ABŞ teatrı Rusiyanın Xalq artistini səhnədən uzaqlaşdırıb

Anna Netrebko. Foto: 360b/shutterstock

Teatr Anna Netrebkonu münaqişəni pisləməməkdə günahlandırıb

Amerikanın Metropoliten-opera Teatrı Ukraynada hərbi əməliyyat başa çatana qədər Rusiya hakimiyyəti ilə əlaqəsi olan sənət adamları və qurumlarla işbirliyini dayandırıb.

Teatr rəhbərliyi həmçinin Rusiya Xalq artisti, opera ifaçısı Anna Netrebkonu Prezident Vladimir Putinin Ukraynada həyata keçirdiyi hərbi müdaxiləni pisləmədiyi üçün səhnədən uzaqlaşdırıb.

“Bu qərar teatrımız üçün böyük itkidir. Lakin Rusiya prezidentinin Ukraynadakı hərəkətləri bizə başqa seçim yolu qoymadı”, – teatrın baş direktoru Peter Qelb deyib.

Anna Netrebko aprel-may aylarında Metropoliten-opera Teatrında Cakomo Puççininin “Turandot” operasında çıxış edəcəkdi.

Teatrın yeni mövsümündə isə Cüzeppe Verdinin “Don Karlo” operasında çıxışı gözlənilirdi.

Peter Qelb bildirib ki, “Turandot” operasında rusiyalı ifaçını ukraynalı həmkarı Lyudmila Monastırskaya əvəz edəcək.

Anna Netrebko bir neçə gün öncə İtaliyanın “La Skala” opera teatrında martın 9, 12, 16 və 19-na planlaşdırılan tamaşalarını təxirə salıb.

Netrebkonun nümayəndəsi Maksim Berin mətbuata açıqlamasında bildirib ki, sənətçi özü səhnədən müvəqqəti getmək qərarını verib.

“Baş verənlərin fonunda səhnəyə çıxmaq etik və psixoloji baxımdan doğru olmazdı. Anna hələlik susmaq qərarına gəlib”, – Maksim Berin deyib.

Anna Netrebko Azərbaycanın xalq artisti, tenor Yusif Eyvazovun həyat yoldaşıdır.

Rusiyanın Ukrayna ərazilərinə qoşun yeritməsinə etiraz olaraq onlarla beynəlxalq təşkilat və ya federasiyalar artıq bir neçə gündür ki, Moskvaya onların tədbirlərində iştirakla bağlı qadağalar qoyur.

Fevralın 24-də Prezident Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyata görstəriş verib.

O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil.
Məqsəd ölkənin demilitarizasiyasıdır.

Daha sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Ana səhifəMədəniyyətABŞ teatrı Rusiyanın Xalq artistini səhnədən uzaqlaşdırıb