AbzasMedia-nın hazırda həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) “Azad Mətbuat Mükafatları”nın “Cəsarət Mükafatı”na namizəd göstərilib.
Bu barədə Sərhədsiz Reportyorlar Təşkilatı öz səhifəsində məlumat yayıb.
RSF qeyd edir ki, Sevinc Vaqifqızı “Azərbaycanda azad medianın sarsılmaz səsi olaraq qalır, təzyiqlərə boyun əymir və məhkəmədə cəsarətlə bildirib ki, hökumətin ən çox qorxduğu şey həqiqətdir.”
Təşkilatın məlumatına görə, jurnalist həbsdə olmasına baxmayaraq fəaliyyətini davam etdirir və bunun nəticəsində müxtəlif təzyiqlərlə üzləşir. Məsələn, iyul ayında Bakıdakı həbsxana rəhbərliyi ona isti havalarda vacib olan sərinkeşi yalnız insan haqları pozuntuları barədə yazmamaq şərti ilə verməyə razı olub. Sentyabrın 25-də isə o, AbzasMedia-nın digər qadın əməkdaşları ilə birlikdə ailə üzvləri və vəkillərlə görüşü çətinləşdirmək məqsədilə Bakıdan təxminən üç saatlıq məsafədə yerləşən Lənkəran həbsxanasına köçürülüb.
Sevinc Vaqifqızı da daxil olmaqla 7 nəfər hazırda “AbzasMedia işi” üzrə həbsdədir.
2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə qurumun direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı-jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.
Sərhədsiz Reportyorların 33-cü “Azad Mətbuat Mükafatları” mərasimi bu il təşkilatın yaranmasının 40 illiyi münasibətilə keçiriləcək RSF Festivalı çərçivəsində 2025-ci il noyabrın 15-də Parisdə baş tutacaq.
Bu dəfə 18 ölkədən 29 jurnalist, fotojurnalist və media qurumu beş nominasiyada – “Cəsarət Mükafatı”, “Təsir Mükafatı”, “Müstəqillik Mükafatı”, “Afrika Araşdırma Jurnalistikası üçün Mohamed Maïga Mükafatı” və “Lucas Dolega–SAIF Foto Mükafatı” üzrə təltif olunacaq.