Sakinlər: Texniki şərt ola-ola illərdir ki, binamıza qaz xətti çəkilmir

Mənbə: Meydan TV

2-ci Zabrat qəsəbəsi

Zabratda yeni tikilidə yaşayanlar qış vaxtı hər ay 200-300 manat işıqpulu ödədiklərini deyirlər

“Vətəndaş bir ətək pul verir, mənzil alır, sonra da elə həmin mənzildə illərlə kommunal problemlərin həllini gözləyə-gözləyə həyatını başa vurur”.

Məhəmmədli kənd ərazisində, 2-ci Zabrat qəsəbəsinin yaxınlığında uzun illər əvvəl “Behbudov AN İnşaat” MTK tərəfindən inşa edilmiş yaşayış binasında hələ də qaz yoxdur. Meydan TV-yə müraciət edən Bəxtiyar Rəsulov, Seymur Abdullayev, Qaya Abbasbətli, Orxan İbişov, Anar Əlizadə, Hafiz Rüstəmli, Binnət Eyvazov, Elçin Qurbanov, Səxavət Bədəlov və digərləri bildiriblər ki, illər ərzində binanın su, nəqliyyat problemlərini diş-dırnaqlarıyla həll etsələr də, bircə qaz məsələsi həllini tapmır ki, tapmır.

Binnət Eyvazov danışır:

“Maştağa-Zabrat körpüsünün kənarında yerləşən bu iki binada şəhid ailələri də var, müharibə əlilləri də… Dayanacağımız yox idi, yazıb-pozduq, nəhayət, gətirib 500 metr aralıda bir dayanacaq quraşdırdılar, bəzi avtobus xətlərini burdan saldılar. Su problemi var idi, yenə də ora-bura şikayət edə-edə həllinə nail ola bildik. Gəl ki, qaz problemini heç cür aradan qaldıra bilmirik. Binaya qaz çəkilişi üçün texniki şərt də var, ancaq çəkmirlər”.

Şirkət sahiblərindən biri vəfat edib, digəri yataq xəstəsidir

Binnət Eyvazov deyir, binanı inşa edən şirkətin şəriklərindən biri vəfat edib, digərisə yataq xəstəsidir, problemləri həll etmək imkanında deyil, üstəlik, xəstə sahibkarın övladları xarici ölkədə yaşayır və şirkət fəaliyyətini çoxdan dayandırıb. Sakinlər özləri dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, faydası olmayıb:

“Sabunçu Rayon icra Hakimiyyətinə, Nazirlər Kabinetinə, “Azəriqaz”a, binanı tikən şirkətə dəfələrlə müraciət etmişik, bütün müraciətlərimiz cavabsız qalıb. Mənzillərimizi elektrik cihazlarıyla isitməli, qışda hər ay 200-300 manat işıqpulu ödəməli oluruq. Evində xəstəsi, qocası, körpəsi olan var… Şirkətin sahibi xəstədirsə, bu, bizim problemimiz deyil axı… Biz pulunu ödəyib mənzil almışıq ki, rahatlığımızı quraq. Bura köçəndən illərdir ki, problemlərin həlliylə məşğul oluruq. Texniki şərt olan yerdə niyə qaz çəkilməməlidir? Qaz xətti binamızın 500 metrliyindən keçir, bu qədər ailə niyə əziyyət çəkməlidir? Biz də istəyirik ki, mənzillərimizdə mavi yanacaq olsun, işlədək, pulunu ödəyək…”

Bakı Regional Qaz İstismarı Departamentindən Meydan TV-yə bildirilib ki, Mənzil-Tikinti Kooperativləri tərəfindən inşa edilmiş yaşayış binalarının qazlaşdırılması işləri “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətləri xaricindədir. Həmin yaşayış binalarında tikinti-quraşdırma işləri Mənzil-Tikinti Kooperativlərinin sifarişi əsasında xüsusi lisenziyası olan podratçı təşkilat tərəfindən aparılır. Buna görə də MTK tərəfindən aidiyyəti təşkilatlarla razılaşdırılmış layihə-smeta və texniki icra sənədləri “Azəriqaz”a təqdim olunduqdan sonra mənzillərə təbii qazın açılışına müvafiq qaydada baxılaraq icazə verilir.

Ana səhifəSosialSakinlər: Texniki şərt ola-ola illərdir ki, binamıza qaz xətti çəkilmir