Lənkəranın icra başçısını niyə öldürmək istəyiblər?
Terror aktları planlaşdırmaqda, Lənkəranın icra başçısı Taleh Qaraşov və o bölgədə fəaliyyət göstərən əcnəbi müəllimə qarşı sui-qəsddə ittiham olunan Bəhruz Əsgərovun işi üzrə oktyabrın 29-da məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.
İttiham aktında göstərilib ki, 1988-ci il təvəllüdlü Bəhruz Əsgərov terrorla əlaqəli planları həyata keçirmək üçün müxtəlif bölgələrdən olan adamlarla danışıqlar aparıb, razılaşıb. Onun nifrət etdiyi şəxslərdən biri də Lənkəranın icra başçısı Taleh Qaraşov olub.
İttihama görə, Bəhruz Əsgərov ətrafındakılara icra başçısının iş qrafiki, gediş-gəliş planı və s. haqda məlumatların əldə olunması haqda tapşırıqlar verib.
İttiham aktında göstərilib ki, sui-qəsd planlaşdırılan şəxslərdən biri də bölgədə fəaliyyət göstərən əcnəbi ingilis dili müəllimi olub. Onun küt alətlə öldürülməsi nəzərdə tutulub.
İttihamda qeyd olunub ki, Bəhruz Əsgərov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlandığına görə planların həyata keçirilməsi mümkün olmayıb.
Bəhruz Əsgərov ittihama münasibət bildirərkən özünü qismən təqsirli bildiyini deyib.
DTX-nın mətbuat xidməti 2024-cü ilin martında Bəhruz Əsgərovun həbsi barədə məlumat və video yaymışdı. Orada iddia olunurdu ki, əsasən Rusiyanın Murmansk şəhərində yaşamış 36 yaşlı Bəhruz Əsgərovun ətrafındakı şəxslərlə terror planlarını müzakirə etdiyi səs yazıları ələ keçirilib.
Videogörüntülərdə Bəhruz Əsgərovun özünün də ifadəsi yer almışdı. O bildirirdi ki, Taleh Qaraşovu öldürmək istəməsinin səbəbi 2018-ci ildə Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə ömürlük azadlıqdan məhrum edilmiş Yunis Səfərovun qisasını almaq olub.
Bəhruz Əsgərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (bir qrup şəxs tərəfindən milli, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsdə hazırlıq) maddələri ilə ittiham irəli sürülüb.
İcra başçısı zərərçəkmiş qismində tanınsa da, indiyədək keçirilən məhkəmə iclaslarının heç birində iştirak etməyib.