Azərbaycanın dövlət borcunun iki ildə 10 faiz böyüməsi gözlənilir

Azərbaycanın xarici borcu – Foto: Chatgpt

Gələn il Azərbaycan xarici və daxili borclanmanı artırmağı planlaşdırır. Cari ildə Maliyyə Nazirliyinin dövlət qiymətli kağızları üzrə emissiyalarının həcmini azaltmasına baxmayaraq, bir sıra layihələr çərçivəsində beynəlxalq maliyyə qurumlarından yeni kreditlərin alınması nəzərdə tutulur. Mediada gedən məlumatlardan aydın olur ki, hökumət enerji, metro infrastrukturunun genişləndirilməsi, “yaşıl şəhər” layihələri çərçivəsində böyük kredit müqavilələri bağlayıb. 

Maliyyə Nazirliyinin 2027-ci il dövlət büdcəsinə dair açıqladığı sənədə əsasən, gələn il dövlət borcunun həcmi 2026-cı ilin proqnozu ilə müqayisədə 6 faiz artaraq 28 milyard 600 milyon manata yüksələcək.

Cari ildə dövlət borcunun həcminin əvvəlki illə müqayisədə 3,7 faiz artaraq 26 milyard 953,2 milyon manat olacağı proqnozlaşdırılıb.

Büdcə sənədindən görünür ki, 2025-2027-ci illər ərzində dövlət borcunun həcmi 2 milyard 607 milyon manatdan çox artacaq. Bu isə borcun təxminən 10 faiz artması deməkdir.

Sənəddə il ərzində xalis birbaşa dövlət borclanmasına dair göstəricilərdən məlum olur ki, 2025-ci ildə dövlət borcunun azaldılması nəzərdə tutulsa da, növbəti illərdə borclanmanın əhəmiyyətli dərəcədə artırılması planlaşdırılıb.

Belə ki, 2025-ci ildə xalis birbaşa dövlət borclanması üzrə 1,4 milyard manatlıq mənfi saldo yaranıb. Yəni həmin il hökumətin ödədiyi borcun həcmi götürdüyü yeni borcların həcmindən çox olub.

Lakin 2026-cı ildə 965,7 milyon manat, 2027-ci ildə isə 1 milyard 641,7 milyon manatlıq yeni borcun götürülməsi nəzərdə tutulur.

Gələn ilin büdcəsində borc ödənişləri üzrə xidmət xərcləri isə 2,2 milyard manat təşkil edəcək. Bu xərclərə əsasən, kreditlər və qiymətli kağızlar üzrə faizlərin, eləcə də digər öhdəliklərin yerinə yetirilməsi üçün ödəniləcək vəsaitlər daxildir.

Ana səhifə ▸ Xəbərlər ▸ Azərbaycanın dövlət borcunun iki ildə 10 faiz böyüməsi gözlənilir