Meta şirkəti müəllif hüquqları ilə bağlı şikayətlərdən sonra mühacirətdə fəaliyyət göstərən müstəqil media qurumları Abzas Media və Toplum TV-nin “Instagram” səhifələrini bloklayıb. Media qurumları isə yayımladıqları kontentlərə istinad etdiklərini, bunun arxasında Azərbaycan hakimiyyətinin olduğunu deyirlər.
Abzas Media-nın direktoru Günel Səfərova Meydan TV-yə deyir ki, avqustun 22-dən 25-dək olan müddətdə dörd dəfə müəllif hüquqları şikayəti alıblar. Şikayət edilən materiallardan biri “Azadlıq” qəzetinin hazırladığı video, digəri “Musavat.com”da yayımlanan müsahibə əsasında hazırlanmış video, biri “Haman Times”ın yaydığı video, digəri isə 2022-ci ildə Göyçayda baş vermiş selə dair sosial şəbəkələrdən götürülmüş qısa görüntüdür. Səfərova deyir ki, materiallar yayımlanarkən mənbələrə istinad edilib.
Səfərova şikayətlərin eyni şəxs tərəfindən göndərildiyini deyir və bunun koordinasiyalı hücum ola biləcəyini bildirir.
“Azərbaycanda əməkdaşlarımız yoxdur, fəaliyyətimizi xaricdən davam etdiririk. İnsanlara çatmaq üçün əsas vasitələrimizdən biri sosial media platformalarıdır. Bizi sıradan çıxarmaq üçün əllərində tək vasitə kimi sosial media hesablarımızı bağlatdırmaq qalır. Mən bunu birbaşa hədəflənmiş hücum kimi qiymətləndirirəm”, – Səfərova bildirir.
Abzas Media məsələ ilə bağlı rəqəmsal hüquqlar təşkilatı “Access Now”a müraciət edib. Səfərovanın sözlərinə görə, Meta-nın səhifənin bloklanması ilə bağlı qərarına yenidən baxmasını gözləyirlər.
Toplum TV ilə də oxşar hal baş verib. Medianın redaktoru Pərvanə Qurbanovanın Meydan TV-yə bildirdiyinə görə, onların bir materialı müəllif hüquqlarının pozulması iddiası ilə şikayət edilib. Söhbət avqustun 3-də Bakının Xətai rayonunda baş vermiş torpaq sürüşməsi zamanı avtomobillərin torpaq altında qalması ilə bağlı videodan gedir. Qurbanova deyir ki, video İctimai TV-nin rəsmi YouTube səhifəsindən götürülüb və paylaşımda mənbəyə istinad edilib. Şikayətçi isə materialın öz profilindən götürüldüyünü iddia edib.
“Bu, müstəqil mediaya hücumların bir hissəsidir. İstisna etmirik ki, bu da hökumətin haker hücumlarından biridir, bağlanmağa yönəldilmiş addımdır. Bunu adi sıradan bir vətəndaşın edəcəyini düşünmürük”, – Qurbanova deyir.
Şikayət mexanizmi necə istifadə olunur?
Diqqət çəkən məqam şikayətlərin məzmunundan çox, onların müxtəlif adlardan, eyni elektron poçt ünvanlarından və başqa media qurumlarına aid keçidlərdən istifadə edilməklə göndərilməsidir. Abzas Media-nın məlumatına görə, müxtəlif adlardan istifadə edilməsinə baxmayaraq, bir neçə müraciətdə eyni elektron poçt ünvanından istifadə olunub. Eyni zamanda, müəllif hüququnun pozulduğu iddia edilən materialların keçidləri də şikayətçilərin deyil, müxtəlif media qurumlarının öz materiallarına aparıb.
Bu faktlar şikayətlərin arxasında eyni şəxsin və ya əlaqəli şəxslərin dayana biləcəyi barədə şübhə yaradıb. Səfərova da məhz bu səbəbdən şikayətlərin koordinasiyalı hücum ola biləcəyini düşünür.
Ancaq şikayətlərin konkret olaraq kimin tərəfindən təşkil edildiyi və onların məqsədinin nə olduğu hələ müstəqil şəkildə təsdiqlənməyib.
“Azadlıq” qəzetinin Facebook səhifəsi də bu günlərdə bloklanıb. Qəzetin baş redaktoru Rahim Hacıyev Meydan TV-yə bildirib ki, səhifənin bloklanmasına müəllif hüquqları ilə bağlı şikayət səbəb göstərilib. Baş redaktor deyib ki, bunun arxasında Azərbaycan hakimiyyəti dayanır.
Sosial media niyə hədəfə çevrilir?
Mühacirətdə fəaliyyət göstərən müstəqil media qurumları üçün sosial media yalnız əlavə yayım kanalı deyil. Bu platformalar onların Azərbaycandakı auditoriyaya çatmasının əsas vasitələrindən biridir. Bunun səbəbi də 2023-cü ildən bəri Azərbaycanda müstəqil medialara qarşı aparılan həbs dalğasıdır. Hazırda Abzas Media, Toplum TV və Meydan TV-nin əməkdaşları qaçaqmalçılıq ittihamları ilə həbsdədir. Bu media qurumları fəaliyyətlərini mühacirətdən davam etdirmək məcburiyyətindədirlər. Jurnalistlər həbslərini siyasi hesab edirlər. Buna görə də bir media qurumunun Instagram və ya Facebook hesabının bloklanması təkcə bir neçə paylaşımın silinməsi demək deyil. Hesabın məhdudlaşdırılması media qurumunun auditoriya ilə birbaşa əlaqəsini və materialların yayılmasını ciddi şəkildə məhdudlaşdıra bilər.
Oxşar hallar Qazaxıstanda da qeydə alınıb. 2026-cı ildə beynəlxalq media hüquqları təşkilatları bu ölkədə müstəqil jurnalist və media qurumlarının Facebook, Instagram və YouTube hesablarından materialların müəllif hüquqları ilə bağlı əsassız şikayətlərdən sonra silindiyini və bəzi hesabların bloklandığını sənədləşdirib. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) araşdırmasına görə, bəzi şikayətlərdə materiallarla əlaqəsi olmayan jurnalist və şirkətlərin adlarından istifadə edilib.