Qubad İbadoğlu: Prezidentin islahatlar aparmağa siyasi iradəsi çatmır

Rauf Mirqədirov: Novruz Məmmədovun baş nazir təyin olunması bu vəzifənin zəruri olmamasının göstəricisidir

Source:
İlham Əliyev
İlham Əliyev


Rauf Mirqədirov: Novruz Məmmədovun baş nazir təyin olunması bu vəzifənin zəruri olmamasının göstəricisidir

Aprelin 21-də Milli Məclisin iclasında prezidentin təqdimatı ilə Novruz Məmmədov Baş nazir vəzifəsinə təyin edilib.

Günün ikinci yarısında İlham Əliyevin qərarı ilə Nazirlər Kabinetinin yeni üzvləri təyin olunub.

Yeni kabinetdə Baş nazirin müavini Abid Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov əvvəlki vəzifələrini itiriblər. Səlim Müslümovu iqtisadiyyat nazirinin müavini Sahil Babayev, Heydər Əsədovu İnam Kərimov əvəz edib. İnam Kərimov dünənə qədər Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri işləyib. Baş nazirin müavini Əli Həsənov da artıq Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri deyil. Bu posta deputat Rövşən Rzayev təyin olunub. Bundan başqa, Dövlət Satınalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin rəhbəri olmuş Samir Nuriyev təyin edilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə Baş nazirin müavini olub.

Siyasi icmalçı Zərdüşt Əlizadə deyir ki, Novruz Məmmədovun Baş nazir təyin olunacağını gözləmirmiş.

Novruz Məmmədov
Novruz Məmmədov

Ancaq Novruz Məmmədov tipində adamın Baş nazir təyin olunacağını gözləyirmiş.

Ən müsbət cəhəti siyasi iddiasının yoxluğu və zəif iradəsinin olmasıdır

Zərdüşt Əlizadə deyir ki, Novruz Məmmədov Azərbaycan siyasətində heç kimdir:

“Bu adam Prezident Administrasiyasında tərcümə işləri ilə məşğul olurdu və tədricən şöbə müdiri vəzifəsinə yüksəlib. Onun nə iqtisadi sahədə, nə ictimai sahədə biliyi var, hətta xarici siyasəti də dərindən bilmir. Ən müsbət cəhəti siyasi iddiasının yoxluğu və zəif iradəsinin olmasıdır. Bu meyarlara görə də onu Baş nazir təyin etdilər.

Bu tip adamlar Əliyevlərin hakimiyyəti zamanı Baş nazir vəzifəsinə ideal namizəddirlər. Baxın, 22 ilə yaxın Baş nazir olan Rəsizadənin siyasi iradəsi olmayıb və mühüm işlərə də müdaxilə etmirdi. Ona görə bir gəncin ömrü qədər Baş nazir saxladılar. İndi də İlham Əliyev prezident olduğu qədər Novruz Məmmədov da Baş nazir kimi qalacaq və özü heç bir qərar qəbul etməyəcək. Onunla Hacıbala Abutalıbov arasında heç bir fərq yoxdur”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə Nazirlər Kabinetinin yeni tərkibi barədə dedi ki, Elçin Əfəndiyevin, Səlim Müslümovun, İsmət, Abbasovun, Heydər Əsədovun yerinə təyin olunanlar istefaya göndərilmişlərdən fərqlənmirlər:

“Yeni məmurlar da əvvəlkilər kimi “ləbbeyk” deyən adamlardır. Bu adamlar dövlət aparatının vintləridir”.



Qubad İbadoğlu: Təyinat islahatlarla bağlı gözləntilərin dəfnidir

İqtisadçı Qubad İbadoğlu yeni Baş naziri “Facebook” səhifəsində xarakterizə edərkən bildirib ki, Novruz Məmmədovun Artur Rəsizadədən başlıca fərqi Azərbaycan dilində yaxşı danışması və 12 yaş cavan olmasıdır.

Qubad İbadoğlu bildirib ki, hakimiyyətdaxilində qruplaşmaları nəzərə alsaq, Novruz Məmmədov keçid dövrünün Baş naziri ola bilər:

“Görünür, Artur müəllim getməyə fürsət axtarırmış, Novruz Məmmədovu da ona görə təyin ediblər ki, Baş nazir vəzifəsi boş qalmasın. Qruplar arasındakı mübarizənin qalibi onu bir müddətdən sonra başqası ilə əvəzləyə də bilər”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Amma iqtisadçı bu təyinatı uğursuz hesab edir:

“Bu təyinatı həm də əvvəlki iqtisadi siyasətin davam edəcəyinin bəyan edilməsi kimi qiymətləndirirəm. 21 aprel sərəncamı ilə dövlət başçısı Nazirlər Kabinetinin əhəmiyyətini daha da aşağı saldı və Baş nazir postunun həmişə nominal olacağına fərman verdi. Prezident bu təyinatla bir daha göstərdi ki, ölkədə islahatlar aparmağa, çevik və işlək hökumət qurmağa siyasi iradəsi çatmır. Təyinat islahatlarla bağlı gözləntilərin dəfnidir. İslahatçı Baş nazir ölkədəki dəyişikliklər proqramına malik və onun aparılmasının məsuliyyətini üzərinə götürə bilən proqressiv və müstəqil şəxs olmalıdır. Novruz Məmmədov islahat aparmaq üçün nə təşkilati qabiliyyətə, nə təsərrüfatçılıq bacarığına, nə də ki, peşəkar iqtisadi biliklərə malik deyil”.

