“Qarabağ məsələsi güneylilərin İrana bağlılığında dönüş nöqtəsi idi”

İranda rəsmi olaraq Azərbaycan məsələsi ilə bağlı təşkilat qurmağa izn verilmir.

Source: Specify Source


Azərbaycana dəstək aksiyasında 18 nəfər saxlanılıb


ABŞ-nin Vaşinqton Universitetinin Sosiologiya üzrə doktorantı, ictimai fəal Ramin Cabbarlı Meydan TV-nin son günlər İran İslam Respublikasında azərbaycanlı fəalların təzyiqə məruz qalması ilə bağlı suallarını cavablandırıb.



– Ramin bəy, ötən bir həftədə İran İslam Respublikasında ən azı 18 güneyli fəalın həbs edilməsi barədə məlumat yayılıb. Fəalların həbslərinin səbəbi nədir?

– Doğrudur, 16 iyuldan etibarən artıq ən azı 18 güneyli milli fəal saxlanılıb. Bu fəalların 15-i Təbriz, Tehran və Urmu şəhərlərində Azərbaycana dəstək aksiyasında iştirak etdikləri üçün saxlanılıb. Onların hamısının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmasa da, bəzilərinin kimliyini öyrəndik. Təbriz şəhərində Həkimə Əhmədi, Yasəmin Zəfəri, Rəsul Rəzəvi, Rəhim Sasani, Sədullah Sasani və Məqsud Fəzli adlı fəallar Təbrizdəki Azərbaycan konsulluğunun qarşısında saxlanılıblar. Urmu şəhərində saxlanılanlar isə Şiva Mücərəd, Səyid Behnəmun, Səhənd Behnəmun, Salar Tahir Əfşar və Fərid Xorşidi adlı fəallardır. Fərid Xorşidi və Salar Tahir Əfşarı 21 iyulda zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar. Tehranda aksiya Ermənistan səfirliyinin qarşısına təyin olunmuşdu və bu aksiyada Hadi Əlişi, Həmid Cabbarlı, Hüseyn Şəhidi və Yəqub Məcidi saxlanılaraq Evin həbsxanasına aparılıb. Hazırda Tehranda həbs olunanlardan Həmid Cabbarlı hələ də Evin həbsxanasındakı “Ettellat”ın nəzarətində olan kameraların birində saxlanılır. Dəqiq məlumat öyrənmək mümkün olmasa da, Təbrizdə saxlanılanların şəhər həbsxanasına köçürüldüklərinə dair xəbərlər yayılır.

3 digər azərbaycanlı fəal Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Nadarlı da iyulun 21-də Tehranda saxlanılaraq Evin həbsxanasına göndəriliblər. Onlar digər siyasi fəal Əkbər Azadla birgə 2013-cü ildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə qurulmuş mərasimdə iştirak etdikləri üçün 2 il həbs və 2 il sürgünə məhkum edilmişdilər. O üzdən saxlanılmaları hökmün icrası ilə bağlı olmalıdır.



– Həbs olunan fəallar hansısa təşkilat üzvüdürlərmi?

– İranda rəsmi olaraq Azərbaycan məsələsi ilə bağlı təşkilat qurmağa izn verilmir. Rəsmi qeydiyyatdan keçməmiş təşkilata üzv olmaq da çox ağır cəzalarla nəticələnir. O üzdən də saxlanılanlar arasında təşkilatlanma gizli mümkün ola bilər. Bu risklərə fəallar daha çox təşkilat qurmadan, işbirliyi ilə gedirlər. Təbii ki, gizli şəkildə təşkilat üzvü olanlar da olur.



– Həbs olunanlara qarşı rəftar necədir, onlara fiziki təzyiq olurmu?

– Onlara qarşı münasibət adətən yaxşı olmur. Misal üçün, Əlirza Fərşi və Behnam Şeyxi Tehranda həbs ediləndə məmurlardan saxlanma üçün rəsmi sənəd tələb etdikləri üçün döyülüblər. Saxlananların hamısı ilə necə davranıldığını hələ bilmirik. Çünki xəbər almaq mümkün olmur. Qardaşım Həmid Cabbarlıya ilk günlər sadəcə bir neçə saniyəlik zəng etmək izni verildi. Telefonda ana dilində danışmağa başladığı üçün yanında məmur dərhal telefonu kəsmişdi. Neçə gün sonra zəng edəndə onu İŞID üzvləri ilə eyni kamerada saxladıqlarını öyrəndik. Yəni dinc aksiya keçirmək istəyən vətəndaşla terrorda ittiham olunan insanı eyni kamerada saxlayırlar.



– Azərbaycanlılara təzyiqlər daha çox hansı bölgələrdə olur?

– Üst-üstə təzyiq bütün bölgələrdə olur. Bəzən kiçik şəhərlərdə təzyiqlər daha çox olur. Bu da kiçik şəhərdəki məmurların bəlkə daha az siyasi ittihamla saxlanılan insanları görmələri ilə bağlıdır. Böyük şəhərlərin “Ettelaat” məmurları fərqli siyasi cərəyanlara bağlı olan insanlardan tutmuş terror qruplarının üzvlərinə qədər görə bilər. Onlar bəlkə bu qrupların arasındakı fərqi anladıqları üçün hamısına eyni dərəcədə təzyiq etmirlər. Kiçik şəhərlərdə isə təcrübəsiz məmurlar uğurlarını təzyiqi artırmaqda görə bilər.




İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsin pozmasından sonra azərbaycanlı fəalların etirazına Tehran hakimiyyətinin sərt davranacağı gözlənilirdimi?

– Gözlənilirdi. Tehran hər zaman bu məsələlərdə sərt davranıb. Tehran İrandakı azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yürütdüyü üçün onların iranlılıq kimliyi ilə inteqrasiyasına nail ola bilmədiyini anlayır. Azərbaycan insanına öz kimliyini unutdurub, assimilyasiya da etdirə bilməyib. Bu yöndə “uğurları” cüzidir. Bütün bunlar bir ölkə üçün riskli vəziyyətdir. Ölkənin insanlarının önəmli bir qismi ayrı-seçkiliyə məruz qalmış kimliyi ilə qürur duymağa başlayanda bu onların siyasi davranışını dəyişər. Azərbaycanın müstəqilliyinin bərpası güneyə belə bir təsir göstərdi. Başqa tərəfdən İranın Qarabağ məsələsində Ermənistana dəstəyi də güneylilərin İrana bağlılığını azaltmağa başladı. Təsəvvür edin, İranın İslam təbliğatına uyub vətən bildikləri ölkə uğrunda 8 il boyunca İran-İraq müharibəsində şəhidlər verən güneylilər İranın Qarabağ siyasətindən necə razı qala bilər?! Əslində, güneydə Azərbaycan Milli Hərəkatının aktivləşməsi elə bu dönəmdən başladı. Qarabağ məsələsi güneylilərin İrana bağlılığında dönüş nöqtəsi idi. Ümid edirəm, Azərbaycan Respublikasında İrana inanan dindarlar da İran hakimiyyətinin dinlə pərdələməyə çalışdığı bu siyasətini anlayıblar. Heç bir məsələ Qarabağ məsələsi kimi onların mahiyyətini ifşa etmir.

Tehran hakimiyyəti Azərbaycana dəstək mitinqinin arxasında olan bütün kimlik məsələlərini və onun siyasi nəticələrini bildiyi üçün hər zaman sərt davranır.



– İran parlamentində azərbaycanlı deputatlar olaylara münasibət sərgiləyiblərmi?

– Deməli, İranda deputat olmaq istəyənlərin səlahiyyətlərini öncə hakimiyyət təyin etməlidir. Ondan sonra xalq da öncədən seçilmiş insanların arasında kimisə seçmək haqqına malikdir. Yəni demokratik bir proses yoxdur. Bununla belə, hakimiyyət tərəfindən seçilmiş şəxslərin arasında rəqabət olur deyə onlar da xalqın rəğbətini qazanmaq üçün istər ana dili məsələsi, istər Qarabağ haqqında çıxışlar edərlər. Son günlərdə bir sıra deputat bu məsələ ilə bağlı fikir söyləyib, amma saxlanılanlar haqqında hər hansı bir söz deməyiblər.

Ana səhifəSiyasət“Qarabağ məsələsi güneylilərin İrana bağlılığında dönüş nöqtəsi idi”