Hazırda həbsdə olan Meydan TV-nin baş redaktoru Aynur Elgünəş növbəti məqaləsini göndərib:
“Ədliyyə naziri Fərid Əhmədov peşə bayramı ərəfəsində Bakı İstintaq Təcridxanasının (BİT) rəis müavini Cavid Güləliyevi diplomla təltif etdi. Təkcə biz yox, elə özü də əmindir ki, onun fəaliyyətini “yuxarı”dakılar mətbuatdan, ictimai müzakirələrdən oxuyub izləyiblər. Natamamlıq kompleksindən irəli gələn məsələdir, elə bilirlər fərqli fikirli insanların pislədiyi adamlara dəstək verəndə qarşı tərəfə nəsə olur. Halbuki normal dövlətlərdə tərsinədir, ictimai rəy önəm daşıyır.
Diplom gənc rəis müavinini necə qaza gətiribsə, həmişə geyindiyi hərbi formanı ədliyyənin xüsusi kostyumu ilə əvəzləyib. Noyabrın 21-də zorakılığının qiymətləndirilməsini Tibbi-Sanitar Hissədə (TSH) növbəti şousunu göstərməklə qeyd etdi. Özü demiş, yenə ictimai hədəfə alınıb, bu dəfə daha böyük mükafat gözləyir. Xüsusi vurğulamaq yerinə düşər ki, zorbalığı və təhqiri dəyərləndirən nazir də, elə Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayev də ixtisasca hüquqçu, qanun adamlarıdırlar.
S. Rzayev xidmətə yeni təyin olunanda Cavidkimilər sevinirdi ki, məhbusların müdafiəsi dövrü bitdi, indi dövran onlarındır. Guya məhbusları müdafiə edən vardı ki? Sadəcə bu adamlar əvvəl zorakılıq, işgəncə hallarını siyasi məhbusların, xüsusilə jurnalistlərin gözündən iraq yerlərdə edirdilər, indi birbaşa jurnalistlərin özünü hədəfə alırlar ki, yayılma, tanınma effekti daha sürətli olsun. Dünənə qədər fəxr etdikləri söhbətlərdən biri də bu idi: “Mirsaleh müəllim Cavid Güləliyevi öz gəncliyinə bənzədir”. Eh, kreslo, çox namərd şeysən, indi bu fikri heç xatırlamırlar da. İndi Cavid Güləliyevin başqa mövzusu var: “Mən nə Elnur İsmayılovam, nə də Ceyhun Hacıyev. Mən danışmıram heç kimlə, mənimki ancaq zordu”. Belə baxanda haqlıdır, danışmaq qabiliyyət, düşünmək ağıl tələb edir. Gənc müavinin düşünən yeri isə istifadəsizlikdən quruyub. O, həmişə idarə olunur, öz sözləri ilə desək, əmr quludur. Belələri ikinci, üçüncü şəxs olanda fəaliyyətləri daha səmərəli olur, əmr verənin işinə yarayır, yaxşı işçisinə çevrilir. Dərd o gündən ki, bu şəxslər birinci olsunlar. Düşünməyən adamları birinci yerə qoysan, oturduğu yeri elə batırar ki, qoxusundan ona dəyər verənlər də boğular. Yenə də hüquqşünas, ali təhsil müəssisəsində onlarla gəncə qanundan, dəyərlərdən danışan nazir daha yaxşısını bilər. Əgər hər kəsin tənqid etdiyi adamlar mükafatlandırılırsa, o zaman Fərid Əhmədovla Sahib Rzayevi BİT-dəki digər “bacarıq” sahiblərinin bir neçəsi ilə də tanış edim.
Başlayaq BİT rəisinin digər müavini Ceyhun Hacıyevdən. Adam pensiya yaşını haqlayıb, hələ də bacarıqları dəyərini tapmayıb. Belə baxanda xarici görünüşcə Cavid Güləliyevdən az yaraşıqlı deyil. Burada olduğum 2 il ərzində müəssisədə ondan cüssəli, boylu-buxunlu adam görməmişəm. Hələ bir babacan danışması, güvən verən tərzi var, elə bilərsən ağzından çıxan hər kəlməsinin sahibidir, heç vaxt kimisə incitməz. Təbii, bunlar görüntüdür, indi sözü ilə möhürlü sənəd arasında fərq qoymamaq hər adamın hünəri deyil. Əsas odur bu aldadıcı təsiri bağışlayacaq istedadın, bacarığın olsun.
