Azərbaycanda yardım alanlar da, ödəniş də azalır: yoxsulluq azalır, yoxsa aztəminatlılar sistemdən kənarda qalır?

shutterstock.com/Adomas Daunoravicius

JAMnews-un materialı

Azərbaycanda aztəminatlı ailələri müəyyənləşdirən gəlir həddi artırılıb. Məntiqən bu dəyişiklik yardım almaq hüququ qazananların və ödənilən məbləğin artmasına səbəb ola bilərdi. Rəsmi statistika isə əks mənzərəni göstərir: həm ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı, həm də adambaşına düşən ödəniş azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iyulun 1-də 78,9 min ailənin 349,3 min üzvü ünvanlı sosial yardım alıb. Bir il əvvəl sistem 80,3 min ailənin 353,3 min üzvünü əhatə edib. Beləliklə, bir ildə yardım alan ailələrin sayı 1400, insanların sayı isə 4 min nəfər azalıb.

Azalma uzunmüddətli müqayisədə daha böyükdür. 2017-ci ilin ortasında 498,4 min nəfər bu yardımı alırdı. Doqquz ildə onların sayı 149,1 min nəfər və ya təxminən 30 faiz azalıb. Eyni dövrdə ölkə əhalisi isə artıb.

Rəqəmlər mühüm bir sualı ortaya çıxarır: yoxsul ailələrin gəliri artaraq onları sosial yardım ehtiyacından çıxarıb, yoxsa yardım sistemi ehtiyacı olanların bir hissəsini artıq əhatə etmir?

Gəlir həddi artırılıb, yardım isə azalıb

Ünvanlı yardım sabit məbləğ deyil. Ailənin bütün üzvləri üçün müəyyən edilmiş ehtiyac meyarının cəmi ilə ailənin hesablanan orta aylıq gəliri arasındakı fərq ödənilir. Hesablamada ailənin son 12 aydakı gəlirləri əsas götürülür.

2025-ci ildə adambaşına ehtiyac meyarı 285 manat idi. 2026-cı ildə bu hədd 300 manata qaldırılıb – artım 5,3 faizdir. Buna baxmayaraq, yardımın bir nəfərə düşən orta məbləği 100,37 manatdan 97,94 manata enib. Nominal azalma 2,43 manat və ya 2,4 faizdir.

Hesablama qaydasını orta göstəricilərə tətbiq etdikdə, sistemin yardım alanların adambaşına aylıq gəlirini 2025-ci ildə 184,63 manat, 2026-cı ildə isə 202,06 manat hesabladığı görünür. Bu, 9,4 faizlik nominal artımdır. Yardım məbləğinin azalmasının riyazi izahı budur: sistem ailələrin gəlirinin ehtiyac meyarından daha sürətlə artdığını hesablayıb.

Amma bu rəqəm yoxsul ailələrin hamısının rifahının yaxşılaşdığını sübut etmir. 2026-cı ilin ortasında siyahıda qalan ailələrin orta göstəricisi bir il əvvəlki siyahı ilə müqayisə olunur. Yardımı dayandırılan və ya müraciəti qəbul edilməyən ailələr yeni ortalamada görünmür.

Rəsmi rəqəmlər əsasında hesablamamıza görə, yardım alanlara aylıq ödənişin ümumi məbləği təxminən 35,46 milyon manatdan 34,21 milyon manata düşüb. Yəni dövlətin bu qrup üzrə aylıq ödənişi nominal ifadədə də təxminən 1,25 milyon manat və ya 3,5 faiz azalıb.

Yardımın alıcılıq qabiliyyəti daha çox azalıb

2026-cı ilin iyulundakı rəqəmlərə görə, illik inflyasiya 5,8 faiz, ərzaq inflyasiyası isə 7,3 faiz olub. Qiymət artımı nəzərə alındıqda 97,94 manatlıq yardımın alıcılıq qabiliyyəti ötən ilki 100,37 manatla müqayisədə təxminən 7,8 faiz azalıb. Yalnız ərzaq bahalaşması ilə müqayisədə itki 9 faizə yaxınlaşır.

Yardımdan sonra ailənin hesablanan adambaşına gəliri ehtiyac meyarına – 300 manata çatdırılır. Ancaq 300 manat ötən ilki 285 manatdan 5,3 faiz çoxdur. Bu artım da ümumi inflyasiyadan, xüsusən ərzağın bahalaşmasından geri qalır. Deməli, sistemdə qalan ailələrin kağız üzərində təmin edilən minimum gəliri də real ifadədə artmayıb.

