Rusiyanın Xalq artisti Ukraynadakı hərbi əməliyyatları pislədi

Anna Netrebko. Foto: 360b/shutterstock

Müharibə qurbanları və onların ailələrinin yanındayam”

Rusiya Xalq artisti, opera ifaçısı Anna Netrebko Ukraynadakı hərbi əməliyyatları pisləyib.

Münaqişə başlayandan sonra səhnəyə çıxmaqdan, həmçinin hər hansı açıqlama verməkdən yayınan müğənni ictimaiyyət tərəfindən yanlış anlaşıldığı qənaətindədir:

“Ukraynadakı müharibəni qəti şəkildə pisləyirəm. Müharibə qurbanları və onların ailələrinin yanındayam. Mənim mövqeyim bəllidir. Heç bir siyasi partiyanın üzvü deyiləm. Həmçinin hansısa Rusiya lideri ilə də müttəfiq deyiləm. Əslində, mən Prezident Putinlə cəmi bir neçə dəfə yaradıcılığımla bağlı əldə etdiyim uğurlara görə təqdim olunan mükafatları almaq üçün görüşmüşəm”.

Rusiya hökuməti ilə dostluq münasibətinin olmadığını, maliyyə dəstəyi almadığını qeyd edən ifaçı Avstriyada yaşadığını əlavə edib: “Avstriyada vergi rezidentiyəm. Vətənim Rusiyanı sevirəm və yalnız sənətimlə sülh və birlik axtarıram. Yaradıcılığımdakı fasilədən sonra mayın sonunda ilk olaraq Avropada çıxışlarımı davam etdirəcəyəm”.

Anna Netrebkonun açıqlamasının ardınca Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrı opera müğənnisinin iyunun 2-də olacaq çıxışını ləğv edib.

Qurumun saytında yerləşdirilən məlumatda bildirilir ki, Anna Netrebkonun çıxışı “Rusiyanın hərəkətlərini pisləməsi” səbəbindən dayandırılıb.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.

Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır.

Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən, teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Amerikanın Metropoliten-opera Teatrı isə Anna Netrebko ilə əməkdaşlığını Ukraynadakı hərbi əməliyyatlara görə dayandırıb.

Teatr rəhbərliyi opera ifaçısını Prezident Vladimir Putinin Ukraynada həyata keçirdiyi hərbi müdaxiləni pisləmədiyi üçün səhnədən uzaqlaşdırıb.

Bir çox rus sənətçisi Ukraynadakı genişmiqyaslı hərbi müdaxiləyə səssiz qalmayıb. Aralarında baş verənlərə görə açıq şəkildə Rusiya rəhbərliyini günahlandıranlar da olub, proseslərə reaksiya verməkdən çəkinənlər də.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimlərinə öz postlarını tərk etməyi təklif edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə mədəniyyət xadimlərini Vladimir Putinin ətrafında birləşməyə çağırıb.

Ana səhifəMədəniyyətRusiyanın Xalq artisti Ukraynadakı hərbi əməliyyatları pislədi