Azərbaycan hökuməti turizm sektorunun inkişafını prioritet istiqamət kimi göstərsə də, ölkəmizə gələn əcnəbi turistlərin sayı kəskin azalıb.
Dövlət Turizm Agentliyinin xarici televiziya kanallarında və bloqerlər vasitəsilə Azərbaycanın təbliği üçün milyonlarla manat vəsait xərcləməsinə baxmayaraq, statistika göstərir ki, bu strategiya ölkəmizə olan marağın artmasına səbəb olmayıb. Əksinə, bu vəsaitlər dövlət büdcəsi xərclərinin səmərəsiz şəkildə israf olunmasına gətirib çıxarır.
Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-aprel ayları üzrə məlumatına görə, Azərbaycana turizm məqsədilə səfər etmiş əcnəbilərin sayı 418,2 min nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 76,5 min nəfər və ya 15,5 faiz azdır.
Turistlər cari ilin 4 ayında ölkəmizdə 697 milyon manat xərcləyiblər. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz azalma deməkdir. Belə ki, ötən ilin eyni dövründə əcnəbilərin Azərbaycanda xərclədikləri vəsait 903 milyon manat təşkil edib. Bu göstəricilərə görə, Azərbaycan qonşu Gürcüstandan dəfələrlə geridə qalır.
Azərbaycana ən çox turist kimi gələn ölkələr Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstan olub.
Hindistan, Pakistan və Körfəz ölkələri ilk onluqda yer alsalar da, həmin ölkələrdən gələn turistlərin sayında ciddi azalma müşahidə olunur.
Belə ki, yanvar-aprel aylarında ən kəskin azalma Hindistan üzrə qeydə alınıb. Dörd ay ərzində bu ölkədən turist kimi gələnlərin sayı təxminən 76 faiz azalaraq 18 min nəfərə düşüb.
Rusiyadan gələn turistlərin sayı 1,2 faiz azalaraq 131,6 min nəfər təşkil edib. Pakistandan gələnlərin sayı isə 14 faiz və ya 2,6 min nəfər azalaraq 16 min nəfərə enib.
Səudiyyə Ərəbistanından gələn turistlərin sayı 27,3 faiz azalaraq 13 min nəfər olub. Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə daha kəskin azalma qeydə alınıb. Belə ki, ötən ilin müvafiq dövründə 15,7 min nəfər səfər etdiyi halda, turistlərin sayı 70,7 faiz azalaraq bu ilin ilk dörd ayında 4,6 min nəfərə düşüb.
Maraqlıdır ki, Orta Asiya ölkələrindən gələnlərin sayında artım müşahidə olunur. Məsələn, Özbəkistandan səfər edənlərin sayı 51 faiz artıb.
Bu ilin ilk dörd ayında Azərbaycana işgüzar məqsədlə gələnlərin sayı 103,6 min nəfər təşkil edib ki, bu da ümumi turist axınının 24,8 faizinə bərabərdir.
Maraqlı məqamlardan biri də odur ki, yanvar-aprel aylarında 1113 turist Azərbaycana mağazalara baş çəkməyə gəlib.
Müalicə məqsədilə gələnlərin sayı isə 5 min nəfər olub.
Turistlərin 56,2 faizi və ya 235 min nəfəri istirahət və əyləncə məqsədilə, 61,3 min nəfəri və ya 15 faizi isə qohum və dostlarını ziyarət etmək üçün Azərbaycana gəlib.
Onların ölkəmizdə ən çox vəsait xərclədikləri sahə nəqliyyat olub. Belə ki, əcnəbilərin ümumi xərclərinin 45,6 faizi və ya 317,9 milyon manatı nəqliyyat xidmətlərinə yönəlib.
Yerləşmə və qidalanma xərcləri isə demək olar ki, eyni səviyyədə olub. Ümumi xərclərin 19 faizi yerləşməyə, 18,1 faizi isə qidalanmaya sərf edilib.
4 ayda hər turist nə qədər xərcləyib?
Ümumilikdə, bu ilin ilk dörd ayında Azərbaycana gələn hər bir turist orta hesabla 1665 manat xərcləyib.
Adambaşına düşən xərc göstəricisinə görə ən çox pul xərcləyənlər ABŞ və Kanada vətəndaşları olub. Belə ki, ABŞ vətəndaşları orta hesabla 2404 manat, Kanada vətəndaşları isə 2267 manat xərcləyiblər.
Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən gələn turistlərin adambaşına düşən xərcləri isə yanvar-aprel aylarında 2100-2240 manat arasında dəyişib.
Hindistan vətəndaşları həm say, həm də adambaşına düşən xərc baxımından ən gəlirli turistlərdən biri hesab oluna bilər. Bu ölkədən gələn turistlərin adambaşına düşən orta xərci 2219 manat təşkil edib.
Qeyd edək ki, yüksək xərclərin əsas səbəblərindən biri nəqliyyat xidmətlərinin, xüsusilə də aviabiletlərin baha olmasıdır. Uzaq məsafədən gələn turistlər xərclərinin böyük hissəsini məhz təyyarə biletlərinə sərf edirlər.
Bu baxımdan, qonşu ölkələrdən gələn turistlərin xərcləri daha aşağı olub. Belə ki, Rusiyadan gələn turistlər adambaşına orta hesabla 1574 manat, Türkiyədən gələnlər isə 1447 manat xərcləyiblər.
Gürcüstandan gələn turistlərin orta xərci 1240 manat, Türkmənistandan gələnlərin isə 1191 manat olub.