Duma spikerindən müharibəni dəstəkləməyən mədəniyyət xadimlərinə xəbərdarlıq

Vyaçeslav Volodin. Mənbə: Azərtac

Vyaçeslav Volodin: “İkili mövqe tutmaq olmaz, vəzifələrinizi tərk edin”

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimlərinə öz postlarını tərk etməyi təklif edib.

Siyasətçi “Rossiya-24” telekanalına müsahibəsində deyib ki, dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən sənətçilər tutduqları vəzifələrdən və qrantlardan imtina etməlidirlər.

“İkili mövqe tutmaq olmaz. Sizdən istifadə edəcəklər. Ölkənizin olmaması üçün hər şeyi edəcəklər, sonra belə işbirlikçi mövqe tutanlara, xalqına, dövlətinə xəyanət edənlərə yenə də xor baxacaqlar”, – spiker belə deyib.

Fevralın 21-də axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlardan sonra bir çox rus sənətçi və ictimaiyyət nümayəndəsi baş verənlərə səssiz qalmayıb.

Onlar istifadəçisi olduqları sosial şəbəkələr vasitəsilə müharibəyə qarşı çıxdıqlarını elan ediblər.

Əksəriyyət bu vəziyyətdə kimin günahkar olduğuna dair mühakimə yürütmədən sülhə çağırış edib.

Aralarında baş verənlərə görə açıq şəkildə Rusiya rəhbərliyini günahlandıranlar da olub.

Ana səhifəMədəniyyətDuma spikerindən müharibəni dəstəkləməyən mədəniyyət xadimlərinə xəbərdarlıq