Bizi məhkəmələrə o yola salır. Onun adını ictimaiyyət sonuncu dəfə Nurlan Librenin dilindən eşidib. Jurnalistin kamerasını “şmon” edib şəxsi yazışmalarını, qələmini belə götürən adamdır. Bu, hələ səsini çatdıra biləcək birinə ediləndir. Onlarla kişi məhbus var ki, Ceyhun Hacıyevin Cavid Güləliyevi üstələyən qəddar yanına şahiddir. Məhkəmə “boks”ları (məhbusların gözləmə kameraları) maraqlı yerdir, hər kəs haqda məlumat ala bilirsən. Məhbuslar deyir ki, Cavid Güləliyev fəndgir deyil, ancaq söyür, döyür. Üstəlik son vaxtlar çox alkoqol qəbul etməsi sinirlərini pozub, psixoloji problemləri yaranıb. Ceyhun Hacıyev isə məhbusu kriminal aləmdə “sındırılma” kimi qəbul edilən üsullarla hədələyir, bu yöndə tapşırıqlar verir. Yəni daha əzazil və təhlükəlidir. Görünür illəri boş yerə yola verməyib. Pambıqla baş kəsib, sonra da yaxşı adam kimi qalmaq hər kişinin bacardığı iş deyil. Heç olmasa formasıyla vidalaşmadan bu xüsusiyyətlərini qiymətləndirsələr, narazı getməz. Nazirin imzası olan bir diplomu da o haqq edir.
BİT-dəki çox nadir nüsxələrdən biri də axtarış-götürülmə, yəni “şmon” işinə baxan Dəyanət adlı şəxsdir. Penitensiar Xidmətin rəisinin onu da tanıması vacibdir. Adam zorbalıq, söyüşcüllükdə Cavid Güləliyevdən heç də geri qalmır. Yox, o müavinlər kimi xarici görünüşü ilə diqqət çəkmir. Daha çox oynadılmaqdan qaralmış loto daşına bənzəyir. Hətta bəzən heç varlığına əhəmiyyət vermirsən. Belə adamlar görməzlikdən daha çox yararlanırlar, kölgədə sürünənlərdəndilər. Məsələn, xatirinizdə olar, bu ilin əvvəlində müğənnilər Manaf Ağayevlə Rəqsanə İsmayılova arasında narazılıq oldu. M.Ağayev dedi ki, BİT-dəki bir tanış əməkdaşa 500 manat verib ki, Rəqsanəyə çatdırsın, yaxud ona bazarlıq etsin. Nəinki məbləğ, bazarlıq Rəqsanəyə çatıb, heç bu barədə ona məlumat da verilməyib. O məbləği həzmdən keçirən, Manafın tanışı əməkdaş məhz Dəyanətdir. Üstü açılanda başqalarını işə qatmaqla yaxasını qurtara bilib.
Dəyanətin acgözlüyü bununla bitmir. Məhbuslar deyir ki, onlara məxsus əşyaları özünə götürmək istəyir, verməyəni döyür. Hətta tanıdığımız məhbuslardan biri ilə belə davranıb. Yəni, adam hərtərəfli işə yarayan tiplərdəndir. Düzdür hansı ağıla sahib olduğuna bələd deyiləm, o qədər də aşağı əyilə bilmirəm, ünsiyyət üzvünün adını ağzında gəzdirən adamlarla ünsiyyətə girmirəm. Yenə də əminəm ki, o diploma layiq əməkdaşlardandır.
Məndən hələlik bu qədər. Yazdıqlarım işə yarasa, bu adamlar mükafatlandırılsa, digər namizədlərdən də söz açacam.”.
Aynur Elgünəş, məhbəsdən