İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti TRIPP layihəsi ilə bağlı sərt xəbərdarlıq edib. O bildirib ki, Tehran Cənubi Qafqazda özünün müəyyənləşdirdiyi “qırmızı xətlərin” keçilməsinə imkan verməyəcək.
Vilayəti bu barədə noyabrın 5-də İranın “İttilaat” qəzetində dərc olunan “Baş nazirə açıq və səmimi müraciət” başlıqlı məqaləsində yazıb.
Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasətini tənqid edən İran rəsmisi onu ölkəsinin maraqlarına zidd addımlar atmaqda və Qərbdən asılılığı artırmaqda ittiham edib.
Vilayətinin sözlərinə görə, Paşinyanın son dövrlərdəki siyasəti Ermənistan üçün problemlər yaradır. O, xüsusilə Fransa, ABŞ və Böyük Britaniyanın siyasətinə yaxınlaşmanın Cənubi Qafqazda yeni gərginliklərə səbəb ola biləcəyini iddia edib.
İran rəsmisinin əsas etirazı Azərbaycanı Naxçıvanla Ermənistan ərazisindən birləşdirməyi nəzərdə tutan, ABŞ Prezidenti Donald Trampın adı ilə bağlı TRIPP layihəsinə yönəlib.
Vilayəti Paşinyanın bu layihəni dəstəkləməsini düşünülməmiş addım adlandırıb.
O, Ermənistan xarici işlər nazirinin müavini və ölkənin Tehrandakı səfiri ilə ayrı-ayrılıqda görüşərək İranın mövqeyini çatdırdığını bildirib.
“İran Rusiya ilə birlikdə və ya Rusiyasız Cənubi Qafqazın təhlükəsizliyinin qorunmasını öz məsuliyyəti hesab edir”, – deyə Vilayəti yazıb.
Keçmiş nazir Qafqazı tarixi baxımdan İranın təhlükəsizlik buferi kimi təqdim edib.
“Böyük Kirin dövründən bəri Qafqaz Dağıstanın Dərbəndinə qədər İranın təhlükəsizlik buferi olub”.
Vilayəti Türkmənçay müqaviləsi ilə Qafqazı təhdid edib.
“Türkmənçay müqaviləsinin imzalanması ilə nəticələnən İkinci Rusiya-İran müharibəsində Ermənistan İrandan ayrılaraq Rusiyanın tərkibinə daxil oldu”.
Onun sözlərinə görə, Tehran Rusiyanın Ukraynada müharibə aparmasını regiondakı mövqeyinin zəifləməsi kimi qiymətləndirənlərin yanlış hesablamalara yol verməsinə imkan verməyəcək.
Vilayəti 2022-ci ildə Tehranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüşləri də xatırladıb. Onun bildirdiyinə görə, İranın mərhum ali rəhbəri Əli Xamneyi həmin görüşlərdə Zəngəzur dəhlizinin yaradılmasına qarşı olduğunu açıq şəkildə ifadə edib.
İran rəsmisi Xamneyinin xarici siyasətlə bağlı müəyyən etdiyi strateji mövqelərin Tehran üçün dəyişməz olduğunu vurğulayıb.
“Ermənistan səfirinə açıq şəkildə dedim ki, Tramp və onun müttəfiqləri İranın bu qırmızı xəttini keçmək istəsələr, onların ayaqlarını qıracağıq”, – Vilayəti yazıb.
O, Ermənistan parlamentinin TRIPP layihəsinə dair sazişi təsdiqləməsini də tənqid edərək, bu addımın erməni xalqının maraqlarına uyğun olmadığını iddia edib.
Oktyabrın 28-də Ermənistan parlamenti ABŞ ilə TRIPP layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini 63 lehinə, 32 əleyhinə səslə ratifikasiya edib.
Layihə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistanın Sünik bölgəsindən keçən nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur.
Ermənistan hökuməti layihənin ölkənin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçiriləcəyini, marşrut üzərində yurisdiksiyanın Ermənistanda qalacağını bildirir.
TRIPP layihəsinin əsası 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə etdikləri razılaşmalar çərçivəsində qoyulub.