2026-cı ilin ilk doqquz ayında Azərbaycanda istehlak qiymətləri 5,7 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarının qiymətləri 6,7 faiz artıb. Tütün məmulatları 10 faiz, alkoqollu içkilər isə 7,6 faiz bahalaşıb. Qeyri-ərzaq məhsulları üzrə qiymət artımı 3,7 faiz təşkil edib.
Əhaliyə göstərilən xidmətlərdə də yüksək bahalaşma müşahidə olunur – 5,5 faiz.
DSK-ya görə, 2026-cı ilin sentyabr ayında istehlak qiymətləri avqust ayına nisbətən 0,9 faiz yüksəlib.
Təkcə bir ay ərzində ən yüksək qiymət artımı tərəvəz və yumurta üzrə qeydə alınıb. Belə ki, sentyabr ayında avqust ilə müqayisədə yumurta 5,4 faiz, tərəvəzlər isə təxminən 7 faiz bahalaşıb. Bundan əlavə, “Statkom” xarici dil və abituriyent hazırlığı kurslarının, mənzillərin kirayə qiymətlərinin və bərbərxana xidmətlərinin də bahalaşdığını qeyd edib.
Regionun ən yüksək inflyasiyası və ən aşağı maaşı
Azərbaycanı inflyasiya göstəricisinə görə qonşu Ermənistan və Gürcüstanla müqayisədə yüksək, orta aylıq əməkhaqqına görə isə ən aşağı ölkəsi hesab etmək olar.
Həmin ölkələrin statistika qurumlarının məlumatlarına əsasən, 2026-cı ilin ilk doqquz ayında istehlak qiymətləri Ermənistanda 4,3 faiz, Gürcüstanda isə 5,6 faiz artıb. Orta aylıq nominal əməkhaqqı göstəricilərinə gəlincə, təqdim olunan rəqəmlərə əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat təşkil edib. Bu, təxminən 690 dollara bərabərdir.
Gürcüstanda orta aylıq əməkhaqqı 2165 lari və ya 800 dollar, Ermənistanda isə 314196 dram (AMD) və ya təxminən 810 dollara bərabərdir.

Digər tərəfdən, Azərbaycanda iqtisadi artım tempinin zəifləməsi əhalinin gəlirlərinin artımına da təsir göstərib. Məsələn, ölkədə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artıb. Halbuki, 2025-ci ilin müvafiq dövründə artım 10 faizə yaxın idi.
İqtisadçılar 2026-cı ildə minimum məvaciblərin artırılmamasını və iqtisadi artımın zəifləməsini əməkhaqlarının artım dinamikasına təsir edən amillər kimi qiymətləndirirlər. Nəticədə nominal gəlirlərin artımının əksər hissəsi inflyasiya hesabına əriyib. Nəticədə əhalinin sonda əlinə çatan real gəlirlər azalıb.
Müqayisə üçün, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına əsasən, ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10 faiz artıb. Ermənistanda da artım 6,5 faiz təşkil edib. Bu göstəricilər qonşu ölkələrdə nominal əməkhaqqının artım tempinin inflyasiya səviyyəsindən yüksək olduğunu göstərir.

Real inflyasiyanın hesablanmasında manipulyasiya
Azərbaycanda ekspertlər daim real inflyasiyanın rəsmi göstəricidən yüksək olduğunu deyirlər. Onlar bunu istehlak qiymətləri indeksinin (İQİ) hesablanmasında istifadə edilən məhsul və xidmətlərin sayı və çəkisi üzərindən əsaslandırırlar. Belə ki, DSK-nin məlumatına görə, 2026-cı ildə istehlak qiymətləri indeksinin hesablanması zamanı 528 məhsul və xidmətin qiymətlərini əlavə ediblər. Bunlardan 151-i ərzaq məhsulu, 274-ü qeyri-ərzaq məhsulu, 103-ü isə xidmətlərdir.
Ekspertlər qeyd edir ki, 2000-ci illərin əvvəllərində bu say 300-400 civarında olub.
Müqayisə üçün, hazırda Gürcüstanda istehlak qiymətlərinin hesablanması zamanı 300-ə yaxın, Ermənistanda 400-ə yaxın mal və xidmət qrupu izlənilir.
Hər ölkənin öz istehlakçısının büdcəsində hansı malın daha çox çəkiyə malik olması burada əsas rol oynayır. Bir çox hallarda məhsul və xidmətlərin sayını artırmaq qiymət manipulyasiyasına səbəb ola bilir. Bu zaman həmin məhsulların istehlak çəkisi də önəmli olmalıdır. Məsələn, əhalinin artıq istifadə etmədiyi və ya az istehlak etdiyi mallar siyahıya daxil edilirsə, inflyasiya rəqəmləri reallığı əks etdirə bilməz.

İqtisadçı-ekspert Toğrul Vəliyev 2001–2026-cı illər üzrə istehlak qiymətləri indeksinin hesablanmasında istifadə edilən mal və xidmətlərin növləri və sayı ilə bağlı araşdırma aparıb.
İqtisadçının yazdığına görə, son 20 ildə siyahıda müəyyən dəyişikliklər baş verib:
“2005-ci ildə 586 əmtəə və xidmət göstərilmişdisə, 2026-cı ildə bu rəqəm 566 təşkil edib. Bəllidir ki, texnoloji inkişaf ilə bəzi məhsullara tələbat itib. Misal üçün, 2005-ci ilin siyahısında “kompakt-disklər, CD-ROM-lar, DVD-disklər” qeyd olunub. İndiki dövrdə bu məhsullardan çox az adam istifadə edir. Siyahıda onları flaş-kart əvəz edib. Amma bəzi istiqamətlər üzrə seçim azalıb”.
İqtisadçı qeyd edib ki, balıq məhsullarının çeşidləri üzrə siyahı əhəmiyyətli dərəcədə daralıb. Belə ki, 2005-ci ildə balıq və balıq məhsulları üzrə 11 çeşid olduğu halda, 2025-ci ildə bu göstərici 5-ə düşüb.
T.Vəliyevin araşdırmasına görə, 2005-ci ildə siyahıya “kütüm, sazan, xəşəm”, “nərə”, “ağ balıq”, “dondurulmuş stavrida, skumbriya, xek”, “dondurulmuş kilkə”, “hisə verilmiş nərə”, “duzlu siyənək”, “şprot balıq konservləri”, “sayra, sardina balıq konservləri”, “tomat sousunda balıq konservləri” və “qara nərə kürüsü” daxil edilib.
2025-ci ilin siyahısında isə “təzə balıq”, “dondurulmuş balıq”, “hisə verilmiş balıq”, “balıq konservləri (yağda)” və “tomat sousunda balıq konservləri” yer alıb.
“Başqa sözlə, tomat sousunda balıq konservləri bu 20 ili siyahıda keçirən yeganə balıq məhsuludur. Düzdür, indiki zamanda qara nərə kürüsünü hesabata salmaq mənasız olardı, amma Xəzər dənizinin sahilində yerləşən ölkədə, fikrimcə, balıq seçimi daha çox olmalıdır. Eyni zamanda “təzə balıq” anlayışı nə deməkdir, bəlli deyil. Belə yolla kifayət qədər manipulyasiyalara əl atmaq olar. Balıqda seçimimiz azalsa da, bəzi digər məhsullarda seçimimiz artıb. Ağ kələmin yerinə artıq ağ kələm, gül kələmi və brokkoli, meyvələrə kivi və s. əlavə olunub. Yeri gəlmişkən, həm də mədəniyyət cəhətindən seçimimiz standartlaşıb. 20 il əvvəl olan siyahıda pianino, tar və sintezator ayrı olaraq göstərilmişdi. İndiki siyahıda yalnız “musiqi aləti” mövcuddur”, – deyə iqtisadçı vurğulayıb.