Ermənistan ordusunda son bir ayda dördüncü hərbçi qeyri-döyüş şəraitində ölüb

Erməni hərbçisi. Foto: Sputnik-Ermənistan

Bir neçə gün fərqlə iki erməni hərbçi qeyri-döyüş şəraitində həyatını itirib. Hərbçilərdən biri, 22 yaşlı Edgar Gevorgyan bazar günü güllələnərək öldürülüb, adı açıqlanmayan digər hərbçi isə bazar ertəsi vəfat edib. Hadisələr orduda qeyri-döyüş şəraitində baş verən ölüm hallarının artması fonunda bu məsələyə diqqətin yenidən güclənməsi ilə eyni vaxta təsadüf edib.

OC Media yazır ki, Gevorgyan güllə yarası ilə ölü tapılıb və səlahiyyətli qurumlar onun qətlində şübhəli bilinən şəxsi saxlayıblar.

Səlahiyyətli qurumlar bazar ertəsi həyatını itirən, adı açıqlanmayan 37 yaşlı hərbçinin ölümü ilə bağlı hələlik əlavə məlumat paylaşmayıblar.

Cəmi bir həftə əvvəl Ermənistanın Geğarkunik vilayətində yük maşınının yolda hərbçiləri vurması nəticəsində bir əsgər həlak olmuş, daha altı nəfər yaralanmışdı. Avqustun əvvəlində isə bir nəfər saxlanılmışdı. O, hərbçi yoldaşını intihara sövq etməkdə şübhəli bilinir. Bu hadisə cari ildə qeyri-döyüş şəraitində ölüm hallarının artmasından sonra orduda genişmiqyaslı kadr dəyişikliklərinə səbəb olmuşdu.

Buna cavab olaraq Paşinyan Aram Hovannisyanı Hərbi Polisin rəisi təyin edib, Seryoja Stepanyanı isə ordunun Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsindən azad edib. O, həmçinin orduda intiharların və “nizamnamədənkənar münasibətlərin” qarşısının alınması üçün sistemli həllər hazırlayacaq qurumlararası işçi qrup yaradıb. İşçi qrupa orduda bu cür ölüm hallarının qarşısının alınması üçün təkliflər hazırlayıb təqdim etmək məqsədilə üç ay vaxt verilib.

Bazar ertəsi parlamentdə yeni hökumət proqramını təqdim edən Paşinyan orduda baş verən ölüm halları ilə bağlı narahatlıq doğuran vəziyyətdən danışıb.

“Bu problemləri aradan qaldırmaq istiqamətində səylərimiz dayanmayacaq. Biz artıq bu problemi necə həll etməli olduğumuza dair konkret proqramların konturlarını müəyyənləşdiririk və eyni zamanda anlayırıq ki, bu məsələ müəyyən mənada xarici mühitdə baş verən dəyişikliklərlə də əlaqəlidir”, – o deyib.

Həmçinin bazar ertəsi müdafiə naziri Suren Papikyan son ölüm hallarını şərh edib. O bildirib ki, statistika ordudakı ölüm hallarına yanaşmaq üçün düzgün üsul olmasa da, ordunun əvvəlki illərə aid statistikası intiharların və oxşar hadisələrin illər boyu ordudakı cinayət xarakterli əməllər səbəbindən davamlı şəkildə baş verdiyini göstərir. Papikyan iddia edib ki, keçmişdə bu cür ölüm hallarına görə Müdafiə Nazirliyi günahlandırılmırdı.

Papikyanın sözlərinə görə, nazirliyin davamlı səyləri nəticəsində 2025-ci ildə ölüm hallarının sayı ikiyə endirilib. Lakin Hərbi Prokurorluğun məlumatına əsasən, 2025-ci ildə 30 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib.

Rəqəmlər arasındakı fərqi Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan bu ayın əvvəlində izah etmişdi. O bildirib ki, statistik məlumatlarda çox vaxt bütün ölüm halları vahid rəqəm kimi təqdim olunur və hərbi xidmətlə əlaqəli ölümlərlə xidmətlə əlaqəsi olmayan hallar arasında fərq qoyulmur.

Orduda qeyri-döyüş şəraitində baş verən ölüm halları barədə məlumatlar gəlməkdə davam etdikcə, vətəndaş cəmiyyəti Müdafiə Nazirliyini bu ölümlərə görə məsuliyyət daşımağa və məsuliyyəti ümumiləşdirmək, həmçinin statistika vasitəsilə xidmətlə əlaqəli və əlaqəsiz ölüm halları arasında fərq qoymaq əvəzinə, problemin kökündə duran səbəblərinin aradan qaldırılması istiqamətində işləməyə çağırır.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərErmənistan ordusunda son bir ayda dördüncü hərbçi qeyri-döyüş şəraitində ölüb