Baş Prokurorluğun İstintaq İdarəsində açılmış yerli və beynəlxalq “QHT işi” üzrə bir neçə vətəndaş cəmiyyəti fəalının yaxın günlərdə məhkəməsi başlayır.
İstintaqın yekunlaşdığı şəxslər arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova var. Onların işləri artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda Bəşir Süleymanlı həbsdədir. Digər iki fəal – Qalib Bayramov və Nərgiz Muxtarovanın isə barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib.
"QHT işi" üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt B.Süleymanlı ilə yanaşı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) da həbs olunub. Apreldə daha üç nəfər - ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.
Onlara qarşı 193-1.2.2 (cinayət yolu ilə əldə edilmişəmlakı leqallaşdırma, təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə ), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
QHT-lərlə bağlı cinayət işi üzrə istintaqa 100-dən artıq şəxs cəlb olunub. Onların arasında qrant vermiş beynəlxalq donor təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları da var. Bundan əlavə, hökumətyönlü QHT rəhbərlərindən bir neçəsinin də istintaqa cəlb edilənlər sırasında olduğu bildirilir.
İstintaq dövrü üçün vətəndaş cəmiyyətinin xeyli sayda fəalı haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.
Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib.
Oktyabrın 8-də Qalib Bayramovun, oktyabrın 9-da Bəşir Süleymanlının işi üzrə hazırlıq iclası keçiriləcək. Nərgiz Muxtarovanın işi üzrə ilkin dinləmə isə oktyabrın 13-nə təyin olunub.