Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin müəssisə rəhbərliyi tərəfindən hədələndiyi bildirilir.
Bu barədə Meydan TV-yə Mustafayevin yaxınları məlumat verib.
Onların sözlərinə görə, Elvin Mustafayev ictimai fəal Tofiq Yaqublunun səhhəti ilə bağlı problemlərə göstərilən münasibətə etiraz etdikdən sonra müəssisənin rejim rəisi Samit Qafarov onu yeni cinayət işi açmaqla hədələyib.
Yaxınları bildirir ki, Mustafayev bundan əvvəl də müəssisədə zorakılığa məruz qaldığını deyib. Onların sözlərinə görə, bununla bağlı şikayət edilsə də, Ombudsman Aparatının əməkdaşları hələ də onunla görüşməyib.
Elvin Mustafayev cəzasının çəkilməmiş hissəsinin şərti hesab olunması ilə bağlı müraciətinə görə Bakı İstintaq Təcridxanasına köçürülməli idi. Yaxınlarının dediyinə görə, köçürülmədən əvvəl müəssisə rəhbərliyi ondan saqqalını qırxmağı tələb edib. Mustafayev bu tələbin qanunsuz olduğunu bildirərək etiraz etdikdən sonra zorakılığa məruz qalıb.
Ailə üzvlərinin iddiasına görə, müəssisənin təxminən 10 əməkdaşı, o cümlədən rəis müavini, polkovnik-leytenant Emin adlı şəxs, kapitan Elnur Zeynalov, mayor Tural adlı əməkdaş və serjant rütbəli digər şəxslər ona qarşı fiziki zorakılıq göstərib.
Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə – narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Mustafayev ittihamı qəbul etmir. O, narkotik maddənin üzərinə qoyulduğunu və həbsinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci ildə Azərbaycanda işçi hüquqlarının müdafiəsi məqsədilə yaradılıb. Təşkilatın bir neçə üzvü müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunub.
Hazırda “İşçi Masası”nın sədri Afiəddin Məmmədov, üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov həbsdədir. Onların hər biri fərqli ittihamlarla mühakimə edilsə də, özlərini təqsirli bilmirlər və ittihamların siyasi motivli olduğunu deyirlər.