Prokurorluq Tofiq Yaqublunun işgəncə şikayəti ilə bağlı qərarını gecikdirir

Foto: Meydan TV

Vəkil: “Əgər rədd qərarı olarsa, bu halda, onun ləğvi üçün məhkəməyə şikayət veriləcək”

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işgəncə şikayətilə prokurorluğa müraciətindən 1 aydan çox vaxt keçir. Bu məsələ ilə bağlı cinayət işinin başlanması, siyasi fəalın şikayətçi olduğu polislərin cəzalandırılması, yaxud da şikayətin əsassız olması arqumentiylə prokurorluğun cinayət işi başlamaqdan imtina etməsi haqda heç bir xəbər yoxdur.

Siyasi fəalın vəkili Nemət Kərimli Meydan TV-yə bildirib ki, qanunvericilikdə bu cür hallarla bağlı uzağı 1 aylıq müddət müəyyənləşdirilib. Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsində yazılıb ki, əgər ekspert rəyinin alınması zərurəti varsa, bu halda, maksimum 30 gün ərzində cinayət işinin başlanması üçün kifayət qədər əsas olmasıyla bağlı ilkin yoxlama aparılmalıdır. Yoxlamanın nəticəsindən asılı olaraq, cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul edilməlidir.

Tofiq Yaqublu dekabrın 1-də həbsdə aclıq edən Saleh Rüstəmlinin azadlığa buraxılması tələbilə Bakıda keçirilən etiraz aksiyası zamanı Fəvvarələr Meydanında polislər tərəfindən saxlanılıb. Axşam saat 7 radələrində o, Qaradağ rayonu, Ələt qəsəbəsində tapılıb. Onun üzündə, xüsusən gözlərinin ətrafında, baş nahiyəsində, bədəninin müxtəlif hissələrində gözlə görünən xəsarət izləri olub. Tofiq Yaqublu bildirib ki, onu polislər işgəncə ilə həmin vəziyyətə salıb, gətirib orada atıb gediblər.

Vəkil Nemət Kərimli
Foto: Nemət Kərimlinin şəxsi arxivindən

Siyasi fəalın vəkili dekabrın 2-də prokurorluğa şikayət edib. Dekabrın 3-də isə o, müdafiəçisi ilə birlikdə Səbail Rayon Prokurorluğunda dindirilib, hadisə yerinə baxış keçirilib.

Vəkil deyir ki, Tofiq Yaqublu prokurorluğun qərarıyla ekspertizadan da keçirilib. Müdafiəçi eyni zamanda, Tofiq Yaqublunun Fəvvarələr meydanında saxlanılıb 39-cu polis bölməsinə aparılması, oradan nə vaxt, hansı vəziyyətdə çıxması, ondan sonrakı hərəkət trayektoriyasının müəyyənləşdirilməsi üçün həm polis bölməsinin daxilində və qarşısındakı, həm də paytaxtın həmin ərazisindəki “Təhlükəsiz şəhər” kameralarının videogörüntülərinin əldə edilməsi barədə vəsatət verib: “Vəsatətimiz təmin olunub. Bu da o deməkdir ki, prokurorluq o görüntülərin əldə olunması üçün sorğu verib, onları əldə etməlidir. Nəticə barədə məlumatımız yoxdur”.

Nemət Kərimli vurğulayıb ki, 1 aylıq müddət başa çatdığına görə prokurorluq onlara iki qərardan birini təqdim etməlidir: ya cinayət işi başlanması, ya da cinayət işi başlanmasının rədd edilməsi haqda qərarı. Müdafiəçi əlavə edib ki, əgər rədd qərarı olarsa, bu halda, onun ləğvi üçün məhkəməyə şikayət veriləcək.

Tofiq Yaqublu Meydan TV-yə bildirib ki, prokurorluğun ədalətli qərar qəbul edib, onu döyən polisləri cəzalandıracağını gözləmir:

“Aydın məsələdir ki, polisləri cəzalandıran deyillər və rədd qərarı çıxaracaqlar. Çünki obyektiv araşdırma aparıb, ədalətli qərar qəbul etmək üçün iradə olmalıdır. Bu da qorxaq, miskin adamların işi deyil. Əgər o polislər Tofiq Yaqubluya özbaşına işgəncə vermiş olsaydılar, onları çoxdan cəzalandırardılar ki, nüfuzumuza zərbə vurdunuz. Aydın məsələdir ki, bu, xüsusi göstəriş əsasında həyata keçirilib. Korrpsioner, qeyri-legitim hakimiyyəti qorumaq üçün hər cür cinayət və qanunsuzluqlara əl atan adamlardan obyektivlik, ədalət gözləməyə dəyməz”.

Tofiq Yaqublu əlavə edib ki, cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarılsa, öncə yerli məhkəmələrə, müsbət nəticə olmasa, Avropa Məhkəməsinə müraciət edəcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyi Tofiq Yaqublunun polislər tərəfindən işgəncəyə məruz qalması haqda iddiaları təkzib edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev hadisədən sonra verdiyi açıqlamada bildirib ki, siyasi fəalın polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: “Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”.

Hadisədən təxminən iki həftə sonra “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının rəhbərliyinin daxili işlər naziri Vilayət Eyvazovla görüşündə də bu məsələ müzakirə olunub. Təşkilatın nümayəndəsi Zaur Əkbər Meydan TV-yə bildirib ki, nazir Tofiq Yaqublunun polislər tərəfindən o duruma salınmasını istisna edib.

Ana səhifəSiyasətProkurorluq Tofiq Yaqublunun işgəncə şikayəti ilə bağlı qərarını gecikdirir