Bu gün, oktyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesə hakim Vüqar Seyidov sədrlik edib.
Vəkil məhkəməyə Bəşir Süleymanlının yanında əyləşməsi barədə vəsatət təqdim edib.
Hakim vəsatəti təmin edib.
Daha sonra bu iş üzrə təqsirləndirilən Bəşir Süleymanlının anket məlumatları dəqiqləşdirilib.
Bəşir Süleymanlı vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə 2025-ci ilin martında qeyri-hökumət təşkilatlarına (QHT) qarşı başlanmış cinayət işi çərçivəsində həbs edilib.
Onlara cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülüb.
Sentyabrın 3-də QHT-lərlə bağlı cinayət işi üzrə təqsirləndirilənlərin ittihamları ağırlaşdırılıb. Onlara qarşı 193-1.2.2 (cinayət yolu ilə əldə edilmişəmlakı leqallaşdırma, təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə ), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
“QHT işi” üzrə təqsirləndirilən şəxs Bəşir Süleymanlı və vəkili Elçin Sadıqov məhkəməyə vəsatət verərək cinayət işinə xitam verilməsini tələb edib.
Dövlət ittihamçısı vəsatətin tələb edilməməsini tələb edib.
Hakim müşavirədən sonra vəsatəti təmin edilməmiş saxlayıb və cinayət işinin məhkəmə baxışına verilməsinə qərar verib.
Növbəti məhkəmə prosesi oktyabrın 23-nə təyin olunub.