Yardım alanların sayı yoxsulların sayı deyil

Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə yekun göstəricilərində faktiki yoxsulluq həddi 286 manat, yoxsulluq səviyyəsi isə 5,2 faiz göstərilir. 10,26 milyon nəfərlik əhali üzrə bu, təxminən 534 min insan deməkdir.

Həmin ilin sonunda ünvanlı sosial yardım alanların sayı 336 min nəfər olub – əhalinin təxminən 3,3 faizi. Göstəricilərin hesablanma üsulu və istinad tarixləri fərqlidir, buna görə onları tam eyniləşdirmək olmaz. Bununla belə, aradakı təxminən 198 min nəfərlik fərq bir şeyi aydın göstərir: yardım alanların sayını ölkədəki yoxsulların sayı kimi təqdim etmək olmaz.

Üstəlik, gəlirin 300 manatdan az olması yardımı almaq üçün təkbaşına kifayət etmir. Qaydalar bu gəlirin ailədən asılı olmayan səbəblərə görə aşağı olmasını tələb edir. Rəsmi meyarlara görə, ailənin mülkiyyətində və ya istifadəsində avtomobil varsa, müxtəlif ünvanlarda iki eyni təyinatlı daşınmaz əmlakı varsa, son 12 ayda yaşayış minimumunun 12 mislindən çox alqı-satqı edibsə və ya əmək qabiliyyətli üzv təklif olunan iki münasib işdən imtina edibsə, yardım verilməyə bilər.

2026-cı ilin yaşayış minimumu ilə alqı-satqı həddi 3600 manatdır. Adambaşına kommunal və rabitə xərcləri ayda 45 manata çatdıqda da müraciətdən imtina edilir. Dörd nəfərlik ailə üçün bu, ümumilikdə 180 manat deməkdir. Yaxınların verdiyi pul və hədiyyələr, eləcə də şəxsi təsərrüfatdan əldə edilməsi mümkün sayılan gəlir də ailənin gəlirinə daxil edilir.

Bu meyarlar gizlədilən gəlir və əmlakı müəyyənləşdirmək məqsədi daşıya bilər. Ancaq köhnə avtomobili olan, kommunal xərcləri yüksək çıxan və ya qohum dəstəyi ilə ayaqda qalan nağd gəliri az ailə də eyni qaydalarla sistemdən kənarda qala bilər.

Pensiyaçılar azalır, yaşa görə müavinət alanlar artır

Sosial təminatın başqa bir göstəricisində də oxşar sual yaranır. 2025-ci il iyulun 1-də ölkədə 1 milyon 103,3 min pensiyaçı vardısa, bir il sonra onların sayı 1 milyon 100 min nəfərə enib. Orta pensiya 10,5 faiz artaraq 594,4 manata çatsa da, pensiyaçıların sayı 3300 nəfər azalıb.

Eyni zamanda əmək pensiyası hüququ olmayan və 220 manat yaşa görə müavinət alanların sayı 166,2 mindən 177,5 min nəfərə yüksəlib. Bu iki qrupdakı dəyişikliklərin eyni şəxslərlə bağlı olduğunu demək mümkün deyil. Lakin yaşlı əhali artdığı halda pensiyaçıların azalması və daha aşağı məbləğli müavinət alanların çoxalması əmək pensiyasına çıxış imkanları barədə ayrıca izah tələb edir.

Hökumətin açıqlamalı olduğu rəqəmlər

Yardım alanların azalmasının yoxsulluğun azalması kimi qiymətləndirilməsi üçün təkcə yekun say kifayət etmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son bir ildə neçə ailənin sistemə daxil olduğunu, neçəsinin yardımdan çıxarıldığını, neçə müraciətə imtina verildiyini və qərarların hansı səbəblərlə qəbul edildiyini açıqlamalıdır.

Həmçinin avtomobil, alqı-satqı, kommunal xərc, gəlir uyğunsuzluğu və iş təklifindən imtina meyarlarının hər biri üzrə neçə ailənin kənarda qaldığı, şikayətlərdən sonra neçə qərarın dəyişdirildiyi və yardım alanlar arasında uşaqların payı göstərilməlidir.

Bu məlumatlar olmadan çıxarıla biləcək nəticə yoxsulluğun azaldığı deyil. Rəsmi rəqəmlər hələlik yalnız bunu göstərir: ünvanlı sosial yardımın əhatə dairəsi daralıb, ödənilən orta məbləğ nominal olaraq azalıb və yardımın alıcılıq qabiliyyəti daha sürətlə zəifləyib.

Ana səhifəİqtisadiyyatAzərbaycanda yardım alanlar da, ödəniş də azalır: yoxsulluq azalır, yoxsa aztəminatlılar sistemdən kənarda qalır?