸ İqtisadiyyat ▸ “Aztelekom”un internet tariflərini artırmaq təklifi rədd olunub?