Xızı rayonunun Giləzi qəsəbəsində hərbi obyektin tikintisində çalışan fəhlələr gördükləri işin pulunu aylardır ala bilmədiklərini deyirlər. İşçilərin sözlərinə görə, onları tikintiyə cəlb edən subpodratçı “Nihad İnşaat MMC” ödənişləri müxtəlif bəhanələrlə gecikdirib. Şirkət nümayəndəsi isə ittihamları rədd edir və heç kimə borclarının qalmadığını bildirir.
Giləzi qəsəbəsində yerləşən hərbi hissədə tikinti işlərini əsas podratçı kimi “Nort Vest Konstrakşn” şirkəti aparır. Meydan TV-yə danışan fəhlələr isə tikintidə subpodratçı kimi çalışan “Nihad İnşaat MMC” vasitəsi ilə işə götürüldüklərini bildirirlər.
Onların sözlərinə görə, problem bir neçə aydır davam edir.
Meydan TV-yə danışan Rövşən Pənahov adlı fəhlə deyir ki, təxminən dörd aydır qazandığı pulun bir hissəsini ala bilmir. O bildirir ki, gündəlik 30 manat qarşılığında işləməyə razılaşıb, hazırda isə təxminən 400 manat alacağı var.
Rövşən Pənahovun sözlərinə görə, ödəniş hər dəfə başqa tarixə və başqa səbəblə təxirə salınıb.
“Kasıb adamam, yoldaşım da xəstədir. 400 manat az pul deyil. Neçə gün işləmişəm orada, pulumu ala bilmirəm. İkinci gün deyirlər, beşinci günə qalır, beşinci gün deyirlər, gələn həftəyə. Beləcə, dördüncü aya keçdilər. İndi də deyirlər ki, pul köçüb, sənədləşmə getmir. Zəng edirik, nömrəmizi bloka atıblar, cavab vermirlər”.
“15-ə yaxın adamın pulu qalıb”
Rövşən Pənahov bildirir ki, məsələ yalnız onun ödənişi ilə bağlı deyil. Onun sözlərinə görə, tikintidə çalışan təxminən 15 usta və fəhlənin də oxşar problemi var.
Onların arasında gündəlik 50 manat müqabilində çalışan kafel ustaları və boya ustaları da olduğu bildirilir.
Fəhlə deyir ki, işçilərlə rəsmi əmək müqaviləsi bağlanmayıb. Onun sözlərinə görə, əvvəlki ödənişlər də bank hesabı üzərindən əməkhaqqı kimi deyil, kartdan-karta köçürmə yolu ilə həyata keçirilib.
Rövşənin iddiasına görə, onları obyektə cəlb edən “Nihad İnşaat MMC” şirkətinin işlərini Mustafa və Akim Əmirov qardaşları idarə edir.

Şirkət: “Bizim heç kimə borcumuz yoxdur”
Məsələ ilə bağlı Meydan TV-yə danışan Mustafa Əmirov isə fəhlələrin ittihamlarını qəbul etmir.
O bildirir ki, işçilər qarşısında hər hansı maliyyə öhdəliyi qalmayıb və bütün ödənişlər həyata keçirilib. Mustafa Əmirov şirkətin fəaliyyətinin qanunvericiliyə uyğun olduğunu da deyir:
“Bizim heç kimə borcumuz yoxdur, bütün ödənişlər olunub. Məhkəmə qərarı olmadan heç kim bizi nədəsə təqsirləndirə bilməz. Narazılığı olan gedib polisə, prokurorluğa müraciət etsin. Dəqiqləşdirilməmiş məlumatları yayanları və adımızı hallandıranları məhkəməyə verəcəyik”.
Şirkət haqqında nələr məlumdur?
Meydan TV şirkətin dövlət reyestrindəki məlumatlarını da araşdırıb. Vergi orqanının kommersiya qurumlarının dövlət reyestrinə əsasən, 2023-cü ilin aprelində qeydiyyata alınan “Nihad İnşaat” MMC-nin qanuni təmsilçisi Şahin Xudayar oğlu Qurbanlıdır.
Mərkəzi Seçki Komissiyasının 2026-cı il seçici siyahısında Şahin Qurbanlının İmişli rayonunun Xəlfəli kəndində qeydiyyatda olduğu görünür. Fəhlələrin şirkətin işlərini idarə etdiyini bildirdiyi Mustafa və Akim Əmirov qardaşları, eləcə də Nihad Akim oğlu Əmirov da həmin kənd və eyni seçki məntəqəsi üzrə qeydiyyatdadır.
Meydan TV-nin əldə etdiyi telefon məlumatlarında isə Mustafa və Akim Əmirovların nömrələri müxtəlif istifadəçilər tərəfindən “Nihad İnşaat” adı ilə yadda saxlanılıb. Bununla belə, dövlət reyestrinin açıq hissəsində şirkətin təsisçisi və benefisiar sahibi barədə məlumat göstərilmir. Buna görə Əmirovların şirkətdə hüquqi pay sahibi olub-olmadığını, eləcə də bu şəxslər arasında qohumluq əlaqələri olub-olmadığını müəyyənləşdirmək mümkün olmayıb.
Əsas podratçı ilə bağlı əvvəl də fəhlə şikayətləri olub
Giləzidəki hərbi obyektin əsas podratçısı olan “Nort Vest Konstrakşn” şirkəti ilə bağlı fəhlələrin əmək münasibətlərinə dair narazılıqlar ilk dəfə səslənmir.
2017-ci ildə Gəncədə “Ganja Mall”un tikintisində çalışan 20-yə yaxın fəhlə də əmək hüquqlarının pozulduğunu bildirmişdi. İşçilər həmin vaxt müqaviləsiz işlədildiklərini, məzuniyyət hüquqlarının təmin olunmadığını və işdən çıxarılanda kompensasiya ala bilmədiklərini deyərək Prezident Administrasiyasına müraciət etmişdilər.
Fəhlələr bildirirdilər ki, işə qəbul zamanı sənədləri toplansa da, sonradan onlarla əmək müqaviləsi bağlanmayıb.
“Nort Vest Konstrakşn” Azərbaycanda iri tikinti və infrastruktur layihələrində iştirak edən şirkətlərdəndir. Şirkətin adı müxtəlif dövlət sifarişləri və böyük tikinti layihələrində keçir.
“Nort Vest Konstrakşn” həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və infrastruktur layihələrində podratçı kimi iştirak edir və bu ərazilərdə milyonlarla manatlıq dövlət sifarişləri icra edir.
Şirkətin hüquqi ünvanı“Port Baku Towers”, yəni Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 olaraq göstərilir. “PAŞA Holding”ə daxil olan bir sıra şirkətlər də eyni biznes kompleksində qeydiyyatdadır.
“Nort Vest Konstrakşn” şirkəti ilə “PASHA Holding”ə məxsus olan “PASHA Construction” arasında uzunmüddətli kommersiya əməkdaşlığı olub. Şirkətin öz layihə portfelində “PASHA Construction” Gəncə Mall, Gənclik Mall, 28 Mall, Port Baku Towers və digər iri obyektlər üzrə sifarişçi kimi göstərilir. Məsələn, Gəncə Mall layihəsində “PASHA Construction” sifarişçi, “Nort Vest Konstrakşn” isə tikintini açar-təslim həyata keçirən podratçı olub. Şirkətin 2020-ci il korporativ təqdimatında da çoxsaylı layihələr üzrə eyni əməkdaşlıq modeli görünür. Bu məlumatlar iki şirkət arasında ayrı-ayrı müqavilələrlə məhdudlaşmayan, illərlə davam etmiş işgüzar münasibətin olduğunu göstərir.
“Nort Vest Konstrakşn” şirkətinin İqtisadiyyat Nazirliyinin keçirdiyi “Qaradağ Şüşə Zavodu”nun özəlləşdirilməsi prosesində pay sahibi olan şirkətlərdən biri olduğu da sübut olunub.
İddalara cavab vermək üçün “Nort Vest Konstrakşn” şirkəti ilə əlaqə saxlasaq da, şirkət nümayəndələri cavab verməkdən imtina etdilər.