Kremlin razılığı olmadan güc nazirliklərinin əvəzlənməsi gözlənilmirdi

Qubad İbadoğlu Nazirlər Kabinetinin yeni tərkibi barədə deyib ki, ilk siyahı üzrə təsdiq olunan nazirliklərlə və dövlət komitələrinin rəhbərlərinin təyinatı ilə bağlı qruplar arasında fikir ayrılığı olmayıb:

“Onlar arasında yer alan güc nazirliklərinə gəlincə, Kremlin razılığı olmadan onsuz da onların əvəzlənməsi gözlənilmirdi. Səhiyyə, təhsil, gənclər və idman, mədəniyyət, ekologiya və təbii sərvətlər nazirlərinin 1-ci vitse-prezidentin nəzarətində olduğunu nəzərə alsaq, onların təyinatında da yeni isimlərlə rastlaşmaq mümkündür”.

Hazırda oliqarx məmurların menecerlərlə əvəz olunması prosesi gedir

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov 2016-cı il referendumundan sonra Baş nazirin formal bir vəzifə olduğunu xatırladıb, ləğv edilməli olduğunu bildirib:

“Çünki Birinci vitse-prezident postu təsis olunandan sonra Baş nazirə ehtiyac yox idi”.

Rauf Mirqədirov deyir ki, Azərbaycanın son 30 illik tarixində Baş nazir vəzifəsində qeyri-adi insanlar olub, amma ən peşəkarı Ayaz Mütəllibov idi:

“Digərləri qeyri-adilikləri ilə fərqlənib. Bəlkə Artur Rəsizadə peşəkar idi, amma bunu heç kim bilmirdi. Çünki ictimaiyyət onun baş nazir kimi nə iş görməsindən xəbərsiz idi.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Baş nazir Nazirlər Kabinetinin iqtisadi məsələlər üzrə koordinatorudur, amma 22 ilə yaxın Baş nazir olan Artur Rəsizadənin iqtisadi baxışları haqda məlumatım yoxdur və o, əksər vaxtlarda parlamentdə hesabat zamanı özü də danışmırdı. Artur Rəsizadənin mənim yadımda qalan iqtisadi açıqlamalarından biri tərəvəz məhsullarının qiymətinin qalxdığı zaman “duzlu xiyar yeyin” məsləhəti idi”.

Yeni Baş nazir Novruz Məmmədovun AMİP Mərkəzi Şurasının üzvü olduğunu xatırladan Rauf Mirqədirov bildirib ki, o, iqtisadiyyatla əlaqəli insan deyil:

“O, fransız dili müəllimi olub. Bu mənada Novruz Məmmədovun Baş nazir təyin olunması bir qədər təəccüb doğurur və bu vəzifənin zəruri olmamasının göstəricisidir. Yəni Baş nazir vəzifəsi var və bu vəzifəyə az konfliktli, az qıcıq doğuracaq kimisə təyin etmək lazım idi. Güman ki, Novruz Məmmədov bu amillərə görə təyin olunub”.

Nazirlər Kabinetinin yeni tərkibinə gəlincə, siyasi icmalçının sözlərinə görə, hazırda oliqarxlar məmurların menecerlərlə əvəz olunması prosesi gedir:

“Artıq oliqarxlardan imtina prosesi başlayıb və, bu, həm bütün iqtisadiyyatın bir əldə cəmləşməsi ilə nəticələnəcək, həm də hakimiyyət üçün daxili təhlükəni azaldacaq. Məsələ ondadır ki, oliqarxlar yaxşı günün dostudurlar, pis günün yox. Amma yeni gənc nazirlərin necə menecer olması barədə indidən fikir söyləmək çətindir”.

Azərbaycanda Baş nazir olacaq ən sonuncu adam Novruz Məmmədov idi, onu da təyin etdilər

ReAL üzvü Azər Qasımlı da Novruz Məmmədovun Baş nazir təyinatını özü üçün sürpriz sayıb:

“Onsuz da nəyinsə dəyişəcəyi ilə bağlı gözləntim yox idi. Ya Artur Rəsizadənin qalacağını, ya da onun tipində adamın Baş nazir olacağını düşünürdüm. Yəni iddiası və iradəsi olmayan şəxsin baş nazir olacağı məlum idi. Amma Novruz Məmmədovun adı heç ağlıma gəlməmişdi”.

Azər Qasımlı
Azər Qasımlı

Azər Qasımlı hesab edir ki, prezidentin 21 aprel sərəncamı prinsipcə heç nəyi dəyişmədi:

”Birinci, Novruz Məmmədov və yeni kabinet tərkibi Azərbaycan iqtisadiyyatında heç nə edə bilməyəcək. Ümumiyyətlə, Azərbaycanda Baş nazir olacaq ən sonuncu adam Novruz Məmmədov idi, onu da təyin etdilər. İkinci, Nazirlər Kabinetindəki odioz nazirlər və klan üzvləri yerindədirsə, hansı prinsipial dəyişiklikdən danışmaq olar?! Güc nazirliklərində dəyişiklik olmadısa, hakimiyyətdaxili konfiqurasiya da dəyişmədi. Amma bununla belə, Hacıbala Abutalıbovun Bakı şəhər icra başçılığından uzaqlaşdırılması sürpriz idi. Çünki Abutalıbov da zəif iradəsi və iddiasız adamdır. Halbuki, paytaxt icra başçısı çox önəmli vəzifədir və hazırda ən çox maraq bu vəzifəyə yönəlib. Ona görə Abutalıbov kimi adamı orda 18 il saxladılar. Onun Baş nazirin müavini təyin olunması göstərdi ki, hakimiyyətin mütəxəssislərə və gənclərə ehtiyacı yoxdur”.

Ana səhifəAnalitikaQubad İbadoğlu: Prezidentin islahatlar aparmağa siyasi iradəsi çatmır