Rəsmi: Daşaltı yaxınlığında Azərbaycan hərbçilərinə əl qumbarası atılıb, yaralanan var

Foto: Meydan TV

Baş Prokurorluq cinayət işi açıb

Noyabrın 13-də Şuşa şəhəri yaxınlığında insident yaşanıb. Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda deyilir ki, Ermənistan vətəndaşı Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan hərbçilərinə “RQD-5” markalı əl qumbarası atıb.

Hadisənin saat 07:12-də baş verdiyi qeyd olunub.

Bildirilib ki, Ermənistan vətəndaşı Norayr Mirzoyan əl qumbarasını Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularına atıb:

“Norayr Mirzoyan Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkət edib. Onun atdığı əl qumbarası nəticəsində çavuş Hafiz Nəsibov və digərləri (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Məlumatda Norayr Mirzoyanın bu hərəkəti milli düşmənçilik niyyətilə qəsdən adam öldürülməsinə cəhd kimi qiymətləndirilib:

“1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycanın ərazisində terror aktı törədib”.

Baş Prokurorluq Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi açıb.

İstintaqın aparılmasının Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edildiyi qeyd olunub.

Ermənistan tərəfi məlumatı təsdiqləsə də, təxribatın Azərbaycan hərbçiləri tərəfindən edildiyini və yaralıların olmadığını bildirib.

Ana səhifəSiyasətRəsmi: Daşaltı yaxınlığında Azərbaycan hərbçilərinə əl qumbarası atılıb, yaralanan var