Azərbaycan Baş Prokurorluğu Türkiyədə yaşayan və fəaliyyət göstərən yeddi nəfər barəsində cinayət işi açıb.
Qurumun məlumatında qeyd olunur ki, həmin şəxslər Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlarda, dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasında, eləcə də dini ekstremist fəaliyyətə çağıran materialların yayılmasında şübhəli bilir.
Baş Prokurorluğun rəsmi saytında oktyabrın 19-da yayılan məlumata görə, cinayət işi oktyabrın 16-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dövlət əleyhinə yönələn açıq çağırışlar, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması və dini ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması maddələri ilə başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Qurumun açıqlamasında bildirilir ki, iş üzrə “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya, “Köklü Değişim” nəşrinin yazarı və “Değişim TV”nin aparıcısı Zekeriya Ceran (Baş Prokurorluğun məlumatına görə, Abdullah İmamoğlu adı ilə tanınır), “Analiz Merkezi” internet resursunun təsisçisi Fatih Tezcan, hüquqşünas Ahmet Şanlı, araşdırmaçı Fahrettin Taşkaya Saral, “Abdurrahman Tumer” adlı “Facebook” profilinin istifadəşisi Abdurrahman Tumer və moderator, idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkulu şübhəli bilinir.
Prokurorluğun məlumatına əsasən, həmin şəxslərin sentyabrın 25-dən oktyabrın 18-dək müxtəlif sosial şəbəkələrdə və internet platformalarında yaydıqları çıxış və materiallarda Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına yönəlmiş çağırışların əlamətləri müəyyən edilib.
Açıqlamada Rıdvan Kayanın oktyabrın 3-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun qarşısında keçirilən aksiyada, Kaya və Zekeriya Ceranın isə oktyabrın 13-də Azərbaycanın Ankaradakı səfirliyi qarşısında keçirilən aksiyada çıxış etdikləri bildirilir. İstintaq orqanı həmin çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar olduğunu iddia edir.
Baş Prokurorluğun açıqlamasına görə, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsinin qərarları ilə yeddi nəfər barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və onlar beynəlxalq axtarışa veriliblər. İstintaq çərçivəsində elektron sübutların toplanması, materialların müəllifliyinin müəyyənləşdirilməsi və beynəlxalq hüquqi yardım mexanizmlərindən istifadə olunması istiqamətində tədbirlərin davam etdirildiyi qeyd edilir.
Məsələyə Türkiyə tərəfinin və təqsirləndirilən şəxslərin mövqeyi bəlli deyil.
İş Türkiyə ilə Azərbaycan arasında dini və ictimai-siyasi məsələlər ətrafında mübahisələrin gündəmdə olduğu bir vaxta təsadüf edir. Son günlər Azərbaycanda məktəblərdə hicabla bağlı qaydalar və Bakının İsraillə münasibətləri Türkiyədə də müzakirələrə səbəb olub. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan bəzi siyasətçilərin Azərbaycandakı məktəb geyimi qaydalarını tənqid etməsindən sonra hakim Yeni Azərbaycan Partiyası bu açıqlamaları ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Bununla yanaşı, iki ölkə arasında rəsmi təmaslar davam edir. Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.