İyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə keçirilən məhkəmə prosesi növbəti dəfə naməlum tarixə təxirə salınıb.
Sonuncu dəfə “Meydan TV işi” üzrə məhkəmə prosesi aprelin 13-də keçirilib. Daha sonra keçirilən məhkəmələri hakimlər müxtəlif səbəblərdən təxirə salıblar.
Mayın 22-də “Meydan TV işi” üzrə keçirilən məhkəmə prosesində isə bu iş üzrə həbsdə olan jurnalist Xəyalə Ağayeva sərbəst ifadəsində Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin adını çəkdikdən sonra hakimlər tərəfindən çıxışı bir neçə dəfə kəsilib. Hakimlər jurnalistin ifadəsini tamamlamağa icazə verməyiblər və məhkəmə zalını tərk ediblər.
Bundan sonra jurnalistlər “Qorxaqlar” deyə şüar səsləndiriblər və növbəti dəfə ifadələri yarımçıq kəsiləcəyi halda “quru aclığa” başlayacaqlarını bəyan ediblər.
Bu arada, “Meydan TV işi” üzrə məhkəmə prosesinə sədrlik edən hakim Aytən Əliyeva mayın 26-da Bakı Apellyasiya məhkəməsinə hakim təyin edilib.
Məhkəmənin təxirə salınmasını Meydan TV-yə şərh edən vəkil Rövşanə Rəhimli deyir ki, buna səbəb işə yeni hakimin təyin edilməməsidir.
“Çıxışları kəsmək ifadə azadlığına müdaxilədir”
Hüquqşünas Ruslan Əliyev bildirib ki, yeni təyin olunan hakim işlə tanış olmaq üçün vaxt götürə bilər. Lakin bu o demək deyil ki, bütün prosessual hərəkətlər sırf onun iştirakı ilə təkrar keçirilməlidir. O bildirib ki, praktikada və qanunda da adətən başqa vəzifəyə keçən hakimin icraatındakı işləri bitirməsini gözləmək üçün şərait yaradılır. Böyük işlərdə isə bunu gözləməyə bilirlər.
Ruslan Əliyev deyir ki, siyasi işlərdə təqsirləndirilən şəxslərin çıxışlarının kəsilməsi hallarına tez-tez rast gəlinir:
“Çıxışları kəsmək siyasi işlərdə rast gəlinən haldır. Adətən hakimlər mahiyyətindən yayınmaq adı altında çıxışçılara çəmkirir, lakin bu təkcə prosedur hüququn pozuntusu deyil, həm də, ifadə azadlığına müdaxilədir”.
“Prosesə yenidən başlanıla bilər”
Vəkil Cavad Cavadov isə bildirir ki, məhkəmə üzrə heyətdə iştirak edən hər üç hakim dəyişərsə işə yenidən baxıla bilər.
“Məhkəməyə yeni hakim təyin olunmalıdır, icraat yenilənməlidir. Məhkəmənin yenidən başlanılması proses iştirakçılarından soruşulmalıdır. Etirazları olmasa məhkəmə qaldığı yerdən davam edəcək. Lakin məhkəmənin bütün tərkibi dəyişərsə prosesə yenidən başlanıla bilər”, – deyə Cavadov qeyd edib.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra digər